Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin Azərbaycan dilinə yüksək diqqət və qayğısını ana dilimizin saflığını qorumaqla cavablandırmalıyıq

Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir.

Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərin qürur və sevinci­ni yaşadığımız günlərdə – 5 yanvar 2021-ci ildə Azərbaycan Respublikası­nın Prezidenti cənab İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri vəzifəsinə təyin etməsi münasibətilə videoformat­da qəbul edərkən Azərbaycan dilinin dövlət statusunun ən yüksək səviyyədə təmin edilməsi ilə bağlı səsləndirdiyi ali tələbkarlıq bütün cəmiyyəti ana dilimizə yüksək sayğı ilə yanaşmağa növbəti çağırış kimi səsləndi. Ölkə Prezidenti bu tədbirdə öncə Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyətinin qürur mənbəyi olduğunu və mədəni irsimizi qorumağın vacibliyini diqqətə çatdırdı, sonra isə çıxışının müəyyən bir hissəsini ana dilimizin saflğının qorunması və inkişaf etdirilməsinə həsr etdi.

Cənab İlham Əliyev dilimizə bö­yük sevgi, diqqət və qayğısının bariz ifadəsi olaraq bildirdi: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”. Dövlət başçısı ana dilimizin zənginliyi baxımından dünya dilləri sıra­sında xüsusi yeri olduğunu da vurğuladı: “Hesab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri sırasında xüsusi yeri vardır”.

Ölkə rəhbəri bu çıxışında dilimizin saflığının pozulması ilə bağlı narahatlığı­nı da ifadə etdi: “Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur”. Cənab İlham Əliyev bu vacib məsələni diqqətə çatdırdıq­dan sonra Mədəniyyət Nazirliyinə bir vəzifə olaraq tapşırdı ki, digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin qorunması istiqamətində çox ciddi işlər aparsın. Prezident xüsusilə mətbuat orqanlarında, teleradio məkanında bəzi hallarda dilimizin saflığının pozulduğu­nu diqqətə çatdıraraq qeyd etdi ki, bu cür halların qarşısı alınmalıdır. Dövlət başçısı İlham Əliyev çıxışının dillə bağlı hissəsinin sonunda dünyada 50 milyondan çox insan üçün Azərbaycan dilinin ana dili olduğunu da ayrıca olaraq vurğuladı.

Ölkə başçısının bu çıxışındakı bir məqam xüsusilə diqqətimi çəkdi. Cənab Prezident səlisliyi və dilimizə dərindən bələdliyi ilə seçilən çıxışında bir çoxlarının leksikonunda möhkəm yer tutan tribuna əvəzinə, onun dilimizdəki daha yatımlı sinonimi olan kürsü sö­zünü işlətdi: “Azərbaycan Milli Elmlər Akademiyasının kürsüsündən və digər tədbirlərdə demişəm ki, bizim zəngin dilimiz var, biz haqlı olaraq dilimizlə fəxr edə bilərik.”

Azərbaycan dilinə olan belə həssas yanaşma, təbii ki, ulu kökdən, varislikdən və ənənəyə möhkəm sadiqlikdən irəli gəlir. Ümummilli lider Heydər Əliyev dilimizin böyük hamisi və qayğıkeşi idi. Bu böyük şəxsiyyət ana dilini ürəkdən sevir, bu dildə danışmağı ilə fəxr edir­di. Ulu öndər çıxışlarında ana dilinin azərbaycançılıq məfkurəsi ilə bağlı­lığını, xalqımızın böyük milli-mənəvi sərvətlərindın biri olduğunu da dəfələrlə diqqətə çatdırmışdı: “Hər bir xalqın milli­liyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.”

Ümummilli liderin ana dilinə olan böyük sevgisi, diqqət və qayğısı bu bö­yük şəxsiyyətin bənzərsiz, milli koloritli, canlı çıxışlarında qabarıq şəkildə özünü göstərirdi. Ulu öndər dərin məzmunlu, müdrik çıxışları ilə həm dilimizin zənginliyini diqqətə çatdırır, həm də gənclərə dilimizə məxsus bir sıra incə məqamları yada salırdı.

Keçən il dekabr ayının 12-də Azərbaycan Dövlət Televiziyasındakı “Əsas məsələ” verilişinin biri Heydər Əliyevin jurnalistika, təhsil və dilə olan qayğısına həsr olunmuşdu və iştirak­çılar sırasında mən də var idim. Veriliş zamanı ekranda ulu öndərin çay içərkən əlində qənd tutaraq ətrafındakılara müraciətlə dediyi sözlər canlandırıldı: “Buna dişləmə deyirlər. Çayı qəndlə içərlər.” Başqa bir nümunə: Yenə də ulu öndər çay süfrəsi zamanı çayçı gənc oğ­lanın: “Kəkotu çayıdır”– sözünə düzəliş etdi: “Kəkotu yox, kəklikotu.”

Hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi, özünütəsdiqidir. Ana dili xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Unudulmaz rəhbərimiz Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”.

Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin hazırda dün­ya dilləri sırasında özünəməxsus yeri, necə deyərlər, imzalar içərisində imzası vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, “ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”. Tarixin müxtəlif dönəmlərində ölkəmizin ayrı-ayrı imperiyalar tərkibində olmasına baxmayaraq, Azərbaycan dili öz varlı­ğını və özümlüyünü qoruyub saxlamış, tarixin amansız və sərt sınaqlarından üzüağ, şərəflə çıxmış, zaman-zaman cilalanaraq saflaşmışdır. Cəsarətlə demək olar ki, Azərbaycan dili hazırkı qloballaşma dövründə – elmin, texni­kanın görünməmiş sürətlə irəli getdiyi çağımızda bütün elm sahələri üzrə hər hansı bir anlayışı incəliyinə qədər ifadə etməyə qadir olan zəngin və seçkin dünya dillərindən biridir.

Ana dilimizin böyük hamisi Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonun­dan (1969) Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlar­dan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Məlum olduğu kimi, 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universi­tetinin 50 illik yubileyi keçirildi və Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxil­lik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Respubli­kanın birinci şəxsi bu cəsarətli addımı ilə həm milli ziyalılarımızın böyük rəğbətini qazandı, həm də onlara mənəvi dəstək verdi, ruh yüksəkliyi bəxş etdi,bu məsələnin müsbət həlli üçün geniş üfüqlər açdı. Yenə həmin dövrdə Heydər Əliyev Azərbaycan Yazıçılar İttifaqının qurultayında iştirak edərək doğma ana dilində çıxışı ilə tədbir iştirakçılarını heyran qoydu.

Ulu öndər bütün bunlarla kifayətlənməyərək həm də respublika­nın bir qrup tanınmış şair və yazıçılarını qəbul edərək onlarla apardığı səmimi söhbətlərində ana dili məsələsinə də toxundu və bu yöndə əməli tədbirlər görülməsinə rəvac verdi. Həmin tədbirlər sırasında böyük rəhbərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respubli­kasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Totalitar rejimin hökm sürdüyü, qatı rus millətçiliyi və şovinizminin baş alıb getdiyi keçmiş Sovetlər Birliyində bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi.

Ölkəmiz 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlət-çiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili sta­tusu qazandı. Məhz bu mərhələdə milli dövlətçiliyin mühüm atributu olan ana dilinin daha da inkişafı və zənginləşməsi, onun müasir elmi tələblər səviyyəsində geniş və hərtərəfli araşdırılması və beynəlxalq aləmdə tanınması üçün daha böyük imkanlar yarandı, bu yöndə geniş üfülər açıldı və bir sıra mühüm və san­ballı işlərə ilkin imza atıldı. Bu məsələdə müstəqil Azərbaycan dövlətinin qurucu­su, ana dilimizin gözəl bilicisi, bənzərsiz mahir natiq Heydər Əliyevin misilsiz fəaliyyəti və tarixi xidmətləri mühüm və həlledici rol oynadı. Belə ki, ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zama­nı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasın­da Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi.

Müstəqillik illərində Prezident Heydər Əliyevin apardığı məqsədyönlü və gələcəyə yönələn dövlət quruculu­ğu məsələlərində dil siyasəti həmişə aparıcı ol-muşdur. Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən ümummilli lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən, xalq dilindən gəlmə deyimlərdən uğurla istifadə etmiş, özünəməx-sus jest və mimikaları ilə nitqinin auditoriyaya, bütövlükdə xalqa təsir gücünün artması­na nail olmuşdur.

Ulu öndər ana dili ilə bağlı çoxsaylı fikirlərində milli dilin azərbaycançılıqla birbaşa bağlılığı məsələsini də önə çəkmiş, xüsusi olaraq vurğulamışdır: “Millətin milliliyini saxlayan onun ana dili­dir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin millili­yini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşa­ması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”.

Xalqımızın böyük oğlu Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, bugünkü durumunu və möv­cud problemlərini də daim diqqət mərkəzində saxlamış və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atmışdır. Həmin tədbirlər sırasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqın­da” 18 iyun 2001-ci il tarixli Fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.

Prezident Heydər Əliyev ölkənin dövlət dili ilə bağlı aşağıdakı mühüm sənədlərə də imza atmışdır:

– “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli Fərman;

– Azərbaycan Respublikasında Dövlət dili haqqında 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasının Qanunu

– “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Res­publikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli Fərman.

Azərbaycan xalqının ümummil­li lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ulu öndərin siyasi kursunu yeni şəraitin tələblərinə uyğun şəkildə yaradıcılıqla inkişaf etdirən dövlət başçısı İlham Əliyevin bu sahədəki ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlıdır. Ölkə Prezidentinin 12 yanvar 2004-cü il tarixli bu sərəncamına əsasən, dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir.

Bundan əlavə, İlham Əliyevin 2004-cü il 27 dekabr tarixli sərəncamına uyğun olaraq, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikası­nın Prezidenti cənab İlham Əliyevin 24 avqust 2007-ci il tarixli digər bir sərəncamı ilə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində kütləvi şəkildə nəşri də həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qlobal­laşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçili­yin inkişafına dair Dövlət Proqramı” adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi ba-xımından xüsusilə böyük əhəmiyyət daşıyır. Sənəddə qeyd olunduğu kimi, “Dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tətbiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etməkdir”. İlk növbədə, Azərbaycan dili­nin hərtərəfli inkişafı və tətbiq dairəsinin genişlənməsi üçün böyük imkanlar yaradan bu dövlət proqramının əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsi məsələsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanması üçün münbit şərait yaradır.

Prezident İlham Əliyevin dilimizin saflığının qorunması ilə bağlı göstərişləri Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu qarşısında da mühüm və təxirəsalınmaz vəzifələr qoyur. Qeyd edək ki, Dilçilik İnstitutunun Monitorinq şöbəsi indiyədək bu sahədə bir sıra maarifləndirici işlər aparsa da, hələ də mövcud nöqsanların olması göz qabağındadır və onları aradan qaldırmaq üçün ciddi tədbirlər həyata keçirməyə borcluyuq. Möhtərəm Prezidentimizin sözügedən çıxışındakı göstərişlərindən dərhal sonra Dilçilik İnstitutunun elmi şurasında mövcud problem müzakirə olunmuş və məsələ ilə bağlı aşağıdakı tədbirlərin həyata keçirilməsi təklif kimi irəli sürülmüşdür:

– Dövlət televiziya kanalında və digər kanallarda “Azərbaycan dili” verilişi bərpa edilsin və verilişdə dilimizin saflığı və ədəbi dil normalarının pozulması məsələsi geniş şəkildə işıqlandırılsın.

– Azərbaycan dilinin saflığının qorun­ması istiqamətində maarifləndirmə işi genişləndirilsin.

– Mətbuat və televiziya işçilərinin işə qəbulu zamanı onların nitq mədəniyyətinə bələdliyi səviyyəsi yoxla­nılsın.

– Nitq mədəniyyəti ilə bağlı məsələlər mətbuatda mütəmadi olaraq işıqlandırıl­sın.

– Ayrıca olaraq mətbuat və televiziya işçiləri üçün praktik “Nitq mədəniyyəti” vəsaiti hazırlanıb nəşr edilsin.

– Azərbaycan Milli Elmlər Akademi­yasının magistrant və doktorantları üçün “Dilimiz – milli sərvətimiz” adlı müsabiqə keçirilsin.

– Ədəbi dil normalarının pozulmasını əks etdirən videoçarxlar hazırlansın.

– Təhsil Nazirliyi və Milli Televiziya və Radio Yayımları Şurası xəttilə müvafiq qurumlarda “Azərbaycan dilinin saflığını qorumaq hamının borcudur” mövzusun­da müsabiqələr keçirilsin.

– Təhsil Nazirliyinin müvafiq qu­rumlarında “Nitq mədəniyyəti” fənninin tədrisinin keyfiyyəti yaxşılaşdırılsın.

– “Nitq mədəniyyəti” dərsliyinin yeni təkmilləşdirilmiş nəşri hazırlansın.

– Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Mo­nitorinq Mərkəzi ilə koordinasiya işi gücləndirilsin, birgə tədbirlərin həyata keçirilməsinə diqqət artırılsın.

– Dilimizə daxil olan yeni terminlər mütəmadi olaraq ictimaiyyətə çatdırılsın və müzakirə olunsun.

– Yeni anlayışların dilimizin daxi­li imkanları hesabına ifadə olunması məsələsinə diqqət artırılsın.

– Azərbaycan dilinin orfoepiya lüğəti hazırlanıb nəşr olunsun.

– Ədəbi dil normalarının pozulması hallarına qarşı müvafiq cərimələr tətbiq edilsin.

Beləliklə, yuxarıdakı qeydlərdən göründüyü kimi, istər ulu öndər, istərsə də Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyev ana dilimizin hərtərəfli inkişafı, tətbiq dairəsinin genişlənməsi, saflığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirmişlər. Bununla belə, təəssüf ki, hələ də reklam daşıyıcılarında, internet resurslarında, kütləvi informasiya vasitələrində dilimizin saflığının pozulması hallarına rast gəlirik. Ədəbi dilin saflığının qorunması hamıdan asılıdır, çünki dilin daşıyıcısı xalqdır və dil xalqın ən böyük mənəvi sərvətlərindən biridir. Məhz buna görə də varlığımız, kimliyimiz olan dilmizin saflığını qorumaq hamının vətəndaşlıq borcudur.

Ölkəmizin dilçi alimləri, o cümlədən, AMEA Nəsimi adına Dilçi­lik İnstitutu digər qurumlarla, xüsusən Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan dilinin dövlət dili və dünya azərbaycanlılarının ünsiyyət vasitəsi olaraq saflığının qorunması, mövqe­yinin daha da möhkəmləndirilməsi və zənginləşdirilməsi üçün var qüvvə ilə ça­lışıb fəaliyyət göstərməyi özlərinə şərəfli borc hesab edirlər.

Möhsün NAĞISOYLU,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik

24 Yanvar 2021 18:53 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə