Ən son xəbərlər
Azərbaycan Respublikasında uzunmüddətli milli iqtisadi quruculuq prosesləri uğurla davam edir. Müasir iqtisadi şəraitin qanunları əsasında təşəkkül tapan iqtisadi siyasət özünün sosial mahiyyəti ilə daha böyük aktuallıq daşımaqda, bir tərəfdən dövlətin müəyyən etdiyi hədəfləri əlçatan edir, digər tərəfdən isə əhalinin firavan yaşayışına istiqamətlənməkdədir. Ardıcıl mərhələlərdə təsdiq və icra olunan dövlət proqramları, strategiyalar və konsepsiyalar milli iqtisadiyyat üzrə perspektivləri artırmış, nəticədə dayanıqlı inkişaf potensialı formalaşmışdır. Təbii ki, bunlar ümumilikdə, dövlətin siyasətinin səmərəliliyinin mühüm göstəricisidir.
Naxçıvan Muxtar Respublikası ölkənin qeyd etdiyimiz makroiqtisadi inkişafının təmin olunması sahəsindəki rolu ilə mövcud potensialı daha da artırmışdır. 2020-ci ilin sosial-iqtisadi yekunları muxtar respublikanın keçdiyimiz illər üzrə əldə etdiyi uğurların əhatəsini genişləndirmiş, bu isə özünü davamlı sosial-iqtisadi inkişafda göstərmişdir.
Xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin həmişəyaşar ideyaları əsasında 2004-cü ildən uğurla icra olunan regional inkişaf üzrə Dövlət proqramları və digər sahəvi tənzimləmə mexanizmləri ölkənin bütün regionları kimi Naxçıvan Muxtar Respublikasının da iqtisadiyyatı üçün keyfiyyət mərhələsinin əsaslarına çevrilmişdir. Bunlarla yanaşı, artıq muxtar respublikada ardıcıl və əlaqəli şəkildə olmaqla, təsdiq və icra olunan bir çox hüquqi mexanizmləri qeyd etmək olar ki, onlar da öz ifadəsini hazırda həm iqtisadi, həm də sosial sahələrin inkişafında göstərməkdədir. Həyata keçirilən tədbirlər iqtisadiyyatın aparıcı sahələrinin, xüsusilə də, sənaye və kənd təsərrüfatının mövcud perspektivlərini daha da artırmış və bunlar, digər sahələrlə birlikdə əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsulun (ÜDM) müqavimətli strukturunu formalaşdırmışdır. Bunu 2010-2020-ci illərin sosial-iqtisadi inkişafından ibarət son 10 ilin keyfiyyət göstəriciləri də sübut edir.
Göründüyü kimi, 2010-2020-ci illərdə muxtar respublikada ÜDM-nin həcmi 2,5 dəfə artmışdır. Bununla yanaşı, qeyd edə bilərik ki, məhz 2010-cu ildə muxtar respublikada ÜDM-nin həcmi 1 milyard manatı, 2012-ci ildə isə 2 milyard manatı ötüb keçmişdir. Təbii ki, mövcud potensial muxtar respublikada müdrik ideyalar əsasında davam etdirilən iqtisadi islahatların səmərəliliyini, həmçinin, bu sahədəki proseslərin düzgün təşkili və idarəolunmasını göstərməkdədir. Bu dinamika, eyni zamanda, iqtisadiyyatın qlobal böhran və pandemiyanın təsirləri qarşısında müqavimətliliyini və sosial dayanıqlılığını daha da artırmaqla, yaxın gələcəkdə ÜDM-nin həcminin 3 milyard manatı ötəcəyini deməyə əsas verir.
İqtisadiyyat inkişaf etdikcə, onun sosialyönümlülük çəkisi də artır. Burada insanların sağlamlığının qorunması, elmi biliklərinin və dünyagörüşlərinin inkişafı, alıcılıq qabiliyyətinin yüksəlməsi, makroiqtisadi proseslərin davamlılığında çevik iştirakı, rifah göstəricilərinin artması və digər üstünlükləri də ifadə olunur. Həmin amillər 2010-2020-ci illər üzrə öz davamlılığını hər bir nəfərə düşən ÜDM-nin həcmində də göstərmişdir.
ÜDM-nin hər bir nəfərə düşən həcmi üzrə 2010-2020-ci illərdə 2,2 dəfəlik artımın təşəkkül tapmışdır. Qeyd edək ki, müvafiq göstərici 2011-ci ildə 4000, 2013-cü ildə 5000, 2018-ci ildə isə 6000 manatı keçmişdir.
Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafı ilə ölkənin milli iqtisadi perspektivləri üçün zəruri olan proseslərin məqsədyönülülüyünü təmin etməkdədir. Təbii ki, burada iqtisadiyyatın aparıcı sahələri olaraq sənayenin və kənd təsərrüratının mezoiqtisadi əhəmiyyətlilik zəminində inkişafı da diqqəti çəkməkdədir. Hazırda ölkənin qeyri-neft sektorunun inkişafından ibarət hədəflərinin əlçatan olması hər iki sahənin davam edən islahatlar fonunda inkişafından çox asılıdır. İstər xammal mənbələrindən səmərəli istifadə olunması, istər emal proseslərinin etibarlılığı, istərsə də istehsalın fasiləsizliyinin təmin olunması müasir milli iqtisadi inkişafın mühüm göstəriciləri olaraq aktualdır. 2010-2020-ci illərdə muxtar respublikada sənaye və kənd təsərrüfatının artım dinamikası da bunu göstərir.
Hesablamalar göstərir ki, 2010-2020-ci illərdə muxtar respublikada sənaye məhsulunun həcmi 3,3 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi isə 2,2 dəfə artmışdır. Statistik göstəricilərin təhlilindən də aydın olur ki, hər iki sahə muxtar respublika iqtisadiyyatının inkişafı sahəsində zəruri əhəmiyyətliliyini qoruyub saxlamış və iqtisadi artımın güclü dayaqlarını yarada bilmişdir.
İnkişafın son on ilində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bütün sahələrin keyfiyyətcə yeni mərhələdə təşəkkülünü qeyd etmək olar. Bu, həm də iqtisadi şaxələndirmənin, diversifikasiyanın effektiv təminatının çox mühüm ifadəsi olaraq da əhəmiyyətlidir. Təbii ki, əldə olunan uğurlar əsas makroiqtisadi olan ÜDM-nin strukturunda özünü ifadə etmişdir. Güclü infrastrukturun və etibarlı təminatın vacib elementləri kimi yüksək mahiyyətə malik olan bu göstəricilər həm də muxtar respublikanın bütün kənd, qəsəbə, rayon və şəhərlərinin müasir və modern səviyyədə inkişafının ən gerçək ifadəsi olaraq aktualdır.
Naxçıvan Muxtar Respublikası həm də ölkəmizin etibarlı dostluq münasibətlərinin və səmərəli xarici ticarət əlaqələrinin inkişafında da mühüm rola malikdir. İstinad olunan illər üzrə bu sahədə əldə olunan uğurlar 2019-cu ilin “Ailə təsərrüfatları ili”, 2020-ci ilin isə “İxrac İli” elan olunmasına əlverişli zəmin yaratdı. Biri-birinin əlaqəliliyi və tamamlaması baxımından yerli istehsalın inkişafından, daxili bazarın qorunmasından, təlabatların bu amil üzrə qarşılanmasından, nəticə etibarı ilə isə rəqabət qabiliyyətli və ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasından və idxalın məhdudlaşdırılmasından ibarət uğurlar muxtar respublikanın etibarlı xarici ticarət dövriyyəsinin perspektivlərini də artırmışdır. Bütün bunlar özünü 2010-2020-ci illərdə muxtar respublikada xarici ticarət dövriyyəsinin strukturunda ifadə etmişdir.
Göründüyü kimi, 2010-2020-ci illərdə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 2 dəfə artmışdır. 2009-cu ildən xarici ticarət əməliyyatlarında yaranan müsbət saldo son on ildə qorunmuş və 2020-ci ildə də təmin olunmuşdur. Təhlillər göstərir ki, əgər 2010-cu ildə ixrac əməliyyatları ümumi ticarət əməliyyatlarının 82,1 faizini təşkil edirdisə, 2020-ci ildə bu göstərici 84 faizə artmışdır. Bunlarla yanaşı, 2010-cu ildə müsbət saldo ixracın həcmindən 78,1 faizini təşkil etmişdirsə, 2020-ci ildə bu, 81 faizinə bərabər olmuşdur.
Eyni zamanda, 2010-cu ildə idxalın həcmi ixracın həcminin 21,8 fazinə bərabər olmuşdursa, 2020-ci ildə həmin göstərici 19,1 faizə enmişdir. Həmçinin, 2010-cu ildə ixracın həcmi idxalın həcmindən 4,6 dəfə çox olmuşdursa, 2020-ci ildə bu nisbət 5,2 dəfə təşkil etmişdir. Digər tərəfdən, 2010-cu ildə müsbət saldonun həcmi idxalın həcmindən 3,6 dəfə çox olmuşdursa, 2020-ci ildə bu artım 4,2 dəfədən çox olmuşdur.
Beləliklə, Naxçıvan Muxtar Respublikası həmişəyaşar ideyalar əsasında müasir müstəqillik illərinin daha dinamik, daha etibarlı sosial-iqtisadi potensialını yaratmışdır. Güclü baza əsasında son on ildə milli iqtisadiyyat üzrə perspektivlərin müəyyən olunmasında və regional iqtisadi siyasətin vacib təsisatlarının yaradılmasında bu potensialın xüsusi önəmi vardır. Təbii ki, əldə olunan nəticələr qarşıdakı dövrlər üzrə daha böyük uğurlara yol açacaqdır.
Cavadxan QASIMOV,
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru
Köhnə versiyamızdan xəbərləri izlə