Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar – xalqımızın Azadlıq mübarizəsinin şanlı səhifəsi

Növbəti ildönümünü dərin hüzn, eyni zamanda, yenicə başa çatmış Vətən müharibəsində qazan­dığımız tarixi qələbənin öyüncü ilə qeyd etdiyimiz 20 Yanvar faciəsindən bizi 31 il ayırır. Bu faciə artıq ar­xada qalmış 33 illik Qarabağ münaqişəsinin ikinci ilində Ermənistanın millətçi-separatçı dairələrinin daxildəki və xaricdəki havadarlarının fəal himayəsi ilə Azərbaycana qarşı başladıqları təcavüzkarlıq siyasətinin dərinləşməsi gedişində mərkəzi hakimiyyətin xalqımızı cəzalandırması aksiyası kimi baş versə də, nəticədə, ərazi bütövlüyümüz uğrunda mübarizəni azadlıq hərəkatı müstəvisinə çıxardı.

20 Yanvara gedən 2 illik yolun özü də bir çətin, mürəkkəb sınaqlar­la müşayiət olunmuşdu. Faciədən əvvəlki aylarda və günlərdə respubli­kada vəziyyət getdikcə pisləşir, eyni zamanda, xalq açıq-aşkar görürdü ki, Azərbaycanla əlaqəsi çoxdan kəsilmiş, Kremldən Azərbaycana xüsusi diqtə ilə göndərilmiş Ə.Vəzirov hər dəfə erməni millətçilərinə, mərkəzə güzəştə gedir. Ona görə Azərbaycan xalqı belə rəhbərdən xilas olmaq, öz sözünü demək üçün ayağa qalxdı. Sovet sistemində isə kommunist ideologiya­sına uyğun gəlməyən fikirlər, baxış­lar dəstəklənmir, əksinə, çox ciddi təzyiqlərə məruz qalırdı. O sistemin qurbanları içərisində Azərbaycan xalqı­nın qeyrətli, ziyalı övladları çox olub.

Ötən əsrin 50-ci illərinin ortalarında sovet cəmiyyətində hakim partiya söz, fikir azadlığına münasibətini nisbətən yumşaltsa da, bütövlükdə, sistemin da­yaqlarını sarsıtmağa yönəldilmiş hər bir tədbirə qarşı amansız mövqe tuturdu. Buna baxmayaraq, SSRİ iqtisadiyyatın­da mərhələlərlə baş verən uğursuzluq­lar, hökumətin tez-tez təkrar olunan və sarsıntılarla müşayiət edilən tədbirləri bu sistem barədə ümidsiz fikirlərin geniş yayılmasına gətirib çıxarır, insanları azadlıq uğrunda mübarizəyə qalxmağa sövq edirdi. 80-ci illərin axırlarında və 90-cı illərin əvvəllərində isə Azərbaycanda gündən-günə ağırla­şan siyasi, iqtisadi və sosial durum bu proseslərin inkişafı üçün əlverişli şərait yaradırdı, cəmiyyətdə ziyalı sözünə ehtiyac artırdı.

1988-ci ilin əvvəllərində başlayan və mərkəzi hakimiyyət tərəfindən qarşı­sı alınmayan Qarabağ münaqişəsi xalqı çox çətin bir imtahanla üzləşdirmişdi. Mərkəzi hakimiyyətin Azərbaycana ögey münasibəti nəticəsində yaranmış kütləvi inamsızlıq şəraitində təsadüfi adamların ürəyindən xalqa liderlik etmək istəyi keçirdi. Əlbəttə, bu, çox qorxulu bir meyil idi. Xalqa liderlik etmək qabiliyyətinə malik olmayanlar isə ziyalıları yaxına buraxmırdılar. Əlbəttə, ziyalıların da təşəbbüskarlığı yüksək deyildi.

Xatırladaq ki, XX əsrin əvvəllərində Azərbaycanda böyük ziyalı ordusu yox idi, lakin ayrı-ayrı ziyalılar xalq üçün çox əhəmiyyətli, daha dəqiq desək, tarixi iş görürdülər. Elə bir Üzeyir bəy Azərbaycan xalqının milli mədəniyyətinin inkişafında nə qədər böyük rol oynamışdır. Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçuba­şov, Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov o qədər nəhəng insanlardı ki, xalq onların arxasınca inamla və iftixarla gedə bilərdi. Çünki onlar millətin taleyi naminə ən çətin mübarizədən qorxma­yan əsl vətəndaş idilər.

Qarabağ hadisələri başlananda ziyalılar xalq hərəkatına qoşulmuşdu­lar və bir sıra taleyüklü məsələlərin müzakirəsində öz sözlərini deyirdilər. Lakin xalqla rəhbərlik arasında dərin uçurumun olduğu şəraitdə onların bəziləri öz mövqelərini müəyyən edə bilmədilər.

Müxalifətin radikal mövqedən çıxış edən bəzi nümayəndələri ziyalıların əksəriyyətini, demək olar, qorxut­muşdular, amma başı bəlalar çəkmiş Azərbaycan xalqı daha ayılmışdı.

Mərkəzin Azərbaycana sərt münasibəti isə dəyişmirdi, bu da res­publikada onsuz da ağır olan ictimai-siyasi şəraiti daha da gərginləşdirirdi. Vəziyyətin daha da kəskinləşməsinə yol verməmək üçün xalq arasında nüfuz sahibi olan ziyalılar, Xalq Cəbhəsinin və digər təşkilatların nümayəndələri yaranmış vəziyyətdən çıxış yollarını müəyyən etmək üçün intensiv görüşlər keçirir, danışıqlar aparırdılar.

Amma ziyalılar çox böyük nara­hatlıq keçirirdilər. Azadlıq, müstəqillik sözləri o qədər tez-tez işlənirdi ki, on­ların öz əhəmiyyətini itirməsi təhlükəsi yaranırdı. Rəhbərlik ilə xalq arasındakı boşluğu doldurmaq istiqamətində konkret addımlar atılmırdı. Xalq tələb edirdi ki, respublika rəhbərliyi Qarabağ probleminin həllində daha prinsipial mövqe tutsun, onun qayğıları, arzuları ilə yaşasın.

Tarixdən məlumdur ki, azadlıq siya­si mədəniyyətin yüksək olduğu şəraitdə daha az itki ilə əldə edilə bilər. Sovet rəhbərliyi çalışırdı ki, müxalifətdən olan radikal qüvvələr hər hansı bir təxribata əl atsınlar ki, onlara qarşı cəza tədbirləri görməyə bəhanə olsun, Qarabağ prob­lemi kölgədə qalsın. Belə bir şəraitdə Ermənistanın silahlı birləşmələri Azərbaycan kəndlərinə basqın edir, dinc əhalini öldürürdü, mərkəz isə səsini çıxarmır, biganəlik göstərirdi. Mosk­vada sovet rəhbərliyi gözləyirdi ki, Azərbaycan xalqı qəzəblənsin, hansısa bir hərəkətə əl atsın və bundan istifadə edərək öz gücünü işə salsın. Respublika rəhbərliyi və müxalifətdə olan qüvvələr isə bunu açıq-aşkar görə-görə düşmənə qarşı vahid cəbhədə birləşə bilmədi.

Bunlar tarixi faktlardır, o dövrün reallıqlarıdır. O vaxt çoxları başa düş­mürdü ki, Moskva Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə, sözün əsl mənasında, ziyalıların rəhbərlik etməsini istəmir. Elə ona görə də res­publika rəhbərinin əli ilə xalq içərisində böyük nüfuzu olan ziyalıların siyasi meydandan uzaqlaşdırılması üçün bütün vasitələrdən istifadə edirdi.

1989-cu ilin son aylarında, 1990-cı illərin əvvəllərində respublikamızın hər yerində olduğu kimi, Bakının və onun ətraf kəndlərinin əhalisi də mərkəzin və erməni millətçilərinin xalqımıza qarşı xəyanətkar siyasətinə etiraz əlaməti ola­raq küçələrə çıxmışdı. Adamlar soyuğa, şaxtaya, yuxusuzluğa baxmayaraq, küçələrdə qurduqları maneələrdə (bar­rikadalarda) növbə çəkərək, sovet qo­şunlarının Bakı şəhərinə daxil olmasına yol verməmək üçün bütün vasitələrdən istifadə etməyə hazır idilər. Nə qədər bəsit olsa da, əhali müdhiş haqsızlığa və ədalətsizliyə qarşı mübarizə üçün özünün bacardığı bu yolu seçmişdi.

Qəzəblənmiş xalq əsarətdə olduğunu bir daha anlayır, azadlığa çıxmaq, Vətən torpağını müdafiə etmək üçün hər cür əzaba dözməyə hazır idi. Əlbəttə, ayrı-ayrı radikal qüvvələr əhalinin sadəlövhlüyündən istifadə edib, onu ordunun, tankların, zirehli maşınların qabağına çıxarmaqda xüsusi məqsəd güdürdülər. Hətta müxtəlif yerlərdə əhaliyə silah paylanacağı da vəd edilmişdi. Hadisələrin gedişindən hiss edilirdi ki, dinc əhaliyə qarşı SSRİ dövlətinin rəhbərliyi səviyyəsində qa­baqcadan təxribatlar hazırlanmışdır.

Vəziyyətin getdikcə belə gərginləşdiyi günlərdə Sov. İKP MK-nın yüksək vəzifəli nümayəndələrinin əhali ilə görüşlərində, habelə kütləvi informa­siya vasitələri ilə verilən məlumatlarda bildirilirdi ki, Bakıya qoşunlar daxil olmayacaq. Əslində isə vəziyyət başqa cür idi. Bakıda fövqəladə vəziyyətin elan olunacağı və qadağa saatının qo­yulacağı vaxt xalqdan gizlədilir, şəhərə qəfil hücum hazırlanırdı.

Qoşunların Bakıya yeridilməsinə bir neçə gün qalmış hərbi komandanlıq Bakı şəhərindən hərbi qulluqçuların ailələrini SSRİ-nin müxtəlif regionla­rına köçürməyə başlamışdı. Bu faktı onunla izah edilirdi ki, guya, həmin tədbir Bakıda ekstremist qüvvələrin basqınlarının qarşısını almaq üçün həyata keçirilir. Bu, ağ yalan idi. Reallıq sübut edirdi ki, o dövrdə Bakıda, eləcə də digər rayonlarda rusdilli əhalinin təhlükəsizliyi üçün heç bir qorxu yox idi.

1990-cı il yanvar ayının 19-da saat 19:27-də Azərbaycan Televiziyası­nın enerji bloku partladılmaqla canlı teleradio yayımı sıradan çıxarıldı. Bir neçə saat sonra Bakının hər yerindən güclü atəş səsləri gəlməyə başladı. Hamı həyəcan içərisindəydi. Sovet qoşunları hər tərəfdən şəhərə soxulurdu. Küçələrdə qan su yerinə axırdı. 40 min nəfərlik ordu əliyalın əhaliyə divan tuturdu. Azərbaycan Respublikasının Konstitusiyası tapdalanmışdı. Helsinki Yekun Aktını və Vyana müqaviləsini imzalamış SSRİ dövləti dinc əhaliyə qarşı görünməmiş bir cinayət işlədi.

Gözyaşardıcı qaz tətbiq edilir, dinc əhali atəşə tutulurdu. Əsgərlər hərbi maşınlardakı projektorlardan istifadə edərək qaranlıq yerlərdə atəşdən gizlənənləri, hətta təcili yardım maşınla­rını gülləyə tuturdular. Mərkəz əmin idi ki, Bakıda xalq susdurulsa, bütün respublikada sakitlik təmin ediləcək, beləliklə də SSRİ-nin Qafqazda qlobal mənafeləri tam müdafiə ediləcəkdir. Ancaq bu, yanlış fikir idi. Buna görə də bədnam sovet rəhbəri Mixail Qorba­çov Bakıda qanlı qırğın törətməkdən çəkinmədi.

Lakin 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilən faciə Azərbaycan xalqını, Bakı əhalisini daha sıx birləşdirdi. O günlər minlərlə gənc Bakının komendantı Dubinyakın, digər sovet zabitlərinin təhdidlərinə, təhqirlərinə, şaxtaya, yorğunluğa baxmayaraq, iki gün ərzində hava qaralana kimi Dağüstü parkda məzarlar qazmış, öz vətəndaşlıq borcunu yerinə yetirmişdilər.

Həmin dövrdə Buzovna, Mərdəkan, Bilgəh, Maştağa, Şüvəlan, Şağan, Qala, Pirşağı, Nardaran, Kürdəxanı, Binə, Binəqədi və başqa qəsəbə və kəndlərin əhalisi Bakını qırmızı qərənfillərə qərq etmişdi. Milyonlarca qərənfil şəhidlərimizin müqəddəs ruhu qarşı­sında torpağa baş əymişdi. Dünyada, yəqin, az xalq tapılar ki, ağır zəhmət hesabına becərdiyi hər hansı məhsuldan, əldə edəcəyi böyük miqdarda gəlirdən könüllü imtina etsin, xalqımızın azad­lığı uğrunda şəhid olmuş övladlarının məzarı üzərinə bu qədər gül səpsin.

O günlərdə mən al qərənfillər içərisində alışıb-yanan Bakıya baxdıqca Bakı kəndlərinin öz sadəliyi ilə seçilən, son tikəsini belə öz xalqı, dostları ilə bölməyə hazır olan əliqabarlı, alnıa­çıq əhalisinə dərin minnətdarlıq hissi keçirirdim. Bu ənənə bu gün də davam edir və yəqin ki, əsrlər boyu davam edəcəkdir. Belə xalqa, belə camaata eşq olsun.

Yeri gəlmişkən, bildirək ki, Bakı Azərbaycanda baş verən hadisələrdə, xüsusən xalqımızın azadlıq hərəkatında, yadellilərə qarşı aparılan mübarizədə daim mühüm rol oynamışdır. Məlum ol­duğu kimi, hələ XIX əsrin əvvəllərində çar Rusiyası Azərbaycana öz işğalçı qoşunlarını göndərərkən, ilk növbədə, Bakını tutmağı planlaşdırmışdı. Bakının strateji mövqeyi, burada neft yataq­larının mövcudluğu onu Rusiyanın işğalçılıq siyasətinin mühüm hədəfinə çevirmişdi, – Gəncə, Şəki və Qarabağ işğal edildikdən sonra Bakı xanlığı üzərinə yürüş məhz belə bir məqsədlə həyata keçirilmişdi.

Lakin rus generalı Bakını işğal edə bilmədi. O, İçərişəhərin qoşa qala qapı­larının açarını təhvil aldığı yerdə Bakı xanı Hüseynqulu xanın əmisi uşaqları rus generalını öldürüb başını kəsdilər. Qoca tarix dönə-dönə sübut edir ki, Azərbaycanı qəsb etmək niyyətinə düşənlər nə qədər çox olsa da, arzusu gözündə qalanlar ondan da çox olub.

1990-cı il yanvarın 22-də Azərbaycan Ali Sovetinin sessiyası çağırılmışdı. Hamımız böyük həyəcan içində idik və sessiyanın açılmasını səbirsizliklə gözləyirdik. Ali Sovetin Rəyasət Heyətinin sədri Elmira Qafa­rova sessiyanı açıq elan etdikdən sonra deputatlar 1990-cı il yanvarın 19-21-də Bakıda faciəli surətdə həlak olanla­rın xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Gündəliyə aşağıdakı məsələlər daxil edildi:

1. Sessiyanın işinin səlahiyyətliliyi barədə;

2. SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunları, Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Komitəsinin hərbi hissələri tərəfindən dinc əhaliyə qarşı 1990-cı il yanvarın 10-dan baş­lanmış qanunsuz hərəkətlər barədə;

3. Bakıya qoşunların daxil ol­ması ilə əlaqədar faciəli hadisələrin səbəblərini tədqiq etmək üçün deputat komissiyasının yaradılması barədə;

4. SSRİ xalqlarına, dünyanın bütün xalqlarına, parlamentlərinə müraciət barədə;

5. SSRİ Ali Soveti Rəyasət Heyətinin Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanının qüvvəsinin dayandırılması və şəhərdən qoşunların dərhal çıxarılması barədə.

Çox təəssüf ki, fövqəladə sessi­yanın qəbul etdiyi qərarlar reallaş­madı, Mərkəzi Komitənin nə yanvar, nə mart, nə də iyun plenumlarında bunlara əhəmiyyət verilmədi. Yal­nız ümummilli lider Heydər Əliyev 1993-cü ilin yayında Azərbaycanın yenicə qazanılmış dövlət müstəqilliyi itirilmək təhlükəsi ilə üzləşəndə xalqın tələbi ilə hakimiyyətə qayıdandan az sonra 20 Yanvar faciəsinə həqi siyasi və hüquqi qiymət verildi. Ulu öndərin səyləri ilə 20 Yanvar faciəsinin xal­qımızın mübarizə tarixindəki yeri və rolu düzgün əksini tapdı. Xalqımızın bu yaxınlarda Qarabağ döyüşlərində 20 Yanvar faciəsinin birbaşa baiskarı olmuş təcavüzkar Ermənistanı ağır məğlubiyyətə uğraytması.bir çox faciələr törətmiş Erməni silahlı quldur dəstələrinin darmadağın edilməsi ilə trpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, şəhidlərimizin intiqamı da alındı.

Nəhayət, bildirək ki, 1990-cı ilin 20 yanvar tarixi Azərbaycan üçün həm də böyük imtahan idi. Bakı qırğınını xalqımızın Azadlıq mübarizəsinə start verdi və 2 il keçməmiş öz müstəqilliyini qazanmaqla şəhidlərin ən böyük arzusu da gerçəkləşmiş oldu. Azərbaycan xalqı bununla bir daha sübut etdi ki, öz azad­lığı uğrunda mübarizə aparmağı bacarır və heç bir məhrumiyyət onu bu yoldan döndərə bilməz.

Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin deputatı, akademik

24 Yanvar 2021 18:44 - 20 YANVAR
20 YANVAR

Köhnə versiyamızdan xəbərləri izlə