Ən son xəbərlər
Prezident İlham Əliyevin 22 yanvar 2021-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Bu məqsədlə ölkədəki bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılıb. Dövlətimizin başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Neftçala, Masallı, Hacıqabul, Sabirabad sənaye məhəllələri və Mingəçevir, Qaradağ, Pirallahı sənaye parkları İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib.
Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini reallaşdıran, o cümlədən, bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.
“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlak agentliyin balansına veriləcək. “Sumqayıt Kimya Sənaye Parkı” MMC isə öz fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılması ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı, həmçinin sistemliliyi təmin etmək məqsədi daşıyır.
Qabaqcıl korporativ idarəetmə standartlarına müvafiq olaraq, agentliyin müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət Müşahidə Şurası və İdarə Heyəti formalaşdırılacaq.
Fərmanla bu iqtisadi subyektlərin fəaliyyətinin qiymətləndirilməsi və onların səmərəliliyinin artırılması barədə təkliflərin hazırlanması da nəzərdə tutulub. Sənaye parkları, sənaye məhəllələri və aqroparkların işinin səmərəli, yeni tənzimləyici və idarəetmə çərçivəsində təşkili ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini sürətləndirəcək. Bununla bərabər 4-cü sənaye inqilabının texnologiyalarının ölkəyə transfer edilməsini də şərtləndirəcək.
Yeri gəlmişkən, bio, fiziki və rəqəmsal texnologiyaların tətbiqində yeni yaradılan agentlik və formalaşmış qanunvericilik bazası mühüm rol oynayacaq. Bu zaman parkların ərazisində 10 il ərzində korporativ vergi üzrə 50 faiz güzəşt, idxal olunan avadanlıqlara, texnoloji vasitələrə görə ƏDV-dən, idxal olunan avadanlıqlara, texnoloji vasitələrə görə gömrük rüsumu, həmçinin torpaq və mülkiyyət vergisindən azad olunma kimi stimullaşdırma məsələləri diqqətdə saxlanılacaq.
Bu dəstək güzəştlərinin nəticəsidir ki, indiyədək respublikamızda fəaliyyət göstərən sənaye parklarına 3,5 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb, 3,3 milyard manatlıq satış həyata keçirilib və 25 faiz məhsul ixrac olunub.
Xatırladaq ki, bu müəssisələrin yerləşdiyi Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanın ilk və Cənubi Qafqazın ən böyük sənaye parkıdır. Burada qeydiyyata alınmış 24 rezidentdən 15-i artıq fəaliyyətinə başlayıb. Sənaye parkı məhsul istehsalı və ixracı istiqamətində uğurlarını getdikcə artırır. Keçən il parkda 1,1 milyard manatlıq, yəni ondan əvvəlki illə müqayisədə 37 faiz çox məhsul istehsal edilib. İxrac isə 2019-cu ilə nisbətən 18 faiz artıb. Bu da onu göstərir ki, hazırkı dövrdə sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına böyük dəstək verir.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı mərasimlərindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə sözügedən sənaye parkı haqqında deyib: “Sovet vaxtında burada tikilmiş çoxsaylı müəssisələr istismar müddətini başa vurmuşdu, sıradan çıxmışdı və ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi. O müəssisələr söküldü və mənim göstərişimlə 10 il bundan əvvəl onların ərazisində 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Son illər ərzində bu sənaye parkı o qədər böyüdü və genişləndi ki, artıq göstəriş verildi, əlavə torpaq sahələri tapılsın və bu istiqamətdə işlər aparılır”.
Dövlətimizin başçısı tərəfindən Sumqayıt Kimya Sənaye Parkına belə bir əhəmiyyət verilməsi ölkəmizdə sənayeləşmənin, eləcə də qeyri-neft sənayesinin şaxələndirilməsinin dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu göstərir. Bu, həmçinin respublikamızda qeyri-neft sektorunun uğurla inkişaf etməsindən xəbər verir. Keçən il qeyri-neft sənaye sahəsində 12,5 faiz artım əldə olunması da məhz bunun bariz ifadəsidir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirir, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradır. Təsadüfi deyildir ki, dünyada gedən siyasi-iqtisadi böhran fonunda Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə, iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edir.
Bu baxımdan, dövlətimizin başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, yeni sənaye sahələrinin yaradılması, ən müasir texnologiyalar təmin edilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir.
İqtisadi tərəqqidə “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipini strateji kurs kimi müəyyənləşdirən Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması və s. vəzifələr uğurla gerçəkləşdirilir.
Vaqif BİNYATOĞLU, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə