Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dostluq” yatağı əməkdaşlıq perspektivlərini artırır

Xəzər dənizinin mövcud enerji ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq son onilliklər ərzində hövzə ölkələrinin maraq dairəsində olan ən mühüm məsələlərdən biridir. Bu sırada Xəzəryanı dövlətlərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və bu məhsulların əhəmiyyətli bir hissəsinin səmərəli yollarla ixracı olduqca mühüm əhəmiyyət daşıyır. Bu önəmi şərtləndirən əsas tələblərdən biri də enerji resursları ətrafında aparılan siyasi oyunların miqyasının getdikcə genişlənməsidir. Belə ki, heç bir hasilatçı ölkə ixrac etdiyi enerji resurslarının taleyinin siyasi motivlərə bağlanmasını istəmir və bu səbəbdən də Xəzəryanı ölkələr, ilk növbədə, bu hövzənin böyük karbohidrogen yataqlarına sahib olan Azərbaycan və Türkmənistan enerji resurslarının ixracını şaxələndirmək üçün səylərini əsirgəmirlər. Başqa bir məsələ isə Xəzərin karbohidrogen ehtiyatlarının istifadəsində Qərbin maraqlarının dayanmasıdır. Qərb artıq uzun illərdir ki, Xəzər hövzəsinin enerji resurslarının Avropaya çatdırılmasının yollarını arayır. Elə bu səbəbdəndir ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri və bu il artıq son seqmentinin də istifadəyə verildiyi Cənub Qaz Dəhlizi layihələri qoca qitənin bütün dövlətlərinin dəstəyini qazana bilmişdir.

Avropanın qaz təchizatının şaxələndirilməsinə xüsusi səy göstərən Amerika Birləşmiş Ştatları da belə nəhəng layihələrin əsas dəstəkçilərindən biri kimi çıxış etmişdir. Çünki ABŞ yaxın müttəfiqi olan Avropa Birliyinin enerji və ilk növbədə, qaz təchizatında hər hansı bir ölkənin dominantlıq etməsinin əleyhinədir. Çünki enerji təchizatında bir dövlətin dominantlıq etməsi istənilən vaxt iqtisadi əməkdaşlığı siyasi münasibətlər müstəvisinə daşımağa imkanı verir.

Son onilliklər ərzində isə Avropanın enerji təchizatında beynəlxalq siyasi müstəvidə baş verən olaylar səbəbindən dəfələrlə yaranmış anoloji hadisələr bölgənin enerji təchizatına Qərbin ba­xışlarını kökündən dəyişdirdi. Bu gün Azərbaycan qazı artıq Avropanın bir neçə ölkəsinin enerji təchizatında öz sözünü deyir. Gələcək perspektivlər isə yetərincə böyükdür.

Azərbaycan və Türkmənistan artıq illərdir ki, enerji resurslarından istifadə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün səylər göstərirlər. Son bir neçə ildə hər iki ölkənin prezidentləri səviyyəsində keçirilən görüşlərdə bu məsələlərin müzakirəsi, sonda bu ilin yanvar ayının 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbo­hidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə nəticələndi.

Müstəqillik dövründə Azərbaycan və Türkmənistan tərəfindən enerji re­surslarının ixracının şaxələndirilməsi istiqamətində böyük işlər görülüb. Lakin hər iki ölkənin rəhbərliyi bu sahədə imkan­ların daha geniş olduğunun fərqindədirlər. Bu baxımdan, Xəzər dənizində “Dost­luq” yatağının karbohidrogen resurs­larının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Me­morandumu” Azərbaycan və Türkmənistan arasında enerji resurslarının hasilatı, eyni zamanda, istifadə olunması sahəsində böyük bir əməkdaşlığın təməl daşıdır.

Burada bir məqama da diqqət yetirmək istərdim. Belə ki, Türkmənistan qaz ehtiyatlarının həcminə görə dünyanın beş ölkəsindən biridir. Deməli, artıq əsası qoyulan belə uğurlu bir əməkdaşlıqla gələcəkdə bu qazın böyük bir hissəsinin Azərbaycan üzərindən Qərb istiqamətində ixrac olunması imkanları daha da ar­tır. Bu imkanları gerçəkləşdirə biləcək başlıca şərtlərdən biri 2018-ci ilin avqust ayında, məhz Xəzəryanı beş ölkənin prezidentləri tərəfindən “Xəzər dənizinin hüquqi statusu haqında Konvensiya” ilə qoyulub. Bu sənədin 14-cü bəndində göstərilir ki, Xəzəryanı ölkələr tərəfindən Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkilə bilər. Bu zaman boru xətlərini reallaşdıran tərəflər, ilk növbədə, Xəzər dənizinin dəniz ətrafı mühitinin mühafizəsi haqqında Çərçivə Konven­siyasının və tərəfi olduqları beynəlxalq müqavilələrdə müəyyən edilmiş ekoloji tələb və standartları gözləməlidirlər.

Beləliklə, Azərbaycanla Türkmənistan arasında yanvar ayının 21-də imzalanan Xəzər dənizində “Dostluq” yatağının kar­bohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” Xəzərin böyük karbohidrogen yataqlarının Avropaya çat­dırılması kimi mühüm bir məsələnin həlli istiqamətində əhəmiyyətli addım hesab edilməlidir. Azərbaycan isə bu yatağın istismarından əldə edəcəyi mənfəətlə ya­naşı, eyni zamanda, iqtisadiyyatının qeyri-neft sektorunun əhəmiyyətli bir istiqaməti olan tranzit yükdaşımalar sahəsində də yeni uğurlar qazanmış olacaqdır.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

 

24 Yanvar 2021 18:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə