Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifə

Yanvarın 21-də Aşqabadda “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dost­luq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalandı. Bununla da Azərbaycanın neft-qaz sənayesi yeni inkişaf mərhələsinə daxil oldu.

Anlaşma Memorandumunun imza­lanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezi­denti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən görüşdə dövlətimizin başçısı memorandumun əhəmiyyətini qeyd edərkən onu tarixi sənəd adlandırdı: “Çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq, Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə baş­layır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək”.

Anlaşma Memorandumu­nun strateji istiqamətdə – enerji sahəsində Türkmənistan-Azərbaycan tərəfdaşlığında prinsipcə yeni mərhələ açdığını qeyd edən Prezident Qurban­qulu Berdiməhəmmədov 2020-ci ilin mart ayında Bakıya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti ilə birgə Xəzər dənizində energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını ətraflı müzakirə və təhlil etdiklərini xatırladaraq deyib: “Nəticədə Xəzərdə iri karbohidrogen resursları yataqlarından birində birgə iş barədə razılaşma əldə edildi. Həm də vurğulandı ki, həmin fəaliyyətin əsas prinsipləri həmrəylik, qarşılıqlı hörmət və dəstək olacaq. Buna görə də həmin yatağı “Dostluq” adlandırmaq barədə bizim ümumi qərarımız dərin rəmzi məna daşıyır. Şübhə yoxdur ki, yuxarıda qeyd etdiyim razılaşmalar, qəbul olun­muş qərarlar bizim münasibətlərimizin, dövlətlərimizin tarixinə həqiqi meh­riban qonşuluğun, məsuliyyətin və uzaqgörənliyin, hüquq bərabərliyinin və bir-birinin mənafelərini nəzərə almağın parlaq nümunəsi kimi daxil olacaq. Onlar, əlbəttə, Türkmənistan və Azərbaycan xalqları, həmçinin bizim dövlətlərimiz arasında dostluğu və qar­daşlığı daha da möhkəmlədəcək”.

“Dostluq” yatağına dair memorandu­mun imzalanması Azərbaycanın hazırkı strategiyasında əsas prioritet istiqamət kimi müəyyənləşdirdiyi neft hasilatının nisbətən stabil saxlanılması, lakin təbii qaz istehsalının maksimum artırılma­sı planları ilə üst-üstə düşür. Belə ki, ölkəmizdəki neft yataqlarının əksəriyyəti uzun illərdir istismar olunur. Təbii olaraq həmin yataqların neftverimliliyi aşağı dü­şür. “Azəri-Çıraq-Günəşli” yataqlarında da hazırda hasilatın təbii yolla müəyyən qədər azalması müşahidə edilir. Bu ba­xımdan, “Dostluq” yatağı Azərbaycanın neft hasilatını stabil saxlamasına və bir qədər artırmasına imkan yaradacaq.

Həmçinin yataqda Türkmənistanın payına düşəcək neftin Bakı-Tbilisi-Cey­han (BTC) boru kəməri vasitəsilə dünya bazarlarına çıxarılması imkanı yaranır. Bu da BTC-nin rentabelliyinin artması, Azərbaycana əlavə tranzit gəlirlərin daxil olması deməkdir.

Yatağın qaz resursları nəzərə alındıqda isə burada hasil olunacaq təbii qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqlinə imkan yarana bilər ki, bu da öz növbəsində, Azərbaycanın təbii qaz gəlirlərinin artmasına, layihənin effektivliyinə öz töhfəsini verəcək. Digər tərəfdən, Azərbaycan və Türkmənistan arasında imzalanan bu memorandum gələcəkdə yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün də əhəmiyyətlidir.

“Dostluq” yatağı Azərbaycanın neft hasilatını artırmasına da əlverişli imkan yaradacaq. Milli Məclisin deputatı Vüqar Bayramov bununla bağlı dedi:

–Yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması tarixi hadisə olmaqla yanaşı, eyni zamanda, hər iki ölkənin dövlət gəlirlərinin artması­na gətirib çıxaracaq.

Sözügedən yataqda kəşfiyyat işlərinə ötən əsrin 80-ci illərində start verilsə də, sonradan iki ölkə arasında yatağın işlənməsi barədə müzakirələrə başlanılıb. İlkin qiymətləndirmələrə görə, yataqda 100 milyon ton neft, 30 milyard kubmetr mavi qaz var. Bu isə “Dostluq”da kifayət qədər böyük enerji resurslarının olmasından xəbər verir. Bununla yanaşı, yeni kəşfiyyat işlərindən sonra bu ehtiyatların həcminin daha da çox olacağı gözləniləndir. Deməli, yataqdakı resurslar hər iki ölkənin valyuta gəlirlərinə əhəmiyyətli şəkildə töhfə verəcək.

V. BAYRAMOV “Xalq qəzeti”

24 Yanvar 2021 18:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə