Ən son xəbərlər
Vətən müharibəsinin qələbə ilə başa çatmasından iki ay keçməsinə baxmayaraq, onun ağrılarını, zədələrini hələ uzun müddət daşıyacaq hərbçilər, eyni zamanda, ailələr var. Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov Vətən müharibəsi qazilərinə göstərilən psixoloji yardım barədə verdiyi müsahibədə öncə müharibədə iştirak etmiş hərbçilərdə əsasən hansı psixoloji hallara rast gəlindiyi və bunların təzahür formaları haqda məlumat verib. Bildirib ki, müharibə dövründə hərbiçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olmuşdur. Bu barədə nazirliyin mətbuat xidməti xəbər verib.
Mərkəzin rəhbəri ona verilən sulları cavablandıraraq deyib ki, stress reaksiyalarının yaranmasında və ağırlığında şəxsin fərdi təsirlənmə və özünü idarə etmək qabiliyyəti böyük əhəmiyyətə malikdir. Əlamətlər tipik, qarışıq və dəyişkən mənzərəyə malikdir. Bu proses eləcə də, düşüncə və diqqət sferasının daralması ilə, qıcıqlandırıcıları tam dərk etməyin qeyri-mümkünlüyü ilə ilkin “heyrət” halından ibarətdir. Bu hal ətraf situasiyadan “uzaqlaşma” (dissosiativ stupor halına qədər) və ya yüksək aktivliklə (uçuş və ya fuqa reaksiyası) müşayiət oluna bilər. Bu zaman adətən həyəcanın əlamətləri də (taxikardiya, həddən artıq tərləmə, qızarma) mövcud olur. Şəxsdə stress hadisəyə qarşı hissəvi və ya tam amneziya da baş verə bilər.
Hərbçilərin və əsgərlərin çoxunda kəskin stress reaksiyası əlamətləri kimi yuxusuzluq, “fleşbeklər” (müharibə görüntülərini dəfələrlə parlaq təəssüratlarla yaşama), səsə qarşı kəskin oyanıqlıq, emosional dəyişik reaksiyalar (müalicə aldıqları müddətdə döyüş və şəhid xəbərlərinə qarşı həssaslıq), mutizm (qısa müddətli nitqin itməsi) və müxtəlif psixosomatik şikayətlər müşahidə edilib. Travmadan sonra yaranan stress pozuntusu hər bir şəxsdə dərin stress törədə biləcək, xüsusi ilə təhlükəli və ya faciə xarakterli stress hadisəsinə təxirəsalınmış və ya yubanmış cavab kimi meydana çıxır. Belə ki, psixi sağlamlıq xidmətləri üçün müraciət edən hərbçilərdə və əsgərlərdə kəskin stress pozuntusu əlamətləri davamlı və uzunmüddətli olduqda, posttravmatik stress pozuntusu diaqnozuna dəyişdirilir. F. İsmayılov deyib:
“Psixoloji yardım üçün müraciət edən kəskin stress reaksiyası yaşayan bütün hərbiçilərə və əsgərlərə ilkin psixoloji yardım göstərilib və bu davam edir. İlkin psixoloji yardım kəskin stress əlamətlərinin azalması və tələbatların ödənilməsinə yönəlmiş mərhəmətli və dəstəkedici yardım növüdür. İlkin psixoloji yardım zamanı şəxslərə praktiki və emosional dəstək göstərilir, onların tələbatları və problemləri öyrənilir, əsas tələbatların ödənilməsinə yardım olunur və böhran vəziyyətinin qarşısı alınaraq, insanlara stabil vəziyyətdə qalmağa kömək edilir. Bu isə hərbçiləri və əsgərləri gələcəkdə baş verə biləcək zərərlərdən qoruyur.
Postravmatik stress pozuntusu (PTSP) diaqnozu təyin edilmiş hərbçilərə və əsgərlərə həm klinik psixoloqlar tərəfindən psixoloji yardımın müxtəlif növləri (psixoloji profilaktika, psixoloji konsultasiya, psixoloji dəstək, psixoterapiya), həm də psixiatrlar tərəfindən dərman müalicəsi təyin olunur. Psixoloji yardımın növü və dərman müalicəsi psixi problemin ağırlıq dərəcəsinə əsasən təklif edilir. Bundan əlavə postravmatik stress pozuntusu diaqnozu təyin edilmiş hərbçilərə və əsgərlərə əsasən psixoloji yardımın psixoterapiya növü olan koqnitiv – davranış terapiyası (KDT) aparılır. KDT travmatik hadisənin hərbiçidə və əsgərdə yaratdığı emosional, koqnitiv və davranış nəticələrinə yönəlmiş qısamüddətli və strukturlaşdırılmış psixoloji müdaxilədir. Bu zaman PTSP – dən əziyyət çəkən hərbçi və əsgərlər travmatik hadisə ilə bağlı xatirələri ilə, həmçinin travma ilə bağlı çəkinmə situasiyaları ilə idarə olunan və təhlükəsiz mühitdə üzləşdirilir (təsəvvür ekspozisiyası). PTSP – nin müalicəsində koqnitiv davranış terapiyası hərbçilərə travmatik hadisə ilə bağlı əmələ gələ bilən təhrif olunmuş mənfi fikirləri, eləcə də özləri və ətraf mühit haqda uyğun olmayan, faydasız inancları müəyyənləşdirmək, aradan qaldırmaq və dəyişməkdə kömək edir”.
Mərkəzin rəhbəri hərbçilərimizdə qalan səksəkə, qorxu hissini aradan qaldırmağın yollarından da danışıb. Bildirib ki, səksəkə və qorxu bir çox psixi pozuntunun əlaməti kimi özünü göstərə bilər. Buna görə də əvvəlcə hərbçi və əsgərlərdə diaqnozun dəqiqləşdirilməsi aparılır. Daha sonra ona uyğun psixi sağlamlıq xidmətləri təklif olunur. Hərbçilərə, əsgərlərə, onların ailələrinə və müharibədən xəsarət almış vətəndaşlara psixoloji problemlərin xüsusiyyətlərindən asılı olaraq psixoloji yardım müxtəlif müddətlərdə göstərilir. Müddətindən asılı olaraq şəxslərə təcili, qısa müddətli və uzun müddətli psixoloji yardım növləri göstərilir. Həkim deyib: “Təcili psixoloji yardım – böhran vəziyyəti, neqativ psixoloji gərginliyin aradan qaldırılmasına istiqamətlənmiş ilkin psixoloji yardımın təxirəsalınmadan göstərilməsidir. Qısa müddətli psixoloji yardım (12 məşğələyə qədər) psixoloji yardım alan şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmaqla 3 ay müddətində ardıcıl şəkildə həyata keçirilir. Uzunmüddətli psixoloji yardım 12 məşğələdən çox müddət tələb edən psixoloji yardımın, o cümlədən, psixoterapiya və ya psixoloji reabilitasiyanın həyata keçirilməsidir (3 aydan daha uzun müddət)”.
Postmüharibə dövründəki psixoloji durumda qarşılaşdıqları çətin vəziyyətlərdən söz açan F.İsmayılov bildirib ki, müharibə bitdikdən sonra çətin psixoloji vəziyyət şəhid ailələrinin itkini qəbul etməsidir. “Şəhid ailələrinin üzvlərində fəsadlaşmış hüzn reaksiyaları baş verir. Onlar hüznün şok və inkar, güclü emosiyalar, depressiya və itkinin qəbul edilməsi mərhələlərini yaşayırlar. Şəhid ailələrinin üzvlərində itkinin qayıtmayacağının dərk olunması çıxılmazlıq, emosional boşluq, kəskin tənhalıq hissləri doğurur. Onlarda eyni zamanda digər kəskin ifadə olunmuş affektiv reaksiyalar da müşahidə edilə bilər. Fəsadlaşmış hüzn reaksiyası yaşayan şəhid ailələrinə interpersonal psixoterapiya (İPT) yardımı göstərilir”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi hissələrin psixoloqları ilə “Hərbi qulluqçunun fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda keçirilən təlim-metodiki məşğələlərdə xidmətə yeni çağırılan və döyüş növbətçiliyinə yeni cəlb olunan hərbi qulluqçuların uyğunlaşma dövrünə xüsusi diqqətin yetirilməsi qeyd olunub. Həmçinin hərbçilərə fərdi – psixoloji işə dair təlimat və tövsiyələr verilib. Bundan əlavə, “Hərbi hissələrdə psixoloji işin təşkili və aparılması”, “Hərbi kollektivlərdə sosial psixoloji proseslərin öyrənilməsi” və “Hərbi qulluqçularla iş zamanı psixoloji amillərin rolu” mövzularında seminar məşğələlər keçirilib.
Onu da qeyd etmək yerinə düşər ki, ölkəmizdə hərbçilərimizə, qazilərimizə yalnız psixoloji yox, hərtərəfli dəstək, və reabilitasiya xidmətləri də göstərilir. Buzovna Reabilitasiya Mərkəzi də 14 noyabr 2020-ci il tarixindən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə torpaqlarımızın bütövlüyü uğrunda şücaət və qəhrəmanlıq göstərən, Vətən müharibəsi qazilərinin istifadəsinə verilib. Qısa müddətdə 200-dən çox qaziyə xidmət göstərilib, bunlardan 100 nəfəri müalicələrini bitirdikdən sonra öz ailəsinə və ya xidməti yerinə yola salınıb. Hazırda səhiyyə ocağında 70-ə yaxın qazi müalicə alır.
Mərkəzdə qazilər üçün nevroloji və psixoloji müalicələrlə yanaşı, fizioterapiya, bolneoterapiya, hidro-masaj, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, loqoped xidməti (əgər nitq qusurları varsa) təşkil olunub. Qeyd edək ki, mərkəz qazilərin reabilitasiyasında istifadə olunan ortopedik vasitələr və geniş spektorlu “Giger” adlı cihazla təmin edilib.
Burada əsasən kəllə-beyin, onurğa-beyin travmaları, dayaq hərəkət və periferik sinir sisteminin zədələnmələrindən sonrakı vəziyyət diaqnozları (paraplegiya , monoplegiya, tetraplegiya və müxtəlif növ kontrakturalar) ilə göndərilir. Bu diaqnozlar içərisində əsasən periferik sinir sisteminin travmaları üstünlük təşkil edir. Belə ki, qazilərdə nevrotik pozulmalar və psixoloji travmalar daha çox müşahidə olunur. Müalicə kursu ərzində qazilərin psixoloji durumunda maksimum yaxşılaşma əldə olunur.
Hazırladı: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə