Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Biz daha güclü Azərbaycan quracağıq”

Müharibə başa çatdı, müzəffər ordumuz müharibədə qələbə çaldı, düşməni məğlub etdi. Azad olunmuş torpaqların bərpası üçün əlimizdən gələni edəcəyik. Hər gün mənim işimin əsas hissəsi buna həsr olunur. Ancaq digər ərazilərin inkişafı da heç vaxt yaddan çıxmayacaq, Azərbaycan xalqı əmin ola bilər.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti


Ötən il Azərbaycanın siyasi, sosial-iqtisadi sahələrində bir sıra mühüm uğurlarla yadda qaldı. Son 30 il ərzində davam edən qanlı münaqişə Azərbaycanın ədalətli qələbəsi ilə başa çatdı: müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, rəşadətli ordumuzun güc-qüdrəti, xalqımızın birliyi ilə Ermənistanın təcavüzkar əməllərinə son qoyuldu.

Vətən müharibəsinin ilk günündən Azərbaycan möhtəşəm uğura addım-addım yaxınlaşdı. Nəhayət, silahlı qüvvələrimizin 44 gün davam edən əks-hücum əməliyyatı ötən il noyabrın 10-da tarixi qələbəmizlə yekunlaşdı. Həmin gün Azərbaycan, Rusi­ya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla ordu­muzun cəbhədəki parlaq qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi, ölkəmizin ərazi bütövlüyünün tam bərpası gerçəkləşdi, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin re­allaşacağı, Naxçıvanın blokadadan çıxacağı bəyan edildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, tarixi ədalət bərpa olundu.

Noyabrın 10-da xalqa müraciətində dövlətimizin başçısı dedi: “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm.

Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tari­xi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir. Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaq­larda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”.

Vətən müharibəsndə Ali Baş Komandan, ölkə Prezi­denti İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimiz misilsiz şücaət göstərdi, cəsur əsgər və zabitlərimiz hər qarış torpağı­mızın yağılardan azad edilməsi uğurunda böyük qəhrəmanlıq nümayiş etdirdi. Təbii ki, savaş dövründə dövlətimizin başçısı siyasi müstəvidə də fədakarlıqla Ermənistanın havadarlarının təzyiqlərinə sinə gərdi, aparıcı telekanallara və informasiya agentliklərinə ardıcıl müsahibələr verdi, öz yüksək intellekti, məntiqli diplomatiyası ilə onları susdurdu. Bununla bərabər, Azərbaycan Respublikası Prezident Administrasiyasının və Müdafiə Nazirliyi­nin gündəlik cəbhə məlumatları da informasiya müharibəsində boşluğun yaranmasının qarşısını aldı. Belə bir vəziyyət isə təbii ki, düşmənin saxta xəbərlərinin (fake news), necə deyərlər, ayaq açıb yeriməsinə imkan vermədi.

Vətən müharibəsi dövründə xaricdə yaşayan ziyalılarımız, diaspor rəhbərləri və fəallarımız tərəfindən erməni kimi qəddar, yaltaq və hiyləgər düşmənə qarşı informasiya mübarizəsinə böyük dəstək verildi, sosial şəbəkələrdə səmərəli iş aparıldı. Qarabağ və işğaldan azad olunan ətraf ərazilərdə baş verən hadisələr dünya ictimaiyyətinə tam təfərrüatı, obyektivliyi ilə çatdırıldı, ermənilərın xarici ölkələrin dövlət qurumlarında yaydıqları yalanları təkzib etmək məqsədilə davamlı tədbirlər keçirildi.

Təcavüzkar Ermənistanın 30 il ərzində işğal altında saxla­dığı əzəli-əbədi torpaqlarımızın azad olunmasının təntənəsinə çevrilən möhtəşəm Zəfər para­dının keçirilməsi də unudulmaz hadisəyə çevrildi. Bu qələbə bayramı ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Koman­danı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan Ordu­sunun güc-qüdrətinin, döyüş ruhu­nun məntiqi nəticəsi idi. Bu parad, eyni zamanda, bütün dünyaya xalqımızın torpaq, yurd sevgisini, haqq-ədalət uğrunda mübarizə əzmini, yumruq kimi bir olmağı­nı, milli birliyini nümayiş etdirdi, həmçinin şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qanlarının yerdə qalmadığını göstərdi.

Zəfər bayramında meydan­da qürurla addımlayan əsgər və zabitlərimiz, nümayiş etdirilən texnika Azərbaycan Ordusu­nun döyüş ruhundan, qələbə sevincindən, silahlı qüvvələrimizin hansı imkanlara malik olmasından xəbər verdi.

Prezident, Ali Baş Komandan İlham Əliyev bu dövrdə ordumu­zun güclənməsinə daim önəm verib, ən müasir döyüş texnika­sının alınmasını gerçəkləşdirib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxla­yıb. Məhz bütün bunların nəticəsi idi ki, 44 günlük döyüşdə silahlı qüvvələrimiz möhtəşəm uğurlara imza atıb, döyüş meydanında öz üstünlüyünü dəfələrlə sübut edib.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə bütün Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı. Lakin işğalçı Ermənistan və onun havadarları hələ də bu reallıqla barışmaq istəmirlər. Prezident İlham Əliyev müqəddəs üçrəngli bayrağımızı qaldırdığı Şuşa şəhərində etdiyi çıxışında bu barədə deyib: “Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. İti qovan kimi qovmu­şuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik. Əgər kimsə revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Azərbaycanın dəmir yumruğu düşmənin belini qırıb, lazım olarsa, bir daha qırar”.

Yeri gəlmişkən, burada bir məsələni də qeyd etmək istərdim. Azərbaycanda haqq savaşı dünyanı çənginə alan korona­virus pandemiyası ilə mübarizə şəraitində aparıldı. Ötən il fevral ayından başlayaraq ölkəmizdə COVID-19-un törətdiyi fəsadların qarşısını almaq üçün vaxtında çevik tədbirlər reallaşdırıldı. Azərbaycan Prezidentinin tapşı­rığı əsasında əhalinin həyatının və sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olun­ması və iqtisadi fəallığının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanıldı. Bununla bərabər, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 əleyhinə mübarizə fonduna 10 milyon ABŞ dolları, həmçinin 5 milyon ABŞ dolları Qoşulmama Hərəkatının daha çox ehtiyacı olan dövlətləri üçün ayrıldı. Eyni zamanda, 30-dan çox ölkəyə humanitar yardım göstərildi.

Respublikamızda pandemiya­yanın fəsadlarının aradan qaldırıl­ması, habelə zərərçəkmiş kate­qoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard manat vəsait ayrıldı. Dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard ma­natı üstələdi. Təkcə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 600 milyon manat vəsait ayrıldı.

Bu gün artıq ölkəmiz özünün inkişaf tarixində tamamilə yeni bir mərhələ yaşayır. Bu, işğal­dan azad edilmiş ərazilərimizin yenidən həyata qaytarılması, Azərbaycanın siyasi-iqtisadi suve­renliyinin daha da gücləndirilməsi mərhələsidir.

Azərbaycan Prezidenti işğaldan azad edilən ərazilərə böyük qayıdışın başlanıl­ması istiqamətində həyata keçiriləcək layihələrin icrasını diqqət mərkəzində saxlayır. Bu barədə dövlətimizin başçısı cari ilin yekunlarına həsr olunan müşavirədə ətraflı bəhs edib: “İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalı­yıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq”.

Dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad edilən regionlarda tikinti-quruculuq işlərinin sürətlə aparılması, bu ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik bölgəyə çevrilməsi üçün hazırda ciddi tədbirlər həyata keçirilir. Bunun­la bağlı onu qeyd edə bilərik ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avto­mobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun və Füzuli rayonunda beynəlxalq hava lima­nının təməli qoyulub.

Şuşa Azərbaycan Prezidenti tərəfindən mədəniyyət paytaxtı­mız elan edilib. Şəhərin bərpası və tarixi simasının özünə qayta­rılması istiqamətində işlərə start verilib.

Yeri gəlmişkən, hazırda Horadizdən Zəngilana, oradan Qubadlıya və sonra Laçına qədər yolun çəkilişi işlərinə də hazırlıq görülür. Qeyd edim ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol da Laçın rayonuna qədər davam etdiriləcək. Beləliklə, hər iki tərəfdən Şuşa şəhərinə rahat şəkildə getmək mümkün olacaq.

Dövlətimizin başçısı cari ilin yekunlarına həsr olunan müşavirədə, həmçinin dəmir yollarının tikintisi ilə bağlı da göstərişlər verib. Buna görə də Horadiz-Füzuli və bundan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi nəzərdə tutulub.

Xatırladaq ki, artıq Suqovu­şana yol çəkilib, Füzuli-Şuşa yolu müasir standartlara uyğun inşa edilir, şəhərlərin yeni baş planları hazırlanır. Digər kommunal infrastrukturun bərpası istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidentinin tapşırığı ilə sosial-iqtisadi, huma­nitar, hüquqi və digər məsələlər üzrə yaradılan işçi qrupları, hazırlanan Strateji Fəaliyyət Planı əsasında nəzərdə tutulan işlər bütün istiqamətlər üzrə planlı və kompleks yanaşma əsasında real­laşdırılır.

Dövlətimizin başçısının tapşırığı ilə bu işlərin sürətli icrası məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb və bütün aidiyyəti dövlət strukturları Qa­rabağın bərpası tədbirlərinə cəlb olunub.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağın dirçəldilməsi prosesinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fondunun yaradılması da xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir.

Böyük inam və qələbə əzmi ilə qədəm qoyduğumuz 2021-ci ilə də mühüm uğurlarla başlamı­şıq. Bu baxımdan, Azərbaycan və Türkmənistan arasında yanvarın 21-də Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen ehtiyat­larının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması olduqca mühüm bir hadisədir. Adı çəkilən sənəd istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunika­siyalarının inkişafı perespektivləri baxımından əhəmiyyətlidir. Bu, eyni zamanda, Xəzər ekvato­riyasında yeni tərəfdaşlıq və əməkdaşlıq platforması yaradıl­ması ilə də əlamətdardır.

Sözügedən sənədin imzalan­ması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qal­dırılmasında çox vacib rol oyna­yacaq, eyni zamanda, bölgə üçün yeni geoiqtisadi perspektivlər açacaq. Memorandum həm də Xəzər dənizi tarixində ilk dəfə olaraq iki ölkənin yatağı birgə istismar etməsi və xarici bazarlara nəql etməsi ilə yadda qalacaq. Bu layihə Azərbaycanın geoiqtisadi mövqeyini möhkəmləndirməklə yanaşı, onun tranzit və nəqliyyat əhəmiyyətini də xeyli dərəcədə gücləndirəcək.

Bütün bunlarla yanaşı, bu sənəd həm də siyasi, mənəvi və tarixi baxımdan da çox əhəmiyyətlidir. Bunu Prezident İlham Əliyevin memorandu­mun imzalanması mərasimi ilə əlaqədar keçirilən videokonfrans­da çıxışından da aydın görmək olar: “Bu gün imzalanma prosesini müşahidə edərək düşündüm ki, əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olar­dılar. Necə deyərlər, onların ruhu şaddır. Onlar bizə görə, iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafı­nı təmin etmələrinə görə qürur duyardılar”.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

24 Yanvar 2021 18:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə