Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzər mehriban qonşuluq və əməkdaşlıq dənizidir

Xəzəryanı ölkələrin əməkdaşlığı... çox dinamik, qarşılıqlı anlaşma və qarşılıq­lı dəstək ruhunda inkişaf edir, bunun nəticəsində Xəzər dənizinin hüquqi sta­tusu haqqında Konvensiya imzalanıb.... Çoxillik uzun diskussiyalardan sonra ener­ji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konven­siya razılaşdırılıb. Biz birgə səylərimizlə bundan sonra da xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsini qorumaq üçün nə lazımdırsa etməliyik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti


2020-ci ilin mart ayında mənim Bakıya rəsmi səfərim zamanı... Xəzər dənizində energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını ətraflı müzakirə və təhlil etdik. Nəticədə Xəzərdə iri karbohidrogen resursları yataqlarından birində birgə iş barədə razılaşma əldə edildi. Həm də vurğulandı ki, həmin fəaliyyətin əsas prinsipləri həmrəylik, qarşılıqlı hörmət və dəstək olacaq.

Qurbanqulu BERDİMƏHƏMMƏDOV

Türkmənistan Prezidenti


Bir neçə gündür dünya mətbuatının gündəliyində xüsusi yer tutan Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaş­ma Memorandumu”nun imzalanması ilə bağlı qələmə al­maq istədiyimiz sətirlərin əvvəlində xüsusilə qeyd edilməli olan bəzi məqamları yada salmaq istərdim.

Əvvəla, bu uğurun təməlində Azərbaycan Prezidentinin qonaqpərvərliyi və öz dostları, həmkarları ilə müzakirələrdə nümayiş etdirdiyi səmimiyyət, dosta, tərəfdaşa sədaqət kimi keyfiyyətlər, eləcə də, öz sözünün üstündə durması dayanır. Elə adı çəkilən memorandumun imzalanmasından əvvəl çıxış edən Türkmənistan Prezidenti də xatırlatdı ki, bu razılaşmanın təməli ötən ilin yazında mənim Bakıya rəsmi səfərim zamanı qoyulmuşdur.

İkinci, bu fakt ulu öndər Heydər Əliyevin işləyib hazırladığı neft diplomatiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsinin nəticəsidir. Ulu öndərin Azərbaycan neft və qazının xaricə çıxarılması zamanı yaxın qonşularımızın, türkdilli cümhuriyyətlərin, İslam dövlətlərinin və Xəzəryanı ölkələrin maraqlarının nəzərə alinmalı olduğu barədə tövsiyələri günümüzün möhtəşəm reallığına çevrilir. Xəzərin gündoğan sahilindəki qonşu və qardaşlarımız özlərinin karbohidrogen ehtiyatlarını dünya bazarına Azərbaycanın yaratdığı ixrac kəmərləri vasitəsilə çıxara biləcəklər. Ekspertlərin fikrincə, “Dostluq” yatağının müştərək işlənməsi üçün mükəmməl razılığın əldə edilməsi də məhz həmin perspektivlə əlaqələndirilir.

Üçüncü, dünya ictimaiyyəti güclü və qalib Azərbaycan dövlətinin reallıqlarını yüksək qiymətləndirdikcə, respublikamızla iş birliyini genişləndirən ölkələrin sayı durmadan artacaq. Doğrudur, “Dostluq” yatağının müştərək izlənməsi barədə razılıq 44 günlük müharibədən bir neçə ay əvvəl əldə edilmişdi. Ancaq o da faktdır ki, müdrik insanlar Azərbaycanın öz haqq işində qələbə çalacağını da elə müharibədən əvvəl bilirdilər.

Beləliklə, Azərbaycan dövləti təkcə Cənubi Qafqazda deyil, Xəzərdə də öz uğurlarını davam etdirir. Yadımdadır, Xəzəryanı ölkələrin dövlət başçılarının 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilən V Zirvə toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin Xəzərdəki əməkdaşlığa mühüm töhfələr verdiyini söyləmişdi: “Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır”.

Dövlət başçımızın bu il yanvarın 21-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən görüşündə də bu barədə maraqlı faktlardan söz açıldı. Qardaş ölkənin Prezidenti Türkmənistan hökuməti ilə Azərbaycan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında imzalanan qarşılıqlı Anlaşma Memorandumu” haqqında danışarkən dedi ki, ölkələrimiz tərəfindən aparılmış çoxillik böyük işin nəticəsi olan bu sənəd enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iki nəhəng enerji dövlətinin çox zəngin birgə potensialının üzə çıxarılmasına, Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib”.

Xatırladaq ki, bu sənədin imzalanması Xəzərdə Türkmənistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələ deməkdir. Belə ki, möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır, bizim regiona sistemli və uzunmüddətli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaranır, ölkələrimizin milli iqtisadiyyatlarının inkişafına və dinamik artımına, yəni, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə güclü təkan verilir.

Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, ökələrimiz Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verirlər. Bütün Xəzəryanı ölkələrin fikrincə Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir. Dövlət başçılarının görüşündə xatırladıldı ki, 2018-ci ilin avqust ayında sahilyanı beş dövlətin rəhbərləri tərəfindən Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın imzalanması çoxtərəfli birgə işin nəticəsi idi. Bu konvensiya Xəzərdə, o cümlədən, enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olmuşdur. Bundan başqa, Türkmənistan və Azərbaycan həm də Xəzər dənizi–Qara dəniz nəqliyyat yolu sisteminin yaradılmasının təşəbbüskarlarındandır.

Bu məsələyə Azərbaycan Prezidenti İlham Əliyevin münasibətinə gəlincə isə xatırladaq ki, dövlət başçımız bu memorandumu tarixi sənəd adlandıraraq əlavə etdi ki, Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək.

Dostlarımızı sevindirən, bədxahlarımızı daha çox narahat edən məqamlardan biri də odur ki, son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Azərbaycan Prezidenti xatırlatdı: “Müqayisə üçün deyim ki, bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən, enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”.

Bu qeydlərimi dövlət başçımızın “Dostluq” yatağı barədə memorandumun imzalanmasının əhəmiyyəti barədə dediyi fikirlərlə tamamlamaq istərdim: “ Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Əminəm ki, Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək”.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

24 Yanvar 2021 18:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə