Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dostluq” yatağı həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək”

Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Müqayisə üçün deyim ki, bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz ra­zılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşu­larımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük im­kanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti


Yanvarın 21-də Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə çıxış edən dövlətimizin başçısı imzalanan memorandumu tarixi sənəd adlandıraraq, bununla iki ölkənin ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başladığını, “Dostluq” yatağındakı istehsal proseslərinin Azərbaycan və Türkmənistanı daha da yaxınlaşdıracağını, xalqlarımıza xeyir gətirəcəyini vurğulayıb.

Azərbaycan Prezidenti son illərdə iki ölkə arasında münasibətlərin çox müsbət dinamikaya malik olduğunu, dövlət başçıları tərəfindən 3 il ərzində 5 qarşılıqlı səfər çərçivəsində 50-dən çox sənəd imzalandığını xatırladıb: “Müqayisə üçün deyim ki, bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”.

Dövlətimizin başçısı çıxışında ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinə də toxunub. Azərbaycan Prezidenti beynəlxalq strukturlarda iki ölkə rəhbərinin bir-birini fəal dəstəklədiyini, eyni zamanda, belə qarşılıqlı dəstəyin mövcud münasibətlərin ruhunu və xarakterini əks etdirdiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri barədə danışarkən, nəqliyyat sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı bəhs edib. Bunun Azərbaycan və Türkmənistanla bərabər, region ölkələr üçün böyük perspektivlər açdığını vurğulayıb. Bununla belə ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə edib. Dövlətimizin başçısı daha sonra deyib: “Türkmənistanın nəqliyyat-logistika potensialının möhkəmlənməsi işində Sizin şəxsi xidmətlərinizi xüsusi qeyd etmək istərdim. Ona görə ki, tranzitlə bağlı məsələlərdə qonşu ölkələrlə qarşılıqlı fəaliyyət olmasa, nəticə əldə etmək mümkün deyil. Bu gün bizim nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmənistanın və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətinə dəlalət edir. Bu, bizim regionda və hətta bu regiondan uzaqda – Avrasiya məkanında yerləşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır. Ona görə ki, nəqliyyat sferası da enerji sferası kimi, ölkələri birləşdirir”.

Prezident İlham Əliyev çıxışında “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında danışarkən, Xəzərin mehriban qonşuluq, əməkdaşlıq dənizi olmasını qeyd edib, hövzənin ölkələrimizi və xalqlarımızı daha da sıx birləşdirəcəyinə əminliyini vurğulayıb.

Dövlətimizin başçısı Xəzəryanı ölkələrin əməkdaşlığının çox dinamik, qarşılıqlı anlaşma və dəstək ruhunda inkişaf etdiyini, bunun nəticəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalandığını da xatırladıb: “Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər. Çoxillik uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb. Biz birgə səylərimizlə bundan sonra da xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsini qorumaq üçün nə lazımdırsa etməliyik. Bu gün imzalanma prosesini müşahidə edərək düşündüm ki, əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar. Necə deyərlər, onların ruhu şaddır. Onlar bizə görə, iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qürur duyardılar”.

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bu gün sadəcə, Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanmır, eyni zamanda, münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atılır.

Yeri gəlmişkən, adı çəkilən yataq barədə bir qədər ətraflı bəhs etmək istərdim. Belə ki, bu yatağın karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsinə dair memorandumun imzalanması Azərbaycanın neft sənayesində əldə etdiyi əsas tarixi nailiyyətlərdən biridir.

İndiyədək Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Aralıq” adlandırılıb və istismar olunmayıb. Başqa sözlə, “Dostluq” 1990-ci illərin ortalarından başlayaraq iki ölkə arasında mübahisə predmeti kimi qalıb. Lakin uzun illərin danışıqlarının nəticəsində ortaq məxrəcə gəlinib və yanvarın 21-də anlaşma memorandumu imzalanıb.

Yuxarıda qeyd etdiyimiz kimi, “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb. Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, nəhayət, Aşqabad şəhərində “Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Memorandumun imzalanması tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir.

Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Bu, Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında da çox önəmli addımdır. Sənəd, həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti var.

Memorandumun imzalanması bölgə üçün yeni geoiqtisadi perspektivlər açacaq. Sənəd həm də Xəzər dənizi tarixində ilk dəfə olaraq iki ölkənin yatağı birgə istismar etməsi və xarici bazarlara nəql etməsi ilə yadda qalacaq. Bu layihə Azərbaycanın geoiqitsadi mövqeyini möhkəmləndirməklə yanaşı, onun tranzit və nəqliyyat əhəmiyyətini də xeyli dərəcədə gücləndirəcək.

Türkmənistanın payına düşəcək neftin də Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına çıxarılması mümkün ola bilər. Bu da Bakı-Tbilisi-Ceyhan boru kəmərinin rentabelliliyinin daha da artmasına, Azərbaycana əlavə tranzit gəlirlərinin gəlməsinə mühüm töhfə verəcək. Yəni bu, həm Azərbaycanın əlavə neft gəlirlərinin artmasına, həm də Azərbaycanı tranzit baxımından əsas mərkəzlərdən birinə çevirərək gəlirlərinin artmasına şərait yaradacaq. Digər tərəfdən də, hasil olunacaq təbii qaz Cənub Qaz Dəhlizi vasitəsilə dünya bazarlarına çıxarıla bilər ki, bu da öz növbəsində, Azərbaycanın təbii qaz gəlirlərinin artmasına, bu layihənin daha effektli istifadəsinə öz dəyərli töhfəsini verəcək.

Digər tərəfdən Azərbaycan və Türkmənistan arasında imzalanan bu memorandum gələcəkdə yeni əməkdaşlıq əlaqələrinin qurulması nöqteyi-nəzərindən də əhəmiyyətlidir. Bildiyimiz kimi, Türkmənistan dünyada ən çox təbii qaza sahib olan 4-cü ölkədir. Gələcəkdə türkmən qazının da Cənub Qaz Dəhlizi layihəsinə daxil olması bu istiqamətdə həm Türkmənistana əlavə gəlirlər qazandıra, təbii qaz ixracının artmasına imkan yarada, həm də Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini artıra, Azərbaycanın bu istiqamətdə gəlirlərinin daha da artmasına təkan verəcək. Düşünürəm ki, bu nöqteyi-nəzərdən yeni müqavilə gələcəkdə yeni əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində çox əhəmiyyətlidir. Bu da öz növbəsində, hər iki dövlətə uzun illər gəlir qazandıracaq.

Burada bəzi mühüm məqamlara da toxunmaq istərdik. Belə ki, hələ bir müddət əvvəl Azərbaycan və Türkmənistan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş “Nabucco” qaz kəməri layihəsi uzun müddət idi ki, müzakirə predmetinə çevrilmişdi. Həmin vaxt 250 milyon avro dəyərində qiymətləndirilən “Nabucco” layihəsi Avropa İttifaqındakı bəzi liderlərin prinsipiallıq nümayiş etdirməməsi səbəbindən reallaşmadı. Nəticədə, Azərbaycan region ətrafında baş qaldıran riskləri və Avropanın o zaman Türkmənistana siyasi-iqtisadi dəstəyinin lazımı səviyyədə olmamasını nəzərə alaraq, digər layihə üzərində dayandı. 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladı. Bu, Cənub Qaz Dəhlizi layihəsi üçün əsas oldu. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. Daha sonra 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TAP kəmərinin tikintisi ilə bağlı razılıq əldə edildi. Nəticədə, bu gün Azərbaycan qazı Avropanın mərkəzlərindən sayılan İtaliyaya qədər nəql olunmaqdadır.

Bu dəfə isə Azərbaycan və Türkmənistan birgə istismar edəcəyi “Dostluq” yatağı vasitəsilə Avropanın enerji təhlükəsizliyində növbəti uğurlu layihəyə imza atmış olacaq. Nəticədə neft və qaz ixracatçısı olan Azərbaycanın həm enerji resurslarının sahibi kimi, həm də tranzit ölkə kimi Avrasiyadakı əhəmiyyətini bir qədər də artacaq.

Azərbaycanın müəllifi olduğu energetika və nəqliyyat layihələri haqqında danışarkən, təkcə son 3 il ərzində ölkəmizin Bakı-Tbilisi-Qars, Şimal-Cənub, TAP, TANAP kimi beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmağı bacardığını qeyd edə bilərik. Rəsmi Bakı, eyni zamanda Xəzərin şərq istiqamətində də ciddi layihələrə imza atmaqdadır. Son zamanlar Azərbaycan-Türkmənistan-Əfqanıstan arasında nəqliyyat və ticarət sahəsindəki uğurlar da bunun göstəricisidir. Buna Lapis Lazuli marşrutunun 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirilməsindən sonra artıq Əfqanıstandan yüklərin Türkmənistandan Azərbaycana, daha sonra Qərb istiqamətində daşınmağa başlandığını misal çəkmək olar. Bu gün Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının daha da artırılması üçün səylər davam etdirilməkdədir.

Beləliklə, Azərbaycan və Türkmənistan arasında imzalanmış memorandum iki dövlət arasında olan qardaşlığın və dostluğun bariz nümunəsidir. Sənədin imzalanması iki dövlətin iqtisadi potensiallarını artırmaqla yanaşı, Bakı və Aşqabad arasında iqtisadi əməkdaşlığa yeni təkan verir, eyni zamanda, hər iki ölkənin beynəlxalq və regional əhəmiyyətini daha da artırmış olur.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

23 Yanvar 2021 02:40 - SİYASƏT
SİYASƏT
3 Mart 2021 | 01:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə