Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“XXI əsrin universitet modeli”

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın və “AzEdu Academy”-nin birgə təşkilatçılığı ilə “XXI əsrin universitet modeli” mövzusunda videokonfrans formatında müzakirə təşkil olunmuşdur. Yanvarın 21-də baş tutmuş tədbirdə təhsil naziri Emin Əmrullayev, İctimai Şuranın üzvləri, nazirliyin rəhbər şəxsləri, Türkiyənin İstanbul Texniki Universitetinin və Azərbaycanın 30-dan çox ali məktəbinin rəhbərləri iştirak etmişlər.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanın­da İctimai Şuranın sədri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov XXI əsrdə universitetlərin qarşısında duran vəzifələrdən, yeni çağırışlardan və ali təhsil müəssisələrimizin qarşısında duran əsas məsələlərdən danışdı.

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev tədbirdə çıxış etdi. Nazir bildirdi ki, vətən müharibəsindəki zəfərimiz həm də onu göstərdi ki, Azərbaycan təhsili qarşısına qoyduğu məqsəd və vəzifəsinin öhdəsindən gələ bil­di. 44 günlük müharibə həm də Azərbaycan xalq olaraq yumruğu bir yerə vurmağı bacardığının göstəricisidir. Eyni zamanda, xüsusi diqqətçəkən məqamlardan biri də müharibənin təkcə silah və səngərlərdən de­yil, həm də yeni innovasiyalar və texnologi­yalar, siyasi diplomatiyadan keçməsi oldu. Bu, Azərbaycanın haqq davası idi.

Nazir vurğuladı ki, Qarabağ zəfəri Azərbaycanın təhsili, cəmiyyətinin inkişafı üçün yeni üfüqlər açır. Biz bu üfüqləri düzgün qiymətləndirərək yeni hədəflər müəyyən etməliyik. Yeni hədəflərin müəyyən edilməsi ilk növbədə, yeni problemləri tapmaqla başlayır. Problemləri tapmaq onları həll etmək üçün ən qısa yoldur. Mənə görə, orda ənənəvi olan vəzifələrlə, kadr hazırlığı, elmi tədqiqatların aparılması ilə yanaşı, o cümlədən, elmin qloballığını başa düşüb həmin qlobal dünyanın bir parçası olmaq vacib məsələdir. Bir çox universitetlərimizin 100 yaşı tamam olur. Dəyərlər ətrafında rəqabət beynəlxalq səviyyədə gedir. Bir çox çağırışlarıla üz-üzəyik. Ali təhsil müəssisələrimizin kadr hazırlığı, həm də dünya elmiylə eyni proseslərlə üz-üzə durması vacib şərtdir.

Daha sonra İctimai Şuranın məsul kati­bi, fəlsəfə doktoru İlqar Orucovun mode­ratorluğu ilə davam edən tədbirdə İstanbul Texniki Universitetinin rektoru professor İsmayil Koyunçu, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev təqdimatla çıxış etdilər.

Virtual müzakirədə çıxışı zamanı İstanbul Texniki Universitetin rektoru İsmayil Koyunçu universitetlər ara­sında beynəlxalq əlaqələrin qurulması vacibliyindən bəhs edərək hazırda İstanbul Texniki Universitetinin Azərbaycanın Memarlıq və İnşaat Universiteti ilə ortaq təhsil proqramı həyata keçirdiyini dedi. Proqramlara əsasən tələbə təhsil həyatının bir ilini bir universitetdə, 2-ci ilini digərində bu şəkildə davam edir. O qeyd etdi ki, bu proqramdan yararlanan tələbələr çox fərqli universitet mədəniyyətlərini öyrənərək məzun olacaqlar. Bu əsrdə rəqəmsallaşan univeristetlər önə çıxacaq. Yeni nəsil təhsil sistemlərini idarə edə bilənlər önə çıxacaq. Universitetlər arasındakı qurumların da əlaqələndirilməsi çox önəmlidir. XI əsr üçün rəqəmsal çevrilmə mühüm rol oyna­yır. Bu çevrilmədə onlayn dərslər xüsusi əhəmiyyət daşıyır. 250 illik tarixə malik olan İstanbul Texniki Universiteti olaraq xüsusilə pandemiya dövründə rəqəmsal çevrilmədə onlayn təhsil üçün baza ya­rada bildik. Düşünürəm ki, onlayn təhsil pandemiya dövrü başa çatdıqdan sonra da həyatımızın bir parçası olacaq.

Azərbaycan Dövlət İqtisad Uni­versitetinin (UNEC) rektoru, professor Ədalət Muradov bildirdi ki, universitetlər artıq bilik yox, məlumat ötürücüsünə çevriliblər. Rəqəmsal təhsilə keçidlə bağlı vəziyyət daha təhlükəlidir. Artıq şirkətlər universitetlərə, demək olar ki, meydan oxu­yur. Universitet modeli tamamilə yenidən qurulmalıdır. Xaricdə mütəxəssis axtaran zamanı ondan universitet diplomunu deyil, İLTS və ya TOEFL sertifikatlarının olması soruşulur. Təshil proqramlarının verdi­yi sertifikatlar universitetlərdən alınan diplomlardan daha önəmli olur. O, XXI əsrin universitetlərinin çatışmazlıqların­dan da danışıb: “XXI əsrdə müasir bilik və vərdişlər tamam dəyişib. Universitetlər artıq bilik yox, məlumat ötürücüsünə çevirilir. ABŞ-da məşhur univeristetlər belə mütəxəsissləri ixrac etmək əvəzinə geridə qalan universitetlərdən kadr istəyir. Bu gün dünya dəyişsə də, dəyişməyən tək şey universitetlərdir. Hamımız universitetlərin dövlətin, cəmiyyətin tərəqqisinin önündə getdiyini bilirik. Bu gün biz bu fikri təsdiqləyə bilərikmi? Zənnimcə, universitetlər artıq bu funksiyasını yerinə yetirə bilmir” deyə natiq əlavə edib.

İlk universitet I sənaye inqilabı dövründə yaranıb. Bu gün isə IV sənaye inqilabından danışırıqsa, bunu mütləq vurğulamalıyıq: “Dövrünün tələbatına cavab verməyən “mütəxəssislər ordusu” yetişdirmək dövlətin tərəqqisinə deyil, onun probleminə çevrilir. Əmək bazarına xüsusi diqqət yetirilməlidir. Elə sahələr var ki, orada işçi qüvvəsi çoxdur, lakin elələri var ki, orada işçi qüvvəsi çatışmır. Universitetlər yeni sahəyə keçid edən insanları mütəxəssis kimi yetişdirə bilmir. Universitet müəllimlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Müəllimlik kütləvi peşəyə çevrilib. Bunda müasir reytinqlərin rolu böyük oldu. Belə olduqda müəllim vahid bilik mənbəyi funksiyasını da itirdi. Bu qədər müəllimə ehtiyac yoxdur. Ən qısa vaxt ərzində distant təhsillə bağlı vahid standartların hazırlanması olduqca vacibdir. Bizim ali təhsilimizdə tələbələrin rolu görünmür və ya ümumiyyətlə yoxdur. Tələbə universitetin idarəetmə subyektinə çevrilməlidir. Bu haqda düşünməliyik.” O, univeristetdə yaradılan “UNEC to be” platforması haqda da danışıb: “UNEC-də 3 il əvvəl “UNEC to be” platforması yaradılıb və təqdim edilib. Bunun mahiyyıti nədir? Biz şirkətlər qarşısında öhdəlik götürmüşük ki, UNEC-in məzununu işə götürdüyü za­man 3 il müddətində o tələbənin keyfiyyətli fəaliyyətinə zəmanət veririk. Əgər şirkət o şəxsin fəaliyyətindən narazı olarsa, UNEC-də həmin tələbə yenidən təlimlərə cəlb olunur.”

Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev “XXI ƏSRİN UNİVERSİTETLƏRİ (mühəndis hazırlığı kontekstindən baxış)” mövzusun­da təqdimatla çıxış edib. Rektor bildirib ki, son 200 ildə dünyada elmi-texniki tərəqqi mühəndis təhsilində yeni üfüqlərə yol açmışdır. Azərbaycanda neft bumu və Sovetlər dövründə sənayeləşmə mühəndis təhsilini daha da institusionallaşdırıb.Texnologiyanın müasir tələblərinə uyğun texniki və mühəndislik təhsilinin qurulması zamanın diktəsidir.

Universitetlər COVİD-19 pandemi­yası səbəbindən təsildə yeni çağırışlar və postpandemiya dövründə hibrid (audto­riya və online) tədrisin təşkili məsələsinə həssaslıqla yanaşmalıdırlar.

Pandemiyanın yaratdığı yeni iqtisadi reallığa uyğun texniki təhsil çağırışlarına toxunan natiq XXI əsrin mühəndisi müasir tələblər kontekstində, müasir mühəndis təhsilində dəyişikliləri şərtləndirən əsas amillər, post pandemiya dövrü üçün mühəndis hazırlığı: reallıqlar, gözləntilər istiqamətində fikirlərini bölüşüb. Yeni dövrün reallıqlarında distant təhsilə yeni ehtiyacların yaranmasını, rəqəmsal texnologiyaların dəstəklənməsi ilə həyata keçiriləcək ixtisaslara və digər təhsil xidmətlərinə ehtiyacı, distant təhsil vasitəsilə praktik dərslərin keçirilməsi üçün virtual trenajorların yaradılmasına tələbatı, ayrı-ayrı ixtisaslar üzrə məsafədən təhsildə yeni proqram təminatları və metodoloji yanaşmaları, təhsil proqramlarının və biliklərin yeni qiymətləndirmə üsullarına tələbatı, “Sərhədsiz” təhsil imkanlarının genişlənməsini, mobil texnologiyalar hesabına tədris vasitələrinə əlyetərliyi artırmasını diktə edir. Professor daha sonra perspektiv gözləntilərlə bağlı fikirlərini bölüşdü: “Universitetlərin statuslarının yenidən müəyyən edilməsi, təhsil pillələri və səviyyələri arasında üzvi əlaqənin inki­şaf etdirilməsi, rəqəmsallaşmanın yarada­cağı sosiallaşma problemlərini idarə etmək lazım gələcək.”

Yeni yanaşmalara adaptasiya olunmuş təhsilverənlərin yetişdirilməsi – Təhsil alanlar texnoloji inkişafın daima dəyişən kompetensiyalarına uyğun təhsil tələb edir və təhsil verənlər buna adaptasiya olunmalı­dır deyə natiq bildirib.

Təhsilalanlara qoyulan yeni səriştə tələbatları – “Ömür boyu təhsil” prinsipi, başqa sözlə Texnologiyaların inkişafı kom­petensiyaların artırılmasını ehtiva edir

XXI əsrin universitetləri tədris prose­sinin qarşılıqlı interaktivliyini zəruri edir. Belə ki, təhsil verən və təhsil alan tərəf artıq qarşılıqlı əməkdaşlıq şəraitində işləyir və yenilikləri birgə yaradırlar.

Mövzuya və çıxışlara həsr olunmuş müzakirələrdə İctimai Şuranın üzvü, Milli Məclisin elm və təhsil komitəsinin üzvü Etibar Əliyev, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Gömrük Akademiyasının rəisi Qulu Novru­zov, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, təhsil nazirinin müşaviri Elnur Nəsibov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Təhsil Nazirliyi­nin şöbə müdiri Nicat Məmmədli, İctimai Şuranın üzvləri Ülviyyə Mikayılova və Mirzə Cəfərzadə, “AzEdu Academy”-nin həmtəsisçisi Elşad Eyvazlı, Bakı Qızlar Universitetinin təsisçisi Ağarəhim Rəhimov iştirak ediblər.

Qeyd edək ki, tədbir modern.az infor­masiya agentliyinin informasiya tərəfdaşlığı ilə keçirilib.

“Xalq qəzeti”

23 Yanvar 2021 02:12 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə