Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ əvvəlkindən də abad və cəlbedici olacaq

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 ilə yaxın müddətdə işğal altında qalan ərazilərimizi 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad etdi. Bununla da ordumuz tarixinin ən yaddaqalan və şanlı səhifəsini yazdı. Bu Qələbə Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi.

Dövlət başçısı cənab İlham Əliyev, Birinci vitse- prezident Mehriban xanım Əliyeva, həmçinin ölkəmizdəki diplomatik korpusların nümayəndələri, eləcə də digər xarici qonaqlar işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı bir daha şahid oldular ki, erməni qəsbkarları bu müddət ərzində maddi və mədəni sərvətlərimizi talan etmiş, yaşayış məntəqələrini viran qoymuş, hətta qəbiristanlıqları da vəhşicəsinə dağıtmışlar. Bütün bunlara görə layiqli cavabını alan işğalçı Ermənistan, nəhayət diz çökdürüldü.

Düşməndən azad edilmiş ərazilərimizin bərpası, yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin möhkəmləndirilməsinin mühüm amillərindən biri olacaq. Bu məsələ hazırda həyata keçirilən siyasətin prioritetini təşkil edir. Bu məqsədlə 2021-ci ildə Qarabağda infrastruktur layihələrinin icrası və yenidənqurma işlərinin aparılması üçün dövlət büdcəsindən 2,2 milyard manat vəsait də ayrılmışdır.

Dövlət başçımızın həyata keçirdiyi uğurlu strategiya nəticəsində işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, rahat yaşayış və iqtisadi fəallıq təmin ediləcək. Həyata keçiriləcək quruculuq – bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirəcək. Dövlət başçımızın 2021- ci il 4 yanvar tarixli fərmanı ilə Qarabağ Dirçəliş Fondu publik hüquqi şəxsin yaradılması işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədini daşıyır.

Prezident İlham Əliyevin 19 yanvar 2021-ci il tarixli fərmanı ilə Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi də təsdiq edilib. İşğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması üçün ölkə daxilində və xaricində sərmayələrin cəlb edilməsinin təmin olunması qarşıya qoyulan prioritet vəzifələrdəndir.

Azad olunmuş ərazilərdə artıq sosial-iqtisadi inkişaf, abadlıq - quruculuq işlərinin yüksək səviyyədə icrasına başlanılıb. Füzuli rayonundan Şuşaya yeni avtomobil yolunun çəkilişi sürətlə davam etdirilir. Yevlax–Bərdə–Xankəndi dəmir yolu xəttinin çəkilməsi layihələndirilib. Tezliklə Horadizdən Ermənistan sərhədinədək dəmir yolu xəttinin çəkilməsi də öz həllini tapacaq. Şuşanın su və elektrik təchizatı yenidən qurulur. Suqovuşana yeni avtomobil yolunun çəkilişi artıq tamamlanıb, elektrik stansiyalarının yenidən qurulması işinə başlanılıb.

Əminəm ki, dövlət başçımızın qarşıya qoyduğu vəzifələr erməni vandallarının yerlə-yeksan etdikləri əraziləri gülüstana çevirəcək. Qarabağ əvvəlkindən də abad və cəlbedici olacaq. Bu işdə hər bir soydaşımız öz köməyini əsirgəməməlidir.

Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri

23 Yanvar 2021 02:11 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə