Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ Dirçəliş Fondunun yaradılması xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla silahlı qüvvələrimizin cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi, ölkəmizin ərazi bütövlüyünün bərpası reallaşdı, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıvanın blokadadan çıxacağı bəyan edildi. Beləliklə, xalqımı­zın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, tarixi ədalət bərpa olundu.

Hazırda işğaldan azad edilən torpaqların yenidən qurulması, bərpası qarşıda duran ən mühüm məsələlərdən biridir. Bu ərazilərdə gerçəkləşdiriləcək abadlıq-qurucu­luq işlərinin miqyası da, şübhəsiz ki, çox böyükdür. Çünki təcavüzkar Ermənistan torpaqlarımızda əsl van­dalizm aktı törədib, bütün şəhər və kəndlərimizi tamamilə dağıdıb, tarixi abidələrimizi, məscidlərimizi məhv edib, bölgənin ekologiyasına çox ciddi ziyan vurub.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışların­da hazırda bu ərazilərdə acınacaqlı vəziyyətin hökm sürdüyünü, yaşayış məntəqələrinin xarabalığa çevrildiyini, hətta evlərin pəncərə çərçivələrinin belə oğurlandığını, infrastrukturun tamamilə dağıdıldığını, salamat bir bina belə saxlanılmadığını, yerüstü və yeraltı sərvətlərin talan edildiyini, tarixi-dini abidələrin barbarcasına yerlə-yeksan edildiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası­nın Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən də bu barədə dedi: “Təsadüfi deyil ki, xarici jurnalistlər Ağdamı “Qaf­qazın Xirosiması” adlandırıblar. Fikrimcə, eyni sözləri Füzuli şəhəri, həmçinin işğal altında olmuş başqa şəhərlər haqqında da demək olar. Zəngilan da, Cəbrayıl da, Qubadlı da praktiki olaraq tamamilə dağıdı­lıb. Təkcə şəhərlər yox, kəndlər də. Siz Füzuliyə, Ağdama gedəndə yol boyunca yəqin ki, tamamilə dağıdıl­mış kəndləri görmüsünüz. Bütün bu dağıntılar birinci Qarabağ müharibəsi başa çatandan sonra törədilib, məhz bu ərazilərdə Azərbaycanın mədəni irsinin izlərini məhv etmək üçün. Həm də ondan ötrü ki, azərbaycanlıların bu ərazilərə qayıtmalarına heç vaxt imkan verməmək üçün, eləcə də sırf oğurluq, qarət üçün. Vandallar və oğrular pəncərə çərçivələrini, qapıları, dam örtüklərini, aparılması mümkün olan nə varsa hamısını söküb aparıb­lar...”.

Dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad edilən ərazilərimizdə tikinti-quruculuq işlərinin sürətlə aparılması, bu yerlərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik bölgəyə çevrilməsi üçün hazırda ciddi tədbirlər həyata keçirilir. Bununla bağ­lı onu qeyd edə bilərəm ki, Prezident İlham Əliyev, Birinci vise-prezident Mehriban Əliyeva tərəfindən yanva­rın 14-də Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun və Füzuli rayonunda beynəlxalq hava lima­nının təməli qoyulub. Mərasimdə dövlətimizin başçısı deyib: “Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermiş­dim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir... Bu hava limanının əsas məqsədi xarici qonaq­ların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avto­mobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”.

Ölkə rəhbəri daha sonra Şuşanın Azərbaycan Prezidenti tərəfindən mədəniyyət paytaxtımız elan edildiyi­ni, şəhərin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildiyini bildirib. Bunun­la da böyük qayıdışın başlandığını, düşmənin qısa müddət ərzində, cəmi 44 gündə ərazilərimizdən qovulduğu kimi, tarixi dədə-baba torpağımız olan Qarabağın da qısa müddətdə bərpa ediləcəyinə əminliyini vurğulayıb.

Yeri gəlmişkən, hazırda Horadizdən Zəngilana, oradan Qu­badlıya və sonra Laçına qədər yolun çəkilişi işlərinə də hazırlıq görülür. Qeyd edim ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol da Laçın rayonuna qədər davam etdiriləcək. Beləliklə, hər iki tərəfdən Şuşa şəhərinə rahat şəkildə getmək mümkün olacaq.

Dövlətimizin başçısı cari ilin yekunlarına həsr olunan müşavirədə, həmçinin dəmir yollarının tikintisi ilə bağlı da göstərişlər verib. Buna görə də Horadiz–Füzuli və bundan sonra Füzuli–Şuşa dəmir yolunun tikintisi nəzərdə tutulub.

Xatırladım ki, artıq Suqovuşana yol çəkilib, Füzuli–Şuşa yolu mü­asir standartlara uyğun inşa edilir, şəhərlərin yeni baş planları hazırla­nır. Digər kommunal infrastrukturun bərpası istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Cənab Prezidentin tapşırığı ilə sosial-iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə yaradılan işçi qrupları, hazırlanan Strateji Fəaliyyət Planı əsasında nəzərdə tutulan işlər bütün istiqamətlər üzrə planlı və kompleks yanaşma əsasında reallaş­dırılır.

Dövlətimizin başçısının tapşırığı ilə bu işlərin sürətli icrası məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb və bütün aidiyyəti dövlət strukturları Qarabağın bərpası tədbirlərinə cəlb olunub.

Burada önəmli bir məqamı da xa­tırlatmaq istərdim. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qara­bağın dirçəldilməsi prosesinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fondunun yaradılması da xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir.

Ermənilər tərəfindən barbarca­sına dağıdılan ərazilərdə dayanıqlı məskunlaşmanın reallaşdırılma­sı, müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, bir sözlə, Qarabağın dirçəldilməsi prosesinə töhfə vermək məqsədilə dövlətimizin başçısının 2021-ci il 4 yanvar tarixli fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu müvafiq layihələrə maliyyə dəstəyi göstərəcək, sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, habelə ölkə daxilində, eləcə də ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi tədbirlərini publik hüquqi şəxs kimi gerçəkləşdirəcək.

Xatırladım ki, Qarabağ Dirçəliş Fondu üzərinə düşən vəzifələri yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqəyə xüsusi diqqət yetirəcək. Eyni zamanda, mövcud nizamnaməsinə əsasən, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olacaq, həmçinin qarşıya qoyulan məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyətinə də önəm verəcək.

İqbal MƏMMƏDOV, Milli Məclisin deputatı

23 Yanvar 2021 12:13 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə