Ən son xəbərlər
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb. Qarşımızda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Cənab Prezident azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Prezident İlham Əliyev Şuşaya qalib ordunun və dövlətin qalib sərkərdəsi kimi səfər etdi. Onun sözlərinə görə, dövlətimizin başçısı tərəfindən Şuşanın işğaldan azad edildiyi ilk gündən bu tarixi şəhərimizin dirçəldilməsi üçün əməli fəaliyyətə başlanıldı. Biz möhtərəm Prezidentimizin yanvarın 14-də Füzuli–Şuşa avtomobil yolunun 27-ci kilometrində həmçinin Füzuli rayonunda hava limanının təməllərinin qoyduğu, mədəniyyət paytaxtı Şuşa şəhərində olduğu zaman bunun bir daha şahidi olduq. Məlumdur ki, 30 ilə yaxın müddətdə həmin torpaqları işğal altında saxlayan düşmən orada daşı daş üstə qoymayıb, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan Füzuli və Cəbrayıl rayonlarında, eləcə də digər yaşayış sahələrində dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev- eşikləri erməni vandalları tərəfindən yerlə - yeksan olunub. Bəli, bu, erməni xislətinin mahiyyətini, vəhşiliyini göstərir.
Deputat qeyd edib ki, Şuşa səfəri zamanı dövlətimizin başçısı mühüm mesajlar verdi. Həm Ermənistan, həm də müvafiq beynəlxalq təşkilatlar bundan nəticə çıxarmalıdır. Məlumdur ki, Ermənistan tərəfi münaqişənin həllini mümkün qədər uzatmağa çalışırdı. Məqsəd bu idi ki, yetişən gənc nəsil bu problemi unutsun. Amma torpaqlarımızı işğaldan azad edənlərin əksəriyyəti Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələri olan gənclərimiz oldu. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirdilər. Vətən sevgisi ilə torpaqlarımızı, o cümlədən Şuşanı işğaldan azad etdilər.
“Qələbəmizin rəmzi təsadüfən “dəmir yumruq” seçilməyib. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, xalqımız, etnik qrupların , bütün dinlərin nümayəndələri bir yumruq tək birləşib. Bu yumruq, həm gücdür, həm də birlik. Düzdür, bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhmət payı var. Ancaq əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Ümumilikdə isə Azərbaycanın timsalında bunu bütün dünya gördü”,-deyən S.Fətəliyeva əlavə edib ki, bu gün hər bir Azərbaycan gənci öz sahəsində əlindən gələni edərək ölkəmizin daha parlaq gələcəyə addımlaması yolunda əzmlə çalışır.
Bu gün gənclərimiz Heydər Əliyev məktəbinin layiqli yetirməsi kimi ölkəmizin inkişafına öz töhfələrini verirlər. Vətənə, xalqa, dövlətə, torpağa sonsuz məhəbbət və sədaqət bizim yaddaşımıza məhz ulu öndərin ideyaları ilə aşılanır. Ən çətin məqamlarda belə torpağa və dövlətə sədaqət prinsipi Heydər Əliyevin gənclərə ən ali mirasıdır.
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə