Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərazilərimizin bərpasında dost ölkələr fəal iştirak edəcəklər

Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, işğaldan azad edilmiş ərazilərimiz qısa müddət ərzində bərpa olunacaq, indiyədək məcburi köçkün kimi Azərbaycanın müxtəlif rayonla­rına səpələnmiş vətəndaşlarımız öz yurd-yuvalarına qayıdacaqlar. Hazırda dövlət başçısının birbaşa qay­ğısı, diqqəti və nəzarəti altında bu istiqamətdə işlərə başlanılıb. Bunu Prezidentin Şuşaya səfəri zamanı da müşahidə etdik. Yanvarın 14-də baş tutmuş həmin səfər zamanı dövlət başçısı Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli–Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu.

Dövlət başçısı qeyd etdi ki, Füzuli Beynəlxalq Hava Limanı azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli layihədir. Bu hava limanı, əsasən də onun uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə gələn il istifadəyə verilə bilər. Hava limanının qısa müddətdə istifadəyə verilməsində əsas məqsəd xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə çox da böyük deyil. Füzuli–Şuşa yolu dördzolaqlı və bəzi yerlərdə altızolaqlı olacaq, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.

Şuşanın bərpası ilə bağlı Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən də məlumat verib. Azərbaycan lideri dedi ki, Şuşanın hazırkı vəziyyətinə heç kim laqeyd qala bilməz, bu nadir və bənzərsiz şəhər Qafqazın incisidir. Ermənilər bu şəhərdə də dağıntılar törədiblər: “Məscidlər dağıdılıb, tarix və mədəniyyət abidələri, Vaqifin məqbərəsi dağıdılıb, məzar daşı sındırılıb, Vaqifin barelyefi qırılıb, büstü məhv edilib. Natəvanın sarayı dağıdılıb, Bülbülün evi praktiki olaraq yarıdağıdılmış vəziyyətdədir, Üzeyir Hacıbəylinin evi isə artıq yoxdur, onun yalnız divarları qalıb. Bu, barbarlıqdır, bu, mədəni soyqırımıdır”.

Prezident artıq müharibənin bitdiyini, Azərbaycanın şanlı Qələbə qazandığını, lakin bu vəhşiliyin heç vaxt unutmayacağını bildirdi: “Mənim göstərişimə əsasən bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləndə biz yəqin ki, hər şəhərdə bir məhəlləni, ola bilsin, böyük bir ərazini işğalçılardan sonra qalmış vəziyyətdə saxlayacağıq ki, Azərbaycan xalqı bunu heç vaxt unutmasın, gələcək nəsillər yadda saxlasınlar ki, biz öz torpağımızı qorumalıyıq və yalnız öz gücümüzə güvənməliyik”.

Dövlət başçısı dedi ki, işğal edilmiş ərazilərdə dağıdılmış nə varsa, hamısı bərpa ediləcək və artıq bərpa prosesi başlanıb. Böyük qayıdış proqramı hazırlanır, lap yaxın vaxtlarda şəhərlərin dirçəlişini görəcəyik. Onun sözlərinə görə, azad edilmiş ərazilər qardaş ölkələrlə birlikdə bərpa olunacaq, bu prosesdə yalnız dost ölkələrdən olan şirkətlər iştirak edəcəklər. Müharibə vaxtı və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal şəkildə dəstəkləyən ölkələrə daha çox üstünlük veriləcək. Bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın tarix və mədəniyyət abidələrinin bərpasına TÜRKSOY fəal dəstək verməlidir. Azad edilmiş ərazilərdə 70-ə yaxın məscid dağıdılıb, muzeylər qarət olunub, bütün sosial infrastruktur məhv edilib. TÜRKSOY həm də işğalçı qüvvələrin barbarlığını, mədəni-tarixi irsimizin məhv edildiyini dünya ictimaiyyətinə çatdırmağı diqqət mərkəzində saxlamalıdır. Ağdam məscidinin bərpasında Heydər Əliyev Fondu fəal rol oynayacaq. Vaqifin məqbərəsi bu il bərpa olunmalıdır: “Biz bu il Vaqif poeziya günləri keçirilməsini bərpa etməyi, həmçinin “Xarı bülbül” festivalı keçirməyi planlaşdırırıq. Mənim Şuşanı Azərbaycanın mədəni paytaxtı elan etməyim təsadüfi deyil. Fikrimcə, Şuşa bərpa ediləndən sonra öz təbiətinə, landşaftına, tarixinə, tarixi abidələrinə görə haqlı olaraq bütün regionun mədəni paytaxtına çevrilə bilər”.

Qeyd edim ki, Azərbaycan Prezidentinin bu istiqamətdə atdığı addımları partiya olaraq biz də dəstəkləyirik.

Elşad MUSAYEV,
Böyük Azərbaycan Partiyasının sədri

23 Yanvar 2021 02:07 - SİYASƏT
SİYASƏT
3 Mart 2021 | 01:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə