Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan yeni reallıqlara uyğun davranmalıdır

Əks təqdirdə, Azərbaycanın sərt cavabını alacaq

İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsi Qafqaz regionunda yeni reallıqlar formalaşdırır. Yaxın zamanlarda 30 ildir bağlı qalmış kommunikasiya yollarının fəaliyyətə başlaması regionda yeni ticari-iqtisadi, eyni zamanda, siyasi münasibətlərin formalaşmasına zəmin yaradacaq. Belə bir perspektiv, əlbəttə ki, region ölkələri arasında münasibətlərin yeni bir istiqamətdə inkişaf edəcəyindən xəbər verir. Xüsusilə də təcavüzkar siyasətinə görə uzun illərdir regionun dalanına çevrilmiş Ermənistanın yeni reallıq­lardan faydalanmaq şansı yaranmışdır.

Ancaq, təəssüf ki, qonşu ölkənin rəhbərliyi yenə də “get­miş qatarın” sərnişini olmağa can atır, Ermənistanın üzünə açılmış perspektivləri lazımınca qiymətləndirmirlər. Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmalı və regionun yeni reallıqlarına uyğun olmayan addımlar­dan çəkinməli, sərt cavab almamaq və böyük problemlə üzləşməmək üçün 9 noyabr razılaşmasının şərtlərini qeyd-şərtsiz yerinə yetirməlidir.

Bu gün Azərbaycanın İkinci Qara­bağ müharibəsində qazandığı hərbi-siyasi qələbəsi Qafqaz regionunda yeni siyasi-iqtisadi reallıqlara yol açır. Belə ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları arasında keçirilmiş üçtərəfli görüş nəticəsində imzalanmış növbəti bəyanat Cənubi Qafqazın iqtisadi mənzərəsini, kommunikasiya-nəqliyyat xəritəsini yeni reallıqlar əsasında formalaşdırmaqla yanaşı, həm də tərəflərə yeni iqtisadi imkanlar açır.

Bu bəyanat, əlbəttə ki, Azərbaycanın növbəti diploma­tik nailiyyətidir, hərb meydanında qazandığı qələbənin siyasi cəhətdən möhkəmləndirilməsinə yönəlmiş güclü hüquqi-siyasi bazadır. Prezident İlham Əliyevin həmin görüşdən sonra mətbuata açıqlamasında dediyi kimi, imzalanmış bəyanat Azırbaycanın niyyətlərinə dəlalət edir. Ona görə ki, hərbi əməliyyatların dayandırılma­sının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Ölkə başçısının sözlərinə görə, nəqliyyat kommunika­siyalarının bərpası regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Nəqliyyat kom­munikasiyalarının açılmasının Azərbaycan, Ermənistan, Rusiya xalq­larının, qonşularımızın mənafelərinə cavab verdiyini vurğulayan Prezi­dent İlham Əliyev əmin olduğunu da açıqladı ki, qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşu­lacaqlar.

Əlbəttə ki, hazırkı postmüharibə mərhələsində Azərbaycan sürətlə işğaldan azad edilmiş ərazilərində yol-nəqliyyat və infrastruktur layihələrini həyata keçirməkdədir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanmasının həm iqti­sadiyyatda, həm də humanitar sahədə daha sıx, daha sistemli münasibətlər qurulmasına imkan verəcəyini bildirdi. Rusiya liderinin sözlərinə görə, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasi­yasının mənafeyinə də xidmət edir. Hesablamalar göstərir ki, Cənubi Qafqazda kommunikasiyaların açılması və iqtisadi-ticari əlaqələr yalnız region üçün deyil, ayrıca gö­türülmüş ölkələrə də fayda verəcək. Ermənistanın Rusiya ilə dəmir yolu ilə əlaqəsinin olması bu ölkə üçün yeni iqtisadi dividentlər gətirəcək. Xatır­ladaq ki, keçmiş sovet hakimiyyəti illərində keçmiş SSRİ respublikala­rından Ermənistana malların 80 faizi məhz bu yol ilə daşınırdı. Doğrudur, Abxaziyadan daha qısa bir yol var idi, lakin həmin yolun imkanları məhdud idi. Təkzolaqlı Abxaziya dəmir yolunun təbii və fiziki parametrləri yüksək sürətlə hərəkət etməyə və üzərindəki ağır vaqonların daşınmasına imkan vermirdi. Sovet illərində Naxçıvan və Mehri yolu ilə Yerevan –Bakı sərnişin qatarı da fəaliyyət göstərirdi. Naxçıvan dəhlizinin açılması ilə erməni dəmir yolunun üç onillikdən bəri davam edən dalan vəziyyəti başa çatacaq. Yaxın gələcəkdə Rusiya Dəmir Yolunun cədvəlində Yerevan – Bakı – Moskva sərnişin qatarı peyda olacaq.

Təbii ki, regionun gələcəyi baxı­mından mühüm faktor olan kommu­nikasiyaların açılması Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini də gücləndirəcək. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin əsas subyektlərindən biridir. Azərbaycan həm də Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm geostrateji mövqeyə, böyük tranzit imkanlarına malik bir ölkədir. Azərbaycan regionda kommunikasi­yaların açılmasına şərait yaratmaqla bir çox dövlətlərin, xüsusilə region ölkələrin iqtisadi və ticari inkişafına öz töhfəsini verəcək. Belə humanist yanaşma, əlbəttə ki, Azərbaycan xalqının tolerantlıq və birgəyaşayış prinsiplərinə tam uyğun gəlir.

Ermənistanın post-müharibə dövründə yaranmış yeni iqtisadi-ti­cari imkanlardan faydalanması üçün şansı yaranır. Heç kimə sirr deyil ki, Ermənistanda iqtisadi vəziyyət son dərəcə pisdir. 27 sentyabrda Ermənistanın təxribatları ilə başlayan hərbi əməliyyatlar bu ölkənin iqtisadiy­yatının tənəzzülünü daha da artırdı. Ermənistan müharibəyə başlayanda iqtisadiyyatı onsuz da tənəzzülə uğra­mışdı. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş erməni hərbi texnika və döyüş sursatlarının, eləcə də hərbi qənimət kimi ələ keçirilmiş avadanlığın ümumi dəyəri 3 milyard dollara yaxındır.

2020-ci ildə Ermənistan iqtisa­diyyatını miqrantların və diaspor­ların pul köçürmələri xilas etdiyini Avrasiya İnkişaf Bankı bildirmişdi. Əvvəlcə koronavirus, sonra İkinci Qarabağ müharibəsində məğlubiyyət Ermənistan iqtisadiyyatına sarsıdıcı zərbə vurdu. Ermənistan iqtisadiy­yatı struktur problemlərindən əziyyət çəkən kasıb ölkədir. Onun iqtisadiy­yatı Rusiya və Avropa ölkələrindən pul köçürmələri və investisiyalardan çox asılıdır. Ermənistan iqtisadiyyatı, demək olar ki, artıq Rusiyadan, Avro­pa ölkələrindən gələn sərmayələrin və pul köçürmələrinin ümidinə qalmışdır. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, Ermənistanın 3 milyona yaxın əhalisinin 261,5 min nəfəri pul köçürmələri hesabı­na dolanır. Belə ki, köçürmə yolu ilə gələn vəsaitlərin 98 faizi ərzaq və digər gündəlik ehtiyaclara sərf olunur. Həmçinin qazanc dalınca xaricə üz tutan hər 10 nəfərdən 9-u Rusiyaya gedir. Buna görə də, cari ilin birinci rübündə Rusiyadan pul köçürmələrinin həcmi 17 faiz azalan kimi Ermənistan iqtisadiyyatında şok yaşanmışdı. Belə ağır sosial-iqtisadi şərtlər fonunda regionda yaranmış yeni iqtisadi-ticari imkanlara üz çevirmək intihara bərabər olacaq.

Aydındır ki, Ermənistanın Moskvada imzalanmış üçtərəfli bəyanatın icrasını pozmaq və ya ləngitmək imkanları o qədər də çox deyil. Bəli, bəyənatı imzalamaqla, üzərinə öhdəliklər götürmək və sonra onları yerinə yetirməmək Ermənistan üçün ənənəvi davranışdır. Lakin bu gün başqa vəziyyət formalaşmışdır. Azərbaycanın xoşniyyətli əməkdaşlıq təklifini qiymətləndirmək əvəzinə, Ermənistanın baş naziri Nikol Pa­şinyan Dağlıq Qarabağa status verilməsindən dəm vurur. Azərbaycan postmüharibə dövründə regionda davamlı sülhün, sabitliyin və rifahın əldə olunması üçün əməkdaşlığın zərurliyini irəli sürür, region ölkələrinin əməkdaşlığı, qarşılıqlı faydalı əlaqələr zəncirinin qurulması üçün geniş imkanların açıldığını elan edir. Buna görə də, Ermənistanın keçmişə boy­lanaraq indiki reallığa uyğun olmayan addımlara meyl etməsi ilk növbədə erməni xalqının milli maraqlarına ciddi zərbə endirəcək. Ermənistan rəhbərliyi birdəfəlik anlamalıdır ki, davamlı sülh və güclü təhlükəsizlik məsələləri qonşuların ərazi bütövlüyünə hörmət etməkdən və əsassız iddialardan əl çəkməkdən birbaşa asılıdır. Rəsmi Yerevan dərk etməlidir ki, Azərbaycanın humanistliyinin də bir həddi var, istənilən təxribatın cavabı sərt olacaq və Ermənistan böyük problemlə üzləşəcək. Bu da onsuz da problemlər içərisində çapalayan ölkə üçün növbəti daha ciddi təlatümlərin başlanması demək olacaq.

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

23 Yanvar 2021 01:54 - SİYASƏT
SİYASƏT
3 Mart 2021 | 01:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə