Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğaldan azad olunmuş ərazilərdə yeni aqrar təsərrüfat modeli

Ali Baş Komandanının rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğal altındakı Azərbaycan əraziləri işğaldan azad etdi. Hazırda bu ərazilərin minalardan təmizlənməsi kimi mühüm işlər davam etməkdədir. Bu prosesin başa çatmasından sonra həmin ərazilərdə yenidən məskunlaşma və ərazilərin iqtisadi cəhətdən inkişaf etdirilməsi məsələləri gündəmə gətiriləcək. İşğaldan azad edilən ərazilərin yenidən qurulmasının və bərpa edilməsinin, həmçinin bu ərazilərdə normal məskunlaşmanın və təhlükəsizliyin, səmərəli iqtisadi fəaliyyətin və yüksək rifahın təmin edilməsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb. Bu fond publik hüquqi şəxs olaraq, işğaldan azad edilən ərazilərdə həyata keçirilən digər işlərlə yanaşı, sosial-iqtisadi tədbirlərə də maliyyə dəstəyi göstərəcəkdir.

İşğal olunmuş ərazilər geniş və mün­bit torpaq sahələrini əhatə etdiyindən, şübhəsiz ki, bu ərazilərdə digər iqtisadi fəaliyyət sahələri ilə yanaşı, aqrar sahənin inkişaf perspektivləri daha yüksəkdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, aqrar sektor bu ərazilərdə yaşayan insanların mühüm hissəsinin ənənəvi məşğulluq sahəsidir.

Lakin nəzərə almaq lazımdır ki, işğaldan azad edilən ərazilərin yenidən məskunlaşması və bu ərazilərdə aqrar sek­torun inkişafı bir neçə mühüm məsələnin həllini tələb edir. Bu məsələlərin ən mühümlərini aşağıdakı ardıcıllıqla sadala­maq olar: 1) ərazilərin aqrar istehsal üçün yararlı hala salınması; 2) aqrar istehsal üçün yararlı torpaq sahələrinin istifadə formasının müəyyən edilməsi; 3) torpaq istifadəçilərinə zəruri köməyin göstərilməsi mexanizminin yaradılması; 4) torpaq sahələrinin istifadəçiyə təhvil verilməsi.

Hazırkı şəraitdə aqrar sektorun inki­şafı üçün sadaladığımız hər bir mərhələ şübhəsiz ki, dövlətin birbaşa dəstəyi ilə reallaşa bilər. Belə ki, 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərin nəinki yaşayış, həm də aqrar istehsal üçün yenidən yararlı hala salınması ciddi texniki hazırlıq tələb edir. İstifadə üçün yararlı hala salınan torpaq sahələri üzrə birbaşa torpaq islahatlarının aparılması və ayrı-ayrı ev təsərrüfatlarına paylanması tələsik və elmi cəhətdən əsaslandırılmayan addım ola bilər. Belə torpaq sahələrinin istifadə for­ması Azərbaycanın digər ərazilərində apa­rılan torpaq islahatlarının 25 illik təcrübəsi nəzərə almaqla reallaşmalıdır. Bu təcrübə, hər şeydən əvvəl, Azərbaycanın aqrar sektorundakı məhsuldarlıq səviyyəsinin bəzi ölkələrlə müqayisəsinə əsaslana bilər. Məhz torpaq sahələrindən istifadə forma­sının elmi cəhətdən əsaslandırılmasından sonra islahatların aparılması və torpaq istifadəçilərinə dövlət dəstəyi mexanizmləri yaradıla bilər.

Aqrar inkişafın yuxarıda qeyd et­diyimiz mərhələlərinin uğuru iki amilin –xərclərin minimumlaşdırılmasının və regionlara cəlb ediləcək yüksək ixtisaslı kadrların sayının maksimumlaşdırılması­nın əsasında optimallaşdırılmalıdır. Hər iki məhdudlaşdırıcı şərt aqrar sektorda məhsuldarlığın yüksəlməsi üçün zəruridir, lakin kafi deyil. Kafi şərtlərdən biri və mühümü işğaldan azad edilən ərazilərdə aqrar sektorun yenidən formalaşdırılma­sı və inkişaf etdirilməsi üçün təsərrüfat subyektlərinin təşkilati-hüquqi formasının düzgün seçilməsidir. Azərbaycanda həyata keçirilən torpaq islahatının 25 illik təcrübəsi deməyə əsas verir ki, aqrar islahatlarının uğuru və aqrar sektorda məhsul isteh­sal həcmi və məhsuldarlıq təsərrüfat subyektlərinin optimal təşkilati-hüquqi formasının seçilməsindən çox asılıdır.

İşğaldan azad edilən ərazilərin yenidən dirçəldilməsi və inkişaf etdirilməsi, şübhəsiz ki, insanların öz doğma yurdları­na qayıtması və ərazilərin geniş həcmdə məskunlaşması ilə daha çox bağlıdır. Lakin bu ərazilərdə aqrar sektorun inkişaf tarixini və bu ərazilərdə məskunlaşacaq əhalinin aqrar təsərrüfatlarda toplanmış zəngin təcrübəsini nəzərə alsaq, onda əmin olarıq ki, ərazilərin məskunlaşması və gələcəkdə inkişafı aqrar sektorun inkişaf səviyyəsindən daha çox asılıdır. Aqrar sek­torun inkişafı isə qeyd etdiyimiz kimi, aqrar islahatların mahiyyətindən, o cümlədən, kənd təsərrüfatı subyektlərinin təşkilati-hüquqi formasından asılıdır. Nəzərə alsaq ki, Azərbaycanın digər regionlarında aparılan aqrar islahatlar, xüsusilə, “sovxoz” və “kolxoz” mülkiyyətinin, o cümlədən, əkin sahələrinin bu müəssisələrdə çalışanlar və ya müəsisənin yerləşdiyi inzibati ərazidə yaşayanlar arasında bölüşdürülməsi təcrübəsi işğaldan azad edilən rayonlar üçün keçərli deyil və uğurlu olmaya bilər. Çünki belə inzibati ərazilər yalnız xəritə üzərindədir və əksər hallarda faktiki olaraq mövcud deyil. Əhali praktiki olaraq, heç bir infrastrukturu olmayan və tamamilə dağı­dılmış torpaq sahələrinə qayıdır. Buna bax­mayaraq, bu regionlarda yaşamış ailələr öz yurdlarına qayıtmağa hazırdır. Belə psixoloji hazırlıq bərpa və yenidənqurma işlərinin daha yüksək səviyyədə qurulması üçün yaxşı başlanğıcdır. Lakin qayıtma prosesinin əsas infrastruktur yaradılandan sonra başlaması hamı tərəfindən məqbul hesab edilir. Belə infrastruktura yollar, elektrik, qaz və su xətləri, xəstəxanaların və məktəblərin və sair tikilməsi daxildir. Əhalinin müəyyən hissəsi, infrastruktur­la yanaşı, onlara evlərin tikilməsi üçün müəyyən vəsaitin və becərmək üçün torpaq sahəsinin verilməsi şərti ilə istənilən vaxt geri qayıtmağa hazırdır.

İşğaldan azad edilmiş ərazilərdə aqrar islahatının ölkənin digər rayonların­da olduğu kimi, yəni inzibati əraziyə aid mövcud torpaq sahələrinin bu ərazidə yaşayan əhali arasında bölüşdürülməsi formasında aparılması ilk baxışda təbii görünür və əhalinin gözləntisi də məhz belədir. Lakin ilkin fəaliyyət üçün zəruri imkanlara malik rayonlardan fərqli olaraq, işğaldan azad edilən rayonlarda böyük məsrəflərlə əkinə yararlı halına salınan torpaq sahələrinin ayrı-ayrı fərdi fərdlərə və ya ev təsərrüfatlarına paylanması elmi cəhətdən qüsurludur. Təcrübə göstərir ki, Azərbaycanın əksər aqrar rayonlarında müasir infrastrukturun olmasına baxma­yaraq, fərdi sahibkarlıq, bəzi istisnaları nəzərə almasaq, yüksək məhsuldarlığa malik ola bilmir. Bu, yalnız Azərbaycanda aqrar sektora xas olan cəhət deyil. Keçmiş SSRİ respublikalarının, demək olar ki, hamısında aqrar islahatlardan sonra həm məhsuldarlıq, həm də ümumi istehsal həcmi qısamüddətli dövrdə kəskin azal­mış və regionlarda əhalinin demoqrafik vəziyyəti pisləşmişdir. Bu təcrübəni nəzərə alaraq, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatına yararlı torpaq sahələrinin ərazidə yaşayan əhali arasında fiziki bölgüsünə yol vermək olmaz.

Lakin bu ərazilərdə də torpaq is­lahatının aparılması və torpağın özəlləşdirilməsini həyata keçirmək zəruridir. Çünki özəlləşdirmə olmadan regiona investisiya cəlb etmək mümkün olmaz. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərdə aqrar sektorun yenidən formalaşması böyük məsrəf tələb etsə də, mühüm üstünlüklərə malikdir. Məsələn:

1. İşğaldan azad olan ərazilərin kənd təsərrüfatı üçün yararlı hala salınması əvvəlcədən planlaşdırılan və uzun müddət üçün nəzərdə tutulan aqrar məhsul isteh­salı üçün reallaşa bilər. Bu məqsədlə, irri­qasiya və suvarma sistemi yenidən qurula və müasir texnologiyanın üstünlüklərindən istifadə edilə bilər. Bu proses müvafiq dövlət orqanlarının, məsələn, Meliorasiya və Su Təsərrüfatı ASC-nin digər qurumlarla birgə fəaliyyəti ilə təmin edilə bilər.

2. Torpaq sahələrinin ayrı-ayrı fərdlər kiçik istifadəçilər arasında bölünməsi baş vermədiyindən və əhali aqrar məhsul istehsalı ilə bağlı əmlaka malik olmadı­ğından yeni yaradılacaq aqrar kapital ilkin dövrdə kollektiv şəkildə istifadə edilə bilər. Bu, xərclərin kəskin azaldılmasına səbəb ola bilər. Məsələn, ayrı-ayrı istifadəçilərə verilən torpaq sahələrinin yararlı hala salın­ması əvəzinə bütünlükdə hər hansı inzibati kənd və ya qəsəbəyə aid torpaq sahəsinin ümumilikdə yararlı hala salınması imkanla­rı daha yüksəkdir;

3. Regionlarda məskunlaşmanın qısa müddətdə reallaşması mümkün olma­dığından aqrar sektorda işçi qüvvəsinin çatışmazlığı ilk vaxtlar kəskin hiss ediləcək və bu, aqrar sektorda potensialdan daha az həcmdə istifadəyə imkan verəcək. Ona görə də kapitalın və əməyin səmərəli istifadəsi vacibdir. Bu regionlarda aqrar sektorda çalışan gənclərə ali məktəblərə qəbul zamanı və ya hərbi xidmət keçməsində və sair güzəştlər verilə bilər;

4. Regionlarda əhalinin tam məskunlaşması mümkün olmadığından və ayrı-ayrı ev təsərrüfatlarının aqrar sektor­da istehsalı genişləndirmək üçün kredit vəsaitindən istifadə imkanları zəif olacaq. Odur ki, aqrar sektorun inkişafı üçün kredit vəsaitlərinə əlçatanlığın təmin edilməsi dövlətin diqqət mərkəzində olmalıdır;

5. Ayrı-ayrı ev təsərrüfatlarının on­lara ayrılan torpaq sahələrində yüksək məhsuldarlıqla çalışması üçün texniki təchizata böyük ehtiyac olacaqdır. Digər tərəfdən, hər hansı ev təsərrüfatının belə texnikaya yiyələnməsi zamanı texniki vəsaitlərin marjinal gəliri yüksək olmaya­caq. Çünki ayrı-ayrı ev təsərrüfatlarının texniki avadanlıqlardan istifadəsi zamanı boşdayanma halları, adətən, çox olur. Dövlət bu regionlarda aqrar sektorun zəruri texnika ilə təchizatına xüsusi diqqət yetirməlidir.

6. Ev təsərrüfatı miqyasında istehsal prosesinin digər çatışmazlığı da var. Bu istehsal olunan məhsulun bazara çıxarıl­ması və ya müəyyən müddət saxlanılması ilə bağlıdır. Hər iki mərhələ orta səviyyəli hər hansı bir ev təsərrüfatının maddi imka­nı səviyyəsində olan xərclər deyil. Dövlət satınalmaları bu sahədə tətbiq edilməlidir.

7. İşğaldan azad olan ərazilərdə əhalinin məskunlaşması və aqrar sektorun inkişafının əsas problemlərindən biri də işçi qüvvəsinin səmərəli yerləşdirilməsi ilə bağlıdır. Belə ki, bu regionlardan olan ailələrin böyük bir hissəsi son 28 il ərzində şəhərlərdə və ya şəhər tipli qəsəbələrdə məskunlaşdığından onların müəyyən hissəsi daha çox xidmət, tikinti və ya nəqliyyat sektorlarında, həmçinin sənaye sahəsində çalışırlar. Belə əmək potensialının dərhal regionlarda aqrar sek­torda çalışması mümkün olmayacaq. Qısa müddətli dövrdə regionda əmək bölgüsünün təmin edilməsində dövlətin müdaxiləsi zəruri olacaq.

Beləliklə, yuxarıda qeyd edilən problemləri və aqrar sektorun yenidən qurulması üçün üstünlükləri nəzərə alaraq, qeyd edə bilərik ki, qısamüddətli dövrdə işğaldan azad olunan regionlar­da torpaq islahatlarının aparılması və ayrı-ayrı ev təsərrüfatlarına istifadəyə verilməsi aqrar sektorun inkişafı üçün ciddi çətinliklər yarada bilər. Ona görə də hazırda Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən, xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahələrinin açıq və ya qapalı səhmdar cəmiyyətlərinin mülkiyyəti kimi özəlləşdirilməsi daha məqsədəuyğundur. Bu halda hər ev təsərrüfatına “pay torpağı” kimi verilməsi nəzərdə tutulan torpaq sahəsinə uyğun olaraq, nominal qiymətli adlı (və ya adsız) səhmlər təqdim edilməlidir.

Açıq və ya qapalı tipli səhmdar cəmiyyətləri kimi yeni tipli aqrar kollektiv təsərrüfatları sovet dövründəki “sovxoz” və ya “kolxoz” tipli kollektiv təsərrüfatdan mahiyyətcə fərqli olacaq. “Sovxoz” tipli müəssisələrdən əsas fərq ondan ibarətdir ki, səhmdar cəmiyyəti dövlətə məxsus deyil və özəldir. Bu müəssisədə hər bir səhmdar mülkiyyətçidir və aqrar müəsisənin gəlirlərindən paya malikdir. O, istənilən vaxt öz səhmlərini sata və ya yeni səhmlər ala bilər. Səhmdar cəmiyyətinin idarəçiliyi səhmdarların ümumi yığıncağın­da seçilən idarə heyəti tərəfindən həyata keçirilir.

Yeni yaradılacaq aqrar səhmdar cəmiyyətləri “kolxoz” tipli kollektiv təsərrüfatdan da fərqlənəcəklər. Belə ki, “kolxoz” tipli kollektiv təsərrüfat özəl olsa da və onun idarəçiliyi kolxoz üzvlərinin ümumi yığıncağında həll edilsə də, kol­xozçu bu təsərrüfatda mütləq çalışmalı olurdu. Əks halda o, kolxozun üzvlüyündən məhrum edilirdi. Digər tərəfdən də, “kolxoz” tipli kollektiv təsərrüfatlarda üzvlərin investisiya yatırmaq və istehsalı genişləndirmək üçün motivasiyaları yox idi. Lakin səhmdar cəmiyyət tipli aqrar müəssisələrdə hər bir səhm səhmdar tərəfindən yatırılan investisiya və əldə edilən dividentlə bağlı olduğundan səhmdar cəmiyyətin üzvü yeni səhmlərin əldə edilməsində və ya səhmlərin dəyərinin artırılmasında maraqlıdır. Bu halda hətta regionda yaşamayan imkanlı şəxslərin investor kimi aqrar səhmdar cəmiyyətlərinə maliyyə yatırması imkanları genişlənir.

İşğaldan azad edilən ərazilərdə aqrar səhmdar cəmiyyətlərinin yaradılmasının üstün cəhətlərini aşağıdakı kimi qruplaşdır­maq olar:

1. Belə aqrar müəssisə böyük torpaq sahəsinə malik olur.

2. Dövlət orqanları qısamüddətli dövrdə belə səhmdar cəmiyyətləri ilə daha asan və zəmanətli əməkdaşlıq qura bilərlər.

3. Banklar belə səhmdar cəmiyyətlərinə maliyyə yardımı ayırmaqda daha az risk hiss edəcəklər.

4. Belə səhmdar cəmiyyətləri öz idarəçiliyinə daha cavan və daha yüksək təhsilli menecerləri cəlb etməkdə maraqlı olacaqlar.

5. Belə böyük aqrar təsərrüfatlarda tex­nikadan istifadə zamanı kapitalın marjinal gəliri yüksək olur.

6. Böyük təsərrüfatlarda əmək bölgüsü­nün aparılması daha asandır və insanların digər iqtisadi fəaliyyət üçün, məsələn, öz ev təsərrüfatlarında fəaliyyət üçün əlavə vaxtları daha çox qalır.

7. Belə səhmdar cəmiyyətləri işçi qüvvəsindən səmərəli istifadə edərək, aqrar biznesin digər həlqələrini, məsələn, emal sənayesini, hazır məhsulun daşın­masını, qablaşdırılmasını, saxlanılmasını, satışını və sair genişləndirə bilərlər.

Hazırkı şəraitdə işğaldan azad olunan ərazilərdə aqrar səhmdar cəmiyyətlərinin yaradılmasının zəif cəhətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Əhalinin geniş təbəqəsinin aqrar sektorda səhmdar cəmiyyətlərinin yaradıl­ması və idarəedilməsi ilə bağlı məlumatları azdır.

2. Azərbaycanın digər regionlarında torpaq islahatları başa çatdığından və kənd regionlarında əhalinin əksəriyyətinin öz kiçik aqrar təsərrüfatı olduğundan işğaldan azad olan regionların əhalisinin müəyyən hissəsində də mülkiyyətçiliyin bu forması­na inam daha böyükdür.

3. Ölkədə qiymətli kağızlar bazarı zəif inkişaf etdiyindən və bir çox hallarda səhmdar cəmiyyətlərinin idarəçiliyindəki qeyri-şəffaflıq insanların kollektiv təsərrüfatlarda birgə fəaliyyətinə ciddi maneələr yaradır.

Lakin torpaq islahatından keçən son 25 il ərzində aqrar sektorun inkişaf dinami­kası deməyə əsas verir ki, ölkədə aqrar sektorun inkişafı bu sektorda kapitalın və əməyin təmərküzləşməsindən keçir. Torpaq sahələrinin mülkiyyət hüququ qalmaq şərti ilə birləşdirilməsi, aqrar sektorda yeni texnikadan və texnologiya­dan geniş istifadə, aqrar emal sənayesinin genişləndirilməsi, aqrar sektorda innova­tiv menecmentin tətbiqi, təklif zəncirinin formalaşması və idarə edilməsi, aqrar biz­nesin genişləndirilməsi və aqrar klastelərin yaradılması müasir dövrün tələbidir. Hazır­da bu istiqamətdə proses onsuz da gedir, lakin daha kortəbii və sosial problemlərlə müşayiət olunaraq gedir. Kiçik torpaq sahələri olan fərdi sahibkarların bir hissəsi öz torpaq sahələrini dəyər-dəyməzinə sataraq ya həmin torpaq sahələrində muzdlu olaraq çalışırlar, ya da öz iqtisadi fəaliyyət sahələrini dəyişirlər. Kiçik torpaq sahələri olan digər qrup fərdi sahibkarlar isə çox çətinliklə öz sahələrində aşağı məhsuldarlıqla fəaliyyət göstərirlər. Əksər hallarda onların yeni texnika almağa gücü çatmır və ya öz əkin sahələrini suvarmağa imkanı olmur. Bu isə əkin sahələrindən səmərəli istifadəyə imkan vermir.

İşğaldan azad olmuş ərazilərdə aqrar səhmdar cəmiyyətlərinin yaradılması digər regionlarda gələcəkdə belə təsərrüfatların yaradılması üçün pilot rolunu oynaya bilər. Bu, Azərbaycanın aqrar sektoru üçün pers­pektiv imkandır. Çünki artıq bu və ya digər dərəcədə formalaşmış fərdi sahibkarların yenidən aqrar səhmdar cəmiyyətlərində birləşməsi ciddi hesablamalar, razılaşma­lar, bölgü və sair tələb edir. Çünki belə fərdi sahibkarlar artıq öz torpaq sahələrinə müəyyən qədər vəsait qoymuşlar və belə olan halda torpaq sahələrinin yenidən qiymətləndirilməsi və səhmdar cəmiyyət daxilində yenidən inteqrasiya texniki, maliyyə və psixoloji cəhətdən çətindir. Lakin işğaldan azad olan ərazilər üçün belə problemlər mövcud deyil və aqrar səhmdar cəmiyyətlərinin yaradılması im­kanları hələ genişdir. Lakin məskunlaşma genişləndikcə aqrar sektorun inkişafı ilə bağlı olan bu imkanlar da əldən çıxa bilər.

Mayıs GÜLALIYEV,
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, dosent Fuad HƏSƏNZADƏ, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin doktorantı

23 Yanvar 2021 01:22 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə