Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımız Qarabağın dirçəldilməsi vəzifəsinin öhdəsindən layiqincə gələcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 4-də Qarabağ Dirçəliş Fondu publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Məqsəd işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatı təmin etmək, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işləri aparmaq, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasını dəstəkləməkdir.

Sənəddə qeyd edilir ki, Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistanın işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoymuşdur. Şübhə yoxdur ki, işğaldan azad edilmiş bölgələrdə həyata keçiriləcək quruculuq-bərpa işləri Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaqdır.

Dövlətimizin başçısının imzaladığı bu mühüm fərman ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri, eləcə də ziya­lılar arasında böyük razılıq hissi do­ğurmuşdur. Sənədlə diqqətlə tanışlıq məndə də Qarabağın parlaq gələcəyi ilə bağlı böyük ümidlər yaratdı. İnanı­ram ki, Qarabağda böyük tikinti-qu­ruculuq işlərinin aparılması xalqımızın doğma torpaqlarına əbədi qayıdışı­nın təmin edilməsi üçün möhtəşəm mərhələnin uğurlu başlanğıcı olacaq.

Qarabağ Dirçəliş Fondu fiziki və hüquqi şəxslərin ianələri, qrantlar, qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Bu, o deməkdir ki, Qarabağın dirçəldilməsi və intibahı prosesində hər bir vətəndaş könüllü surətdə, fəal iştirak edə bilər. Əslində, kimin nəyə imkanı, gücü ça­tırsa, fonda yardım etməyi özünə borc bilməlidir və inanıram ki, məhz belə də olacaq.

Məlumdur ki, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev bu il yanvarın 14-də Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Görünən budur ki, Qarabağa faktiki olaraq “Böyük qayıdış” başla­yıb. Mən zərrə qədər şübhə etmirəm ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Şuşanı, külli Qarabağı yenidən dirçəldəcək, bu bərəkətli torpağı əvvəlkindən də gözəl bir məkana çevirəcək. Şübhəsiz, bu böyük quruculuq missiyasında yeni yaradılan Qarabağ Dirçəliş Fondu da öz layiqli dəstəyini verəcək.

Bu yerdə qəlbimi sonsuz fərəh hissi ilə dolduran bir məsələni də yada salmaq istəyirəm. Ali Baş Komandan Şuşada əsgərlər qarşısında Vətən müharibəsində şanlı qələbənin tarixi əhəmiyyətinə qiymət verərkən dedi: “Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınları­na səbir versin!”

Bəli, Azərbaycan xalqı bu gün öz tarixinin ən şanlı dövrünü yaşayır. Xalqımız 44 günlük Vətən savaşında necə sarsılmaz birlik, həmrəylik nüma­yiş etdirmişdirsə, həmin yenilməz ruh və şövqlə Qarabağın dirçəldilməsi və tərəqqisi naminə çalışacaq.

Xalqımızın gözəl bir deyimi var: “El bir olsa, dağ oynadar yerindən!”. Biz, əlbəttə Qarabağın dirçəldilməsi ilə bağlı qarşımızda duran möhtəşəm vəzifənin öhdəsindən layiqincə gələcəyik. Müstəqil Azərbaycan çağdaş dünyanın ən görkəmli dövlət xadimlərindən olan cənab İlham Əliyevin liderliyi ilə ən böyük çağırışla­rın öhdəsindən gəlməyə qadirdir. Bunu zaman dəfələrlə sübut edib.

Məlumdur ki, ermənilər işğal etdikləri ərazilərdə barbarcasına hər şeyi dağıdıblar. Evləri viran qoyublar, ağacları kəsiblər, meşələri yandırıblar. Dünya onların necə yırtıcı xislətə sahib olduğunu gördü. Onlar öz-özlərini ifşa etdilər. Onlar tarixdə bədnam əməlləri ilə qalacaqlar.

Azərbaycan xalqı mənfur ermənilərdən tam fərqli olaraq, qurub-yaradan xalqdır. Qarabağın həqiqi sahibləri öz doğma ata-baba yurdları­na qayıdacaqlar. Ən yaxın aylar, illər ərzində musiqimizin, muğamımızın beşiyi olan Şuşanın, külli Qarabağın çal-çağırlı, xoşbəxt və firavan günləri başlanacaq.

Leyla GƏRAYZADƏ,
Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru

23 Yanvar 2021 01:19 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə