Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirus epidemiyası zamanı uşaqlarda soyuqdəymə halları diqqətdə saxlanılmalıdır

Pandemiyaya səbəb olan yeni növ koronavirus haqqında hazırda daha çox məlumat olması­na baxmayaraq, hələ də bu təhlükəli xəstəliklə bağlı kifayət qədər qeyri-müəyyənlik var. İnsanlar COVID-19 infeksiyasına görə özləri və uşaqları üçün narahatlıq keçirir, eyni zamanda, üzləşilən hər hansı bir əlaməti onun simptomu hesab edirlər. Buna görə də uşaqlarla təmasda olan hər bir şəxs, eləcə də valideynlər, müəllimlər soyuqdəymə haqqında məlumatlı olmalı, adi soyuqdəyməni korona­virus simptomu kimi qəbul etməməlidirlər.

Hər yerdə koronavirusa rast gəlinməsinə bax­mayaraq, rinit hələ də çox yayılmış xəstəlik olaraq qalır. Xatırladım ki, rinit koronavirusun törətdiyi xəstəlik deyil. Uşaqlar arasında ümumi soyuqdəymə simptomlarına daha çox səbəb olan rinoviruslar, adenoviruslar, tənəffüs sintisial, qrip virusları, para­influenza və digər viruslardır. Bu viruslar uşaqlarda soyuqdəymə əlamətləri və daha sonra isə öskürək yaradır. Soyuqdəyməyə səbəb olan 200-dən çox virus məlumdur, soyuqdəymənin geniş yayılması da elə bununla izah olunur. Onlar yuxarı tənəffüs yol­larının kəskin respirator virus xəstəliklərinə gətirib çıxarır.

Soyuqdəymə virusları dəridən dəriyə təmas, öskürək və ya asqırma zamanı kiçicik damcılar vasitəsilə ötürülür, həmçinin cirklənmiş cismə toxunma vasitəsilə yayılır. Xəstə asqırdıqda və ya öskürdükdə soyuqdəymə virusları havaya yayılır və oradan da başqasının tənəffüs yollarına daxil olur. Buna görə tibbi maskadan istifadə etmək koronovirusla bərabər, həm də soyuqdəymə viruslarının yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Soyuqdəymə virusları, eyni zamanda, əllə da yayıla bilər. Buna görə hər dəfə öskürəndə və ya burunu təmizlədikdə əllər yuyulmalıdır. Bu baxımdan uşaqlara əl gigiyenası qaydalarının öyrədilməsi çox vacibdir.

Uşaqlar virusla yoluxmuş oyuncaqları toplayan, qucaqlayan, toxunan və ya öpən zamanı soyuqdəymə virusları onlara keçə bilər. Ağız, burun və ya bo­ğazda olan viral infeksiya səbəbindən əmələ gələn soyuqdəymə çox yayğındır. Belə ki, körpə həyatının hələ ilk ilində ortalama səkkiz soyuqdəymə halları keçirir. Onların immun sistemi tam inkişaf etmədiyi üçün bu viruslara yoluxurlar. Soyuqdəyməyə 6 aydan 7-8 yaşadək uşaqlar arasında daha çox təsadüf olunur.

Yuxarı tənəffüs yollarının virus infeksiyalarının gizli (inkubasiya) dövrü, ümumiyyətlə, bir neçə saatdan bir neçə günə qədər ola bilər, burada törədici və xəstənin yaşı əsas rol oynayır. Uşaq nə qədər kiçikdirsə, inkubasiya müddəti bir o qədər qısadır. Orta hesabla əksər soyuqdəymələrin nəzərə çarpma­yan dövrü təxminən 1-2 gün davam edir.

İnkubasiya dövründə əksər uşaqlar əzgin olur, tez yorulur və daha çox yatırlar. İnkubasiya dövrünün sonunda virus qan dövranına daxil olur və nəticədə hərarət yüksəlir. Öskürək əvvəlcə quru, tədricən isə bəlğəmli olur. Gözlərin qızarması, boğaz ağrısı, burun axması, burunun tutulması, iştahın azalması, limfa düyünlərinin şişməsi (qoltuqaltında, boyunda və başqa nahiyələrdə), qıcıqlanma və nara­hatlıq halları müşahidə edilir.

Adətən müəyyən vaxtdan sonra soyuqdəymə öz-özünə keçir, amma uşaqların vəziyyətinin daha tez yaxşılaşması üçün bəzi sadə tövsiyələri nəzərə almaq zəruridir:

–istirahətə, dincəlməyə ayrılan vaxtın artırıl­ması körpənin orqanizminin xəstəliklə daha yaxşı mübarizə aparmasını şərtləndirir;

–doyunca yeməyə və maye qəbuluna xüsusi diqqət yetirilməlidir. Əgər körpə yalnız ana südü ilə qidalanırsa, o zaman həmişəkindən daha tez-tez əmizdirilməlidir. Yaxud, uşaq süni qidalanmadadırsa, onda ona su da verilməlidir. Nisbətən daha böyük uşaqlar isə bu günlər ərzində istədikləri qidaları yeyə bilərlər. Ən əsası odur ki, uşaqlarda susuzluq (dehid­ratasiya) baş verməsin. Qızdırma və burunaxıntısı səbəbindən itirilən mayenin yerini bərpa etməklə dehidratasiyanın qarşısını almaq mümkündür. Maye bədəndəki viruslarların toksinlərini xaric edir və burun-udlağın selikli qişasını nəmləndirir;

–körpə uşaqlarda burun seliklə dolduqda ana südü ilə qidalanma zamanı nəfəsalma çətinləşə bilər. Ona görə də körpələrin burunlarına toplanan selik nazal aspiratorlar və ya yenidoğulmuşlar üçün nəzərdə tutulmuş armudvari silikon təmizləyicilər vasitəsilə təmizlənməlidir.

Bütün bunlarla bərabər, uşaqlarda bədən tempe­raturu yüksəldikdə, ilk növbədə, bunun qarşısı fiziki üsulla alınmalıdır. Belə halda körpəni üstündəki isti örtüklərdən, üst geyimlərdən azad etmək, bədənini yaş bezlə silmək, otağa təmiz havanın girişini təmin etmək və bol su içirtmək lazımdır.

Fiziki soyutma me­todlarından çox diqqətlə istifadə edilməlidir. Bu zaman temperaturun ən azı yarım dərəcə azalması müsbət nəticə hesab olu­nur. Əgər körpənin tem­peraturu yüksək qalarsa, həkimlə məshətləşdikdən sonra qızdırmasalıcı dərman verilə bilər.

Uşaq otağında yaş təmizlik işlərinin aparılma­sına xüsusi önəm verilməlidir. Quru hava və toz uşağın boğaz və burun selikli qişasını qıcıqlandırır, nəfəsini çətinləşdirir.

Dərmanlara gəldikdə isə bu, ancaq həkim məsləhətindən sonra verilməlidir. Tərkibi fizioloji məhluldan ibarət olan burun damcıları (məsələn, salin sprey) da burundakı selikli qişaların daralma­sına və uşağın daha yaxşı nəfəs almasına kömək edə bilər. Fizioloji məhlul bədənin təbii bir hissəsidir, ona görə də hər yeməkdən və ya yatmazdan 5 dəqiqə əvvəl istifadə edilməsi məqsədəuyğundur. Ana sü­dünün selikli qişaya salin ilə eyni təsir göstərdiyinə dair göstərişlər vardır. Bu səbəbdən hər burun keçəcəyinə bir damla ana südünün damızdırılması faydalı təsir göstərə bilər, yəni burun boşluğunda selikli qişanın nəmlənməsinə, təmizlənməsinə və qorunmasına kömək edər.

Viruslar özlüyündə uşaq üçün çox təhlükəli deyil. Onlar xəstənin immun sistemi tərəfindən törədiciyə qarşı xüsusi antitellərin hasil edilməsinə qədər aktiv olur. Adətən bu proses ümumilikdə 3-7 gün çəkir və sonra uşaq sağalır. Hər dəfə soyuqdəymə keçirdikdə körpənin immun sistemi güclənir, çünki bu virusa qarşı uşağın immun sistemi tərəfindən antitellər hasil olunur ki, bu da onların yenidən həmin viruslara tutulmamasına yardım edir.

Beləliklə, ana südü ilə qidalandırma bir yaşınadək uşaqlarda soyuqdəymənin qarşısını alma­ğın ən yaxşı yollarından biridir, çünki körpə virusla­ra qarşı hazır antitelləri anadan süd vasitəsilə alır.

Körpə vaxtlarından başlayaraq, valideynlər uşaq­larının immun müqavimətini möhkəmləndirməli, soyuqdan qorumaq məqsədilə körpələri həddindən artıq geyindirməməli, körpələr adamların çox toplan­dığı yerlərə aparılmamalı, uşaqlarla təmasda olan hər bir kəs əllərini tez-tez yumalı, evdən çıxarkən tibbi maskadan istifadə etməlidirlər.

Sevil QƏNBƏROVA, pediatr, tibb elmləri namizədi

23 Yanvar 2021 01:15 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə