Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövlud Çavuşoğlu Avropa İttifaqı rəsmiləri ilə görüşüb

Türkiyə Avropa İttifaqı ilə əməkdaşlıqda yeni səhifə açmaq istəyir. Bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Brüsseldə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrellə görüşdən son­ra bəyan edib. 

"Xalq qəzeti" xəbər verir ki, məlumatı “Anadolu” agentliyi verib.

Çavuşoğlu bildirib ki, da­nışıqlar zamanı Avropa İttifaqı Şurası və Avropa Komissi­yası rəhbərlərinin Türkiyəyə səfərə gəlməsi ilə bağlı razılıq əldə olunub: “Artıq 18 mart 2016-cı il tarixli sazişi bütün elementləri ilə birgə yeniləmək lazımdır. Biz pozitiv gündəlik üzərində birgə işləməliyik”.

Türkiyə XİN başçısı deyib ki, ölkəsinin Aİ-yə qəbulunu fəallaşdırmaq lazımdır: “Viza rejiminin liberallaşdırılma­sı və Gömrük İttifaqının modernləşdirilməsi gözlənilir. Terrorizm və qeyri-leqal miq­rasiya ilə mübarizə sahəsində əməkdaşlığı genişləndirməli, Avropada artan rasizm, disk­riminasiya və islamofobiyaya qarşı birgə mübarizə aparma­lıyıq”.

Borrelin ofisindən isə bildirilib ki, Türkiyə ilə qarşı­lıqlı faydalar və əməkdaşlıq da daxil olmaqla dəyərlərə və prinsiplərə əsaslanan münasibətlərin inkişafı Aİ üçün strateji maraq kəsb edir. “Mövlud Çavuşoğlu ilə Borrelin görüşündə bu istiqamətdə irəliləmək üçün səmimi, açıq və dərin fikir mübadiləsi apa­rılıb”.

Tərəflər Şərqi Aralıq dənizi regionundakı vəziyyət üzərində xüsusilə dayanıblar. Çünki bu məsələ Aİ və Türkiyə arasında münasibətlərdə əsas rol oynayır.

Çavuşoğlu Avropa Komis­siyasının sədri Ursula fon der Lyayenlə də görüşüb. Görüş bağlı qapılar arxasında keçirib və danışıqda AK üzvləri Mar­qaritis Sxinas, Yiva Yoxansson və Oliver Varxeli də iştirak ediblər.

Görüşdən sonra Sxinas de­yib ki, müzakirələr konstruktiv keçib, mövcud problemləri və əməkdaşlıq yollarını müzakirə etmək üçün yaxşı imkan olub: “Pozitiv addımlar atmağın vaxtı çatıb”.

Ursula fon der Lyayen isə özünün tvitterində yazıb: “Türkiyənin xarici işlər naziri ilə münasibətlərin gələcəyi ilə bağlı fikir mübadiləsi apardıq. Dialoq vacibdir, ancaq biz həm də yerlərdə etimada səbəb olacaq jestlər gözləyirik”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

23 Yanvar 2021 01:13 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Fevral 2021 | 02:58
Çində yoxsulluğa son qoyuldu
26 Fevral 2021 | 00:48
Yeni müqavilə

Köhnə versiyamızdan xəbərləri izlə