Ən son xəbərlər
Almaniya Kansleri Angela Merkel Ağ evin əvvəlki administrasiyası ilə müqayisədə ABŞ-ın yeni Prezidenti Co Baydenlə bir çox mühüm məsələlər üzrə razılaşmaq imkanının daha çox olduğunu deyib. Bu barədə Berlindəki rəsmi mənbələrə istinadən “Amerikanın səsi” radiosu xəbər verib.
Angela Merkel, eyni zamanda hesab edir ki, Almaniya və Avropanın keçmişdə olduğu kimi, ABŞ-ın hərbi və maliyyə yardımına bir o qədər də ehtiyacı yoxdur. Siyasi təhlilçilər C.Baydenin D.Trampdan fərqli olaraq Avropa İttifaqı (Aİ) ilə əlaqələri gücləndirəcəyini düşünürlər. ABŞ-ın yeni Prezidenti bu barədə mövqeyini özünün seçkiqabağı kampaniyası zamanı dəfələrlə bildirib.
A.Merkel Berlində jurnalistlərə deyib ki, Ağ evin yeni sahibinin inauqurasiyadan sonra imzaladığı sərəncamlar göstərir ki, onunla konstruktiv dialoq aparmaq çətin olmayacaq. Almaniya Kansleri ABŞ Prezidentinin Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) qalmaq və Paris iqlim razılaşmasına yenidən qoşulmaq qərarını, eləcə də mühacir problemləri ilə bağlı fikirlərini dəstəkləyir. Kanslerin fikrincə, Almaniya həmin sahələr üzrə gələcəkdə Ağ ev ilə birlikdə uğurla çalışa biləcək. Lakin o, C.Bayden ilə bütün məsələlərdə tam razılığın əldə olunacağını istisna edib.
Xatırladaq ki, A.Merkelin ABŞ-ın keçmiş dövlət başçısı D.Tramp ilə münasibəti gərgin olub. Kansler etiraf edib ki, D.Trampın prezidentliyi dövründə Almaniya və Aİ rəhbərliyi diplomatik və hərbi sahələrdə ABŞ-a “bir o qədər də güvənməyib”.
“Ancaq yaxşı xəbər budur ki, Almaniya və Aİ rəsmiləri ABŞ ilə əməkdaşlığa hazırdırlar. Lakin əməkdaşlıq qarşılıqlı etimada əsaslanır”, – deyə A.Merkel xəbərdarlıq edib.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə