Ən son xəbərlər
Afrikada torpaqların sürətlə şoranlaşması qısa bir müddətdə qitə əhalisinin 70 faizinin aclıq və səfalətlə qarşılaşması deməkdir. Bu ciddi problemin həllinə nail olmaq məqsədilə müasir texnologiyalar tətbiq olunmaqla ekosistemi, habelə bioloji müxtəlifliyi qorumaq, bu yolla kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla əhalinin ərzaq təhlükəsizliyini təmin etmək mümkündür.
“Al Arabian”ın yaydığı məlumata görə, bu sözləri İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının təşəbbüsü ilə videokonfrans formatında keçirilən kənd təsərrüfatında innovasiya və müasir texnologiyalar mövzusunda beynəlxalq konfransda təşkilatın baş direktoru Salim bin Məhəmməd Əl-Malik söyləyib. Natiq bildirib ki, Afrikada davam edən səhralaşma və torpaqların 46 faizinin yararsız hala düşməsi kənd təsərrüfatı məhsulları istehsalını 20 faiz azaldacaq. Bu isə, təxminən əhalinin 70 faizinin aclıq təhlükəsi ilə qarşılaşması deməkdir.
İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Korporasiyası (GIZ) və Nigeriya hökuməti ilə birgə keçirilən konfransda ərzaq təhlükəsizliyi üzrə ekspertlər çıxış edərək bildiriblər ki, Afrikada ekoloji sistemin pozulması və aclıq təhlükəsi bütün dünya üçün fəlakətə çevrilə bilər.
Mahmud QƏRİBOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə