Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşib

2020-ci il dekabrın 10-da elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

Bu barədə "Xalq qəzeti"nə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, 54 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 155 vakant vəzifə üzrə 250 yer müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1661 namizədlə 1951 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələri, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi, Sosial-hüquq məsələləri üzrə müraciətlərin baxılması sektoru məsləhətçi - əmək müfəttişi (1 vakant yer üzrə 195 namizəd), Bakı şəhəri Nizami Rayon Məhkəməsi, məsləhətçi - kompüter proqramçısı (1 vakant yer üzrə 170 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin fevralın 1-dən aprelın 16-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

22 Yanvar 2021 13:10 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə