Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu – Cənubi Qafqazın ən güclüsü

Dövlətimizin başçısının prezidentlik fəaliyyətinə başladığı ilk gündən diqqət yetirdiyi prioritet istiqamətlərdən biri də hərbi quruculuq məsələsi oldu. Xatırladaq ki, 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev dedi: “Azərbaycanda ordu quruculuğu məsələsi daim diqqət mərkəzində olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumu­zun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Ölkə rəhbəri ötən 17 il ərzində bu vədinə sadiq qaldı, respublikamızda ordunun gücləndirilməsi ilə bağlı mühüm işlər gördü, silahlı qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranmasına nail oldu.

Azərbaycan Ordusu bu güc-qüdrətini 2016-cı ilin aprelin 2-də sübut etdi: Ermənistan ordusunun təxribatlarına cavab olaraq, silahlı qüvvələrimiz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı.

Silahlı qüvvələrimizin daha bir uğuru Aprel döyüşlərindən iki il sonra – 2018-ci ilin ma­yında Günnüt zəfəri ilə qazanıldı. Bu uğur­lu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun bu uğurlu əməliyyatının ən böyük nəticələrindən biri o oldu ki, silahlı qüvvələrimiz mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından Ermənistan ordusunu müqayisəolunmaz dərəcədə qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğu­nu öz üzərində açıq-aydın hiss etdi.

Nəhayət, Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də işğalçı Ermənistan si­lahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbənin ən başlıca səbəbi də yuxarıda vurğuladığı­mız kimi, Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Ötən il noyabrın 23-də işğaldan azad edilmiş Ağdamda səfərdə olarkən Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi məsələsinin hər an gündəmdə prioritet məsələ olduğuna diqqəti çəkərək demişdir: “Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünya­da güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalı­dır. Məhz gücümüzün yetərli dərəcədə olma­ması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır”.

Həqiqətən də, ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən beynəlxalq müstəvidə böyük işlər görülürdü. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilmişdi, sonradan isə BMT Baş As­sambleyası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası müvafiq qərar və qətnamələr qəbul etmişdilər. Bu hüquqi baza Azərbaycanın siyasi müstəvidə qələbə qazan­ması demək idi.

Düşmən üzərində möhtəşəm qələbə qa­zanmaq naminə düşünülmüş siyasət yeridən, bu yolla addım-addım irəliləyən Azərbaycan rəhbərliyi ölkə iqtisadiyyatının güclənməsi və iqtisadi potensialımızın artırılması üçün lazımi islahatlar aparırdı. İqtisadi cəhətdən müstəqil olmayan hər hansı dövlət siyasi müstəqillik də əldə edə bilməz. Digər bir mühüm məsələ Azərbaycanın hərbi qüdrətinin artırılması idi ki, Prezident bunu ən prioritet məsələlərdən hesab edirdi. Məlum olduğu kimi, ölkəmizin hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsinə bərabərdir. Prezidentin vurğuladığı kimi, bizim əsas problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ona görə bizim xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Biz lazım olan texnikanı aldıq. Bu texnikanı, müasir si­lahları Azadlıq meydanında dəfələrlə keçirilmiş paradlarda nümayiş etdirirdik. Biz ordumuzu in­kişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdik. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və Vətən müharibəsi bunu göstərdi.

Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi silahlı qüvvələrimizin hazırda dünya­nın güclü ordularından biri olduğunu təsdiqlədi. Məhz elə bunun nəticəsidir ki, “Global Firepo­wer” təşkilatının 2021-ci il üzrə hesabatında Azərbaycanın dünyanın 138 ölkəsi arasında hərbi gücünə görə 64-cü yerdə, Cənubi Qaf­qazda isə birinci yerdə qərarlaşdığı bildirilir. Reytinqdə qonşu Gürcüstan siyahıda 92, Ermənistan isə 100-cü yerdədir.

Hesabatda Azərbaycanda 3,7 milyon­dan çox hərbi xidmətə yararlı insanın möv­cudluğu diqqətə çatdırılır. Həmçinin silahlı qüvvələrimizdə 425 min hərbi qulluqçudan 125 mininin aktiv xidmətdə olması vurğulanır.

Araşdırmada, eyni zamanda, bildirilir ki, müharibənin aparılması üçün əsas komponent yanacağın olmasıdır. Azərbaycan gün ərzində 800 min barel neftin hasilatını reallaşdırır, 180 min barel nefti isə istehlak edir. Ölkəmizin təsdiqlənən neft ehtiyatlarının həcminin isə 7 milyard barel olduğu xatırladılır.

Yeri gəlmişkən, 2020-ci ilin reytinqində də Azərbaycan 64-cü mövqedə olub.

Bütün bu üstünlüklər Cənubi Qafqaz ölkələrinin büdcələrindəki hərbi xərclərdə də diqqət çəkir. Belə ki, Azərbaycanda 2021-ci ilin dövlət büdcəsində ölkənin müdafiə və milli təhlükəsizliyi üçün 4,58 milyard manat (2,7 milyard dollar) xərclənəcəyi nəzərdə tutulub. Bu ötən illin hərbi xərclərindən, təxminən, 782 milyon manat (460 milyon dollar) və ya 20,5 faiz çoxdur. Keçən ilin hərbi xərcləri dövlət büdcəsinin ümumi xərclərinin 13,8 faizini təşkil edirdi. Bu il isə bu rəqəm 18 faizdən bir qədər artıqdır.

Cari ilin dövlət büdcəsində müdafiə xərclərinin 5 istiqamətdə xərclənəcəyi qeyd olunub. Müdafiə qüvvələrinə ayrılan xərclər 15,8 faiz, milli təhlükəsizliyə ayrılan xərclər 6,6 faiz, sərhəd xidmətinə ayrılan xərclər 0,9 faiz, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün ayrılan xərclər 2,6 faiz, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün isə əvvəlki illə müqayisədə 31,2 faiz artırılıb.

Qonşu Gürcüstanın hərbi xərcləri cari il üçün cəmi 900 milyon lari və ya 274 milyon 655 min dollar təşkil edəcək. Bu isə Azərbaycanla müqayisədə, təxminən, 9,8 dəfə azdır.

Ermənistan cari ildə ordusuna 312 milyard dram və ya 597 milyon dollar ayıracaq. Müdafiə sahəsindəki xərclər 2020-ci ilə nisbətən cəmi 1,3 faiz artıb. Ən diqqətçəkən məqam isə odur ki, müdafiə xərcləri sosial təminat və dövlət idarəetməsi xərclərindən sonra üçüncü yerdədir. Başqa sözlə, dövlət borcunun idarə edilməsi və dövlət aparatının qorunmasını özündə cəmləşdirən dövlət idarəçiliyinə müdafiədən daha çox vəsait ayrılıb.

Bütün hallarda, aparılan müqayisələr belə bir qənaətə gəlməyə əsas verir ki, Ermənistan ötən ilə nisbətən hərbi xərcləri artırsa da, Azərbaycanla ayaqlaşmaq gücündə deyil. Ən azından ona görə ki, Azərbaycanın müdafiə məqsədli xərcləri Ermənistanla müqayisədə, təxminən, 4,5 dəfədən artıq olacaq.

V.BAYRAMOV, “Xalq qəzeti”

22 Yanvar 2021 03:14 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə