Ən son xəbərlər
Dünən Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Mühüm tarixi hadisə kimi diqqət çəkən bu memorandumda adı çəkilən “Dostluq” yatağı barəsində bəhs etməzdən əvvəl Azərbaycanda neft sənayesinin inkişafının bəzi məqamlarına nəzər salmaq istərdik. Xatırladaq ki, respublikamızda bu sahənin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Xəzər dənizində yeni yataqların kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və modernləşdirilməsində dönüş mərhələsi, məhz ümumilli liderin Azərbaycana rəhbərlik etdiyi 1970-80-ci illərdə başlayıb. Yeri gəlmişkən, həmin dövrə qədər Xəzər dənizində işlədilən texniki vasitələr yalnız dənizin dərinliyi 40 metrə qədər olan sahələrdə işləməyə imkan verib. Buna görə də ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk vaxtlardan bu məsələni diqqət mərkəzində saxlayıb, dəniz yataqlarının işlənilməsi üçün yeni müasir avadanlıqlar – qazma qurğuları, borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən “Azərbaycan” kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələrin Azərbaycana gətirilməsini gerçəkləşdirib.
Bütün bunlarla bərabər, 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yaradılıb və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə edib. Onu da xatırladaq ki, dənizin 200 metr dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaranıb. Nəticədə, 1975-ci ildə “Bulla-dəniz” yatağının işlənilməsinə başlanılması, 1979-cu ildə “Günəşli”, 1985-ci ildə “Çıraq”, 1988-ci ildə “Azəri”, 1989-cu ildə isə “Kəpəz” yatağı aşkar edilib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən uzaqgörən siyasət nəticəsində 1994- cü il sentyabrın 20-də Bakı şəhərində tarixə “Əsrin müqaviləsi” kimi daxil olan Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında müqavilələrin imzalanmasını reallaşdırdı.
“Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzər dənizinin mineral sərvətlərindən istifadə üçün dünyanın aparcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım kimi, bu istiqamətdə ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açıldı.
Bununla da Azərbaycan Respublikası Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılmasınını daim diqqət mərkəzində saxladığını, eləcə də Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış etdiyini təsdiqlədi. Bu səylər, eyni zamanda, Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə önəmli təsir göstərdi.
Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün hər zaman ikitərəfli və çoxtərəfli formatlara üstünlük verilib. Bu çərçivədə 2001-ci il noyabrın 29-da “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 2002-ci il sentyabrın 23-də “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 14 may 2003-cü il mayın 14-də “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş” imzalanıb.
Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılaşmanın əldə edilməsi, öz növbəsində, bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan verib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci il avqustun 12-də “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın imzalanması ilə Xəzərin huquqi statusu üzrə ümumi razılaşmanın gerçəkləşməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğunu bir daha nümayiş etdirib.
Burada “Dostluq” yatağı haqqında bəhs etmək istərdik. Əvvəlcə xatırladaq ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.
Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu sahədə mühüm fəaliyyət göstəriblər.
SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlandırılıb.
Hazırda həmin yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin, eyni zamanda, tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir.
“Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb, 1998-ci ildə isə Xəzər dənizinin orta xətt koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar məqsədilə ekspert qrupu yaradılıb.
Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb. Nəhayət, bu, iki ölkə arasında yuxarıda adı çəkilən memorandumun yanvarın 21-də Aşqabad şəhərində imzalanması ilə nəticələnib.
Beləliklə, memorandumun imzalanması tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir.
Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Neft və qaz ixracatçısı olan respublikamızın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq.
Sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasına, Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın daha da möhkəmləndirilməsinə müsbət təsir göstərəcək, eyni zamanda, Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasına və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsnə yeni imkanlar yaradacaq.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə