Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda həyat yenidən normal məcraya düşəcək

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 14-də Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Sonra dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Mən bu barədə telereportaja böyük maraqla baxdım və sonsuz qürur, sevinc hissləri yaşadım. Möhtərəm Prezidentimiz Şuşaya səfəri zamanı çox dəyərli fikir və mülahizələr səsləndirdi. Xalqımızın sevimli lideri dedi: “Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi”.

Vətən müharibəsi günlərində şanlı ordu­muz böyük şücaətlər və qəhrəmanlıqlar nüma­yiş etdirmişdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qarabağın azad olunması uğrunda 44 günlük müharibə XXI əsrin müharibəsidir. Müharibənin hər bir günü zəfər günü idi. Hər gün Azərbaycan əsgəri irəli gedir, bir gün belə geri addım atmırdı. Bu, dünya müharibələri tarixində çox nadir hallarda müşahidə edilən bir mənzərədir.

Mən Əfqanıstan müharibəsinin od-alovundan keçmişəm. Hər bir müharibənin nə qədər çətin və ciddi sınaq olduğunu yaxşı dərk edirəm. Azərbaycan xalqı igid və qəhrəman xalq olduğunu bir daha sübut etdi. Yağı düşmən qarşımızda diz çökdü. Biz Vətən müharibəsindəki qələbəni Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti, xalqımızın mərd, igid, qorxmaz əsgər və zabitlərinin fədakarlığı sayəsində əldə etmişik. Bizə bu parlaq qələbənin böyük sevincini bəxş edənlərin əməyini heç vaxt unutmayacağıq!

Əminəm ki, bu şanlı tarixi qələbə ilə gələcək nəsillər də fəxr edəcəklər. Qəlbləri şad yaşayacaqlar, dünyanın hər yerində başları uca gəzəcəklər. Azərbaycanlı olduqları ilə qürur duyacaqlar. Bundan böyük səadət ola bilərmi? Əlbəttə, yox! Şanlı, qalib ölkənin sakini, vətəndaşı olmaq çox böyük fəxarətdir!

Ali Baş Komandan Şuşada əsgərlər qar­şısında Vətən müharibəsində şanlı qələbənin tarixi əhəmiyyətinə qiymət verərkən demişdir: “Bu müharibə bizim tariximizdə əbədi yaşa­yacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesa­bına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir versin!”

Ermənilər işğal etdikləri ərazilərdə bar­barcasına hər şeyi dağıdıblar. Evləri viran qoyublar, ağacları kəsiblər, meşələri yandırıb­lar. Dünya onların necə yırtıcı xislətə sahib ol­duğunu gördü. Onlar özləri özlərini ifşa etdilər.

Azərbaycan torpaqlarında isə “Böyük qayıdış” başlayır. Bu gün hər kəs əmindir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Şuşanı, külli Qarabağı yenidən dirçəldəcək, bu bərəkətli torpağı əvvəlkindən də gözəl bir məkana çevirəcək.

Azərbaycan xalqı qurub-yaradan xalqdır. Biz Qarabağda düşmənin dağıtdığı bütün kəndləri, şəhərləri yenidən tikib quracağıq. Bu torpaqların həqiqi sahibləri öz doğma ata-ba­ba yurdlarına qayıdacaqlar. Ən yaxın aylar, illər ərzində Qarabağda həyat normal məcraya düşəcək. Beləliklə, Qarabağda tarixi ədalət tamamilə bərpa olunacaq.

Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı tutduğu vəzifədən, maddi im­kanlarından asılı olmayaraq, Qarabağda böyük quruculuq işlərinə imkanı, gücü çatan qədər öz töhfəsini verməyə borcludur. Biz bunu etməklə, həm ulularımızın, həm də şəhidlərimizin ruhunu sevindirmiş olacağıq. İnşallah, hər şey yaxşı olacaq. Qarabağ Azərbaycandır!

Əfrahim TƏHMƏZOV,
Əfqanıstan müharibəsi veteranı, istefada olan ədliyyə polkovniki

22 Yanvar 2021 03:12 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə