Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində də qalib gələcək

Xəbər verildiyi kimi, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində Ermənistanla bağlı iddia qaldırıb. Həmin iddiada Ermənistanın ölkəmizə vurduğu maddi və mənəvi zi­yanın ödənilməsi öz əksini tapıb. Bu barədə ətraflı məlumat verilməsi üçün Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadəyə müraciət etdik.

– Çingiz müəllim, ərazilərimiz işğaldan yeni azad olunub və Ermənistanın vurduğu zərər hələ tam qiymətləndirilməyib. Sizcə, Avropa İnsan Haqları Məhkəməsində iddia qaldırmaq tez deyildimi?

– Yanvarın 15- də Azərbaycan dövləti tərəfindən Ermənistan dövlətinə qarşı qaldırılmış iddia Avropa İnsan Haqları Məhkəməsinə təqdim edilib. Doğru deyirsiniz, hələ qiymətləndirmə tam başa çatmayıb, ərazilərimiz minalardan təmizlənməyib. Xatırladım ki, Avropa İnsan Haqları Məhkəməsində bu cür iddialara baxılması bəzi hallarda on il çəkir. Ona görə də bu, ilkin iddia kimi qəbul olunmalıdır. Bu iddia ona görə operativ şəkildə qaldırılıb ki, vaxt Azərbaycanın xeyrinə işləsin.

Artıq Avropa İnsan Haqları Məhkəməsi qaldırdığımız id­dianı tam icraata götürdükdən sonra həm cavabdeh tərəf olan Ermənistan dövləti, həm iddia­çı tərəf – Azərbaycan dövləti bu iddiaya yeni faktlar, yeni tələblər, yeni qiymətləndirmələr əlavə etmək hüququna malikdir. Əgər biz gözləsəydik ki, ərazilər mina­lardan təmizlənsin və ondan sonra qiymətləndirmə prosesi bir neçə ilə başa çatsın və ondan sonra iddia qaldıraq, bu, uzun zaman tələb edəcəkdi. Təbii ki, bu da bizi qane edə bilməzdi.

– Konkret hansı istiqamətlər üzrə iddia qaldırılıb?

– Azərbaycan dövləti konkret dörd istiqamətdə Ermənistanı gü­nahlandırır. Birincisi, qeyd olunur ki, 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycan dövlətinin Qarabağ hissəsini və 7 ətraf rayonu işğal etməklə Azərbaycan vətəndaşlarının beynəlxalq hüquq və eyni zamanda, Avropa İnsan Hüquqları Konvensi­yası ilə qorunan hüquqlarını pozub. Bu hüquqlar hansılardır? Birincisi, insanların yaşamaq hüququdur. İkincisi, insanların işgəncə və qeyri-insani rəftarlara məruz qalmasıdır.

Eyni zamnda, dini etiqad azadlığının, habelə, şəxsi və ailə hüququnun, sərbəst hərəkət etmək, mülkiyyət hüququnun pozulma­sıdır. Bu iddialar artıq beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilib. Çünki 30 ilə yaxındır ki, bu bölgədən olan soydaşlarımız bütün hüquqlardan məhrum olublar. İddiada, eyni zamanda, qeyd olunur ki, Azərbaycan vətəndaşlarının itkin düşmüş 3 min 890 nəfərin taleyi bu gün də məlum deyil və Ermənistan tərəfi onların taleyinin araşdırılma­sı üçün hansısa bir addım atmır. Mən oxuculara məlum olsun deyə, qeyd edirəm ki, bunlar 44 günlük Vətən müharibəsi zamanı deyil, Birinci Qarabağ savaşı dönəmindən bugünədək itkin düşənlərdir.

Məlum olduğu kimi, təcavüzkar Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycanın rayonlarını və yaşayış məntəqələrini işğal etdikcə soydaşlarımızı əsir və girov götürüblər. Mən 15 ildən artıq idi Əsir və itkin düşmüş, girov götürül­müş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olmuşam. Biz, hətta o dövrlərdə də 3-cü dövlət, Qırmızı xaç və digər təşkilatlar vasitəsilə Ermənistana sorğu göndərir, itkin düşmüş insanların ta­leyi ilə bağlı məlumatlar verilməsini, girovların qaytarılmasını tələb edir­dik. İtkin düşənlərin çox cüzi hissəsi tapılıb qaytarıldı, ancaq 3 min 890 nəfər haqqında indiyədək heç bir məlumat verilməyib. Ona görə də həmin şəxslər bizim tərəfimizdən itkin düşmüş hesab olunurlar. Bu da iddiada öz əksini tapıb.

İddianın ikinci istiqaməti üzrə Azərbaycan tərəfi haqlı olaraq, 2020- ci ilin iyul təxribatı ilə bağ­lı Ermənistan tərəfindən Tovuz istiqamətində baş vermiş təxribatda yenə də vətəndaşlarımızın Avro­panın İnsan Hüquqları Konvensi­yasının tələbləri ilə hüquqlarının pozulması məsələsini qoyub.

Üçüncüsü, 44 günlük Vətən müharibəsinə aid olan məsələlərdir. Bu arada, qeyd olunur ki, 44 günlük müharibə Azərbaycanın Qələbəsi ilə başa çatsa da, döyüşlərin gedişində Ermənistan tərəfi qeyri-insani rəftar, eyni zamanda, ən böyük humanitar hüquq olan Cenevrə Konvensi­yasının tələblərini kobud şəkildə pozmuş və döyüş bölgələrindən kənarda olan ərazilərimizi, yaşayış məntəqələrimizi ağır artilleriyadan, uzaq ballistik raketlərdən atəşə tutmuş, həm fosforlu bombalardan, həm də digər qadağan olunmuş silahlardan istifadə etmişdir.

Bunun nəticəsində, 93 mülki şəxsimiz həlak olub. Onlardan 12-si uşaq, 28-si qadındır, – 423 nəfər isə yaralıdır. Yaralıların isə 104-ü qadın, 5- i uşaqdır. Bunlar da iddiada öz əksini tapıb. Ümumilikdə, vurulan bütün zərər Ermənistandan tələb olunur. Təbii ki, gələcəkdə digər faktlar və məlumatlar da iddiaya əlavə olunacaq.

Dördüncüsü, yenə Ermənistan tərəfindən işğal nəticəsində ərazilərin minalanması və dağı­dılmış şəhərlərin, kəndlərin olma­sıdır. Həmçinin, ötən il 10 noyabr bəyanatından sonra Ermənistan ərazisindən silahlı birləşmələrin Dağlıq Qarabağa göndərilməsi ilə bağlı Azərbaycan vətəndaşlarının haqlı olaraq, bu ərazilərə geri qaytarılmasının, məskunlaşmanın çətinləşməsidir. Ermənistan dövlətindən həmin iddiaların təmin edilməsi ilə bağlı addımlar atıl­ması tələb olunur. Bir daha qeyd edim ki, bu, ilkin iddiadır və bunu vaxt itirməmək məqsədilə təqdim etmişik. Gələcəkdə daha tutarlı, qiymətləndirilmiş və faktlara, hüquqa söykənən məlumatlar iddiaya əlavə olunacaq.

– Təcrübəli hüquqşünas kimi, deyə bilərsinizmi ki, Avropa İnsan Haqları Məhkəməsinin bu iddianı təmin etməsi üçün daha hansı vasitələrdən istifadə edə bilərik?

– Düşünürəm ki, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanın əleyhinə qərar çıxar­ması qeyri- mümkündür. Çünki artıq Avropa Məhkəməsində presedent hüququ var və bu, təkcə bizim respublikamızla yox, bir neçə ölkə ilə bağlıdır. Xatırlayırsınızsa, 2005-ci il aprelin 6-da respublikamızın bir qrup vətəndaşı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişdi. Məhkəmənin 2011-ci il 14 dekabr qərarı ilə ərizəçilərin şikayətləri qəbul edilmişdir. Avropa İnsan Haqları Məhkəməsi Çıraqov və başqalarının Ermənistana qarşı iddiası üzrə 2015-ci il iyunun 16- da qərar qəbul etmişdir. Qərarda Avropa İnsan Hüquqları Konven­siyasının 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında qərar qəbul etmiş və beləliklə, Azərbaycan vətəndaşlarının iddiası təmin edilmişdir. Azərbaycan hökuməti bu işdə üçüncü tərəf qismində çıxış etmişdir. Göründüyü kimi, məhkəməyə iddia ərizəsi təqdim edildikdən 10 il sonra işə baxıl­mış və ərizəçilərin iddiaları təmin olunmuşdur. Bunu misal çəkməkdə məqsəd odur ki, yanvarın 15- də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməkdə məqsədimizin vaxt udmaq olduğunu diqqətə çat­dırmaq istərdim.

Avropa İnsan Haqları Məhkəməsinin bu məsələ ilə bağlı qəbul etdiyi qərarda bir neçə məqam Ermənistanın işğalçı, Azərbaycan ərazisnin bir qisminin təcavüzkar ölkənin nəzarətində olduğunu bir daha təsdiqləyirdi. Hətta həmin qərarda qeyd olunur ki, təxminən 150 minlik əhalisi olan “Dağlıq Qarabağ respublikası” – tanınmayan respublika ( təbii ki, bu, Ermənistan tərəfindən şişirdilmiş rəqəmdir - Ç.Q.) 7 milyon əhalisi olan Azərbaycana qarşı savaş açmaq iqtidarında deyildir və bu, işğal Ermənistan silahlı birləşmələri tərəfindən həyata keçirilib. Yəni, artıq Avropa Məhkəməsinin belə bir təcrübəsi və qərarı var. Qanun­da, xüsusilə beynəlxalq hüquqda , əsasən, presedentə istinad olunur. Presedent də Avropa İnsan Haqları Məhkəməsinin özünün qəbul etdiyi qərardır.

Artıq son vaxtlar bir çox beynəlxalq təşkilatların, o cümlədən ölkəmizdəki diplomatik korpusla­rın nümayəndələri işğaldan azad edilmiş ərazilərə gedir, orada ermənilərin törətdikləri vəhşiliklərin, barbarlığın şahidi olur, isti ocaqla­rından didərgin salınmış soydaşla­rımızla görüşürlər. Artıq beynəlxalq ictimaiyyət də doğma yurdlarından didərgin salınmış soydaşlarımızın sayını bilir. Belə olan halda, təbii ki, Ermənistan dövləti uduzan tərəf olacaq və ölkəmizə vurduğu maddi və mənəvi zərərə görə təzminat ödəmək məcburiyyətində qalacaq. Təzminatın məbləğinə gəlincə, bunu hələ dəqiq demək mümkün deyil. Cənab Prezident də dəfələrlə qeyd edib ki, beynəlxalq qiymətləndirici təşkilatların nümayəndələri də daxil edilməklə həmin ərazilərdə qiymətləndirilmə işləri aparıla­caq. Hələlik qarşıda duran əsas vəzifələrdən biri ərazilərin mi­nalardan təmizlənməsidir. İddia ərizəsində də bu fakt öz əksini tapıb.

Təbii ki, qiymətləndirmə tam başa çatdıqdan sonra bu da iddia ərizəsində öz əksini tapacaq. Bu işlərdə beynəlxalq ekspertlərdən istifadə etməyimiz gələcəkdə bizim həmin təşkilatlar qarşısında bu məsələlərin müzakirəsi za­manı üstünlük əldə etməyimizə əlverişli şərait yaradacaq. Qiymətləndirmədə beynəlxalq təşkilatların nümayəndələrinin olması çox vacibdir. Bu yaxınlarda “Amnesty International” təşkilatı Ermənistanın barbarlıq, vəhşi hərəkətini tənqid edən bir hesabat yaydı. Bu cür təşkilatların belə açıq­lamaları və hesabatları bizə əsas verir ki, gələcəkdə bu sənədləri də ortaya qoyaq. Çünki bu hesa­bat beynəlxalq təşkilat tərəfindən yayılıb.

Məhz buna görə də möhtərəm Prezidentimiz haqlı olaraq deyir ki, bu cür işlərə beynəlxaq təşkilatların nümayəndələrinin dəvət olun­ması mütləq lazımdır. Həmişə haqlı tərəf qalib olur. Azərbaycan haqlıdır və Avropa İnsan Haqları Məhkəməsində də qalib gələcəyinə şübhə ola bilməz.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

22 Yanvar 2021 03:09 - SİYASƏT
SİYASƏT
3 Mart 2021 | 01:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə