Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın “Xoşbəxtlik” küçəsində yaşayanlar özlərini bədbəxt hesab edirlər

Ermənistan 44 günlük müharibədən sonra siyasi, iqtisadi-maliyyə sahələrində ciddi tənəzzüllə üzləşib. Əhalinin sosial şəraiti son dərəcə ağırlaşıb. Ermənistanın Hərbi Sığorta Fondunun qəyyumlar şurasının üzvü Mesrop Manukyan “Facebook”dakı səhifəsində baş nazir Nikol Paşinyanın müharibə getdiyi dövrdə ölkəyə, ən azı, 38,4 milyard dollar ziyan vurduğunu yazıb.

M.Manukyan, eyni zamanda, ölkəsinin müdafiə sisteminə 2 mil­yard dollara yaxın zərər dəydiyini, Zod qızıl mədəninin geri qaytarıl­ması nəticəsində Ermənistanın 8 milyard dollardan məhrum olduğu­nu, itirilmiş hidroelektrik stansiya­ların dəyərinin 600 milyon dollar təşkil etdiyini də qeyd edib.

Yeri gəlmişkən, M.Manukyan yuxarıda Zod qızıl mədəninin adını çəkməklə Kəlbəcər rayonu ərazisində yerləşən qızıl yatağı­nı nəzərdə tutub. Xatırladaq ki, Ermənistan bu yatağı istismar etməklə, eləcə də digər yeraltı və yerüstü sərvətlərimizi talamaqla, infrastrukturu, evləri, maddi-mənəvi dəyərlərimizi dağıtmaqla Azərbaycana külli miqdarda zərər vurub.

“4rd.am” saytı isə yazır ki, müharibədəki məğlubiyyətdən sonra Ermənistanda əhali 2021-ci ildən yaxşı heç nə gözləmir: “Mak­simum dərəcədə qənaət etmək lazımdır. Çünki ölkənin valyuta ehtiyatları tükənir”.

Sayt daha sonra bildirir ki, hazırda Ermənistanda yoxsulluq pik həddədir, miqrasiya tempi isə əvvəlkindən də yüksəkdir: “Əhali iş tapa bilmir. Həyat səviyyəsi ildən-ilə aşağı düşür. Hökumət vətəndaşların rifahı üçün heç bir cəhd göstərmir. Buna görə də Ermənistanda insanlar çıxılmaz vəziyyətdə qalıblar. Hökumətin xarici borcları da getdikcə artır. Hakimiyyət yeni kreditlər almaq­la xərclərini ört-basdır etməyi, büdcədəki kəsiri örtməyi düşünür. Ancaq bununla mövcud problemi aradan qaldırmaq mümkün deyil. Əksinə, bu, Ermənistanın dövlət borcunun 9 milyard dollara qədər yüksəlməsini reallaşdıracaq.

Ermənistan əhalisi sosial-iqtisa­di problemlər üzündən respublikanı tərk etmək məcburiyyətində qalıb. “İravunk” qəzetinin məlumatına əsasən, ölkənin Kotayk vilayətində bu mənzərə daha aydın nəzərə çarpır. Belə ki, 13 il əvvəl 900- ə yaxın sakini olan Alaparas kəndində yaşayanların sayı indi heç 200-ə çatmır. Ermənistanın digər əyalətlərində olduğu kimi, burada da vəziyyət ürəkaçan deyil. Ən maraqlısı da odur ki, kəndin küçələrindən birinə “Xoşbəxtlik” adı verilib. Sakinlər hər dəfə bu adı görəndə özlərini təhqir olunmuş hesab edirlər.

Nəşr yazır ki, əslində “Xoşbəxtlik” küçəsində yaşayanlar bədbəxtdirlər. Onların dolanışıqla bağlı ciddi problemləri var. Küçənin adı ilə yaşadıqları həyat tərzi tərs mütənasibdir. Bu ölkədə onsuz da xoşbəxt insanlar azdır. Kəndin təkcə yollarına baxmaqla burada əhalinin necə yaşadığını görmək olar. Buna görə də doğulduqları yerdə özlərini bədbəxt hesab edən insanlar xoş günlərini doğulduqları torpaqlarda deyil, xarici ölkələrdə axtarırlar.

Erməni politoloq Qagik Ham­baryan da Ermənistanda iqtisadi fəlakət yaşandığını, baş nazir Nikol Paşinyanın xalqın başının altına yastıq qoymaqla məşğul olduğunu bildirib: “Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, 2020-ci ildə Ermənistanda 22 min 154 müəssisə bağlanıb. Bu da 2019-cu illə müqayisədə 52 faiz çoxdur. Baş nazir kreslosundan əl çəkməyən Nikol Paşinyan bu fəlakətli məlumatlardan xəbərdar olduğu halda, “qızıl dağlar” vəd edir, cəmiyyətə yalan danışmaq­dan utanmır.

Ermənistan hökumətinin son iclası zamanı baş nazir Nikol Paşinyan 2021-ci il üçün bir sıra makroiqtisadi məsələləri açıqlayıb. Bu ili Ermənistanın iqtisadi inkişa­fının bərpası ili adlandırıb. Paşin­yan iclasda deyib ki, “müharibə və pandemiya səbəbindən 2020-ci il iqtisadi cəhətdən çox çətin oldu. Ona görə də çətinliklərin öhdəsindən gəlməyimizə imkan verəcək tədbirləri formalaşdırma­lıyıq”.

Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsindən əvvəl Ermənistanda yaranmış vəziyyəti bərpa etmək lazımdır: “Biz aydın şəkildə göstərməliyik ki, 2021-ci il dönüş ili olacaq… Bu il iqtisadi inkişafımızın bərpası ili olacaq”, – deyə Ermənistan baş naziri vurğu­layıb. O, ölkəsinin bir çox iqtisadi problemlə üzləşdiyini, bununla yanaşı, hələ də əlverişli imkanların mövcudluğunu deyib: “Əlbəttə, diqqətimizi, ilk növbədə, sosial-humanitar problemlərin həllinə yönəltməliyik. Digər tərəfdən, yanvarın 11-də Moskvada imza­lanmış üçtərəfli bəyanatın və onun mümkün icrasının Ermənistan Respublikası üçün tamamilə yeni iqtisadi imkanlar yarada biləcəyini düşünürük. Bu fürsətdən maksi­mum dərəcədə istifadə etməklə təkcə iqtisadi inkişafımızı deyil, həm də daha yüksək standartları müəyyənləşdirmək niyyətindəyik”.

Baş nazir 2021-ci ildə həyata keçirilən proqramların keyfiyyətinin 2022-ci ilin makroiqtisadi kontekstinə təsir göstərəcəyini də qeyd edib. Bu il üçün iqtisadi inki­şafın ümumi proqnozlarını təqdim edən Ermənistanın maliyyə naziri Atom Cancuqazyan isə bildirib ki, pandemiyanın və Qarabağdakı müharibənin nəticələrinə görə büdcə prosesinin mümkün qədər tez müzakirə olunmasına başla­maq məsləhətdir.

“Xalq qəzeti”

22 Yanvar 2021 03:07 - SİYASƏT
SİYASƏT
3 Mart 2021 | 01:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə