Ən son xəbərlər
Gəncə
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Gəncədə şəhidlərin xatirəsi ehtiramla yad edilib. Anım mərasimi ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun şəkildə keçirilib.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər. Əvvəlcə Şəhidlər xiyabanının girişində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə inşa edilmiş lövhənin önünə güllər düzülüb. Daha sonra şəhər rəhbəri Niyazi Bayramov Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramını ifadə edib.
Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub. Ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq sakinlər anım mərasimində kütləvi surətdə iştirak etməyiblər. Bununla belə, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri az sayda kollektiv üzvləri ilə birlikdə gün ərzində Şəhidlər Xiyabanına gələrək Vətən yolunda canlarından keçənlərin xatirəsinə ehtiramlarını bildirmişlər.
Goranboy
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev müntəzəm olaraq şəhid ailələrinə baş çəkir, onların problemləri ilə maraqlanır, mümkün olan məsələləri yerindəcə həll edir, əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verir.
Rayon rəhbəri kənd və qəsəbələrdəki şəhid məzarlarını da ziyarət edir, onların ruhuna dualar oxunur. İcra hakimiyyətinin başçısı bu dəfə idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimai fəalların iştirakı ilə Düzqışlaq kəndindəki Şəhidlər xiyabanına gəlmişdir. Şəhidlərimizin məzarları ziyarət olunmuş, məzarlar üzərinə təzə-tər güllər qoyulmuş, ruhlarına dualar oxunmuşdur.
Naftalan
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov icra hakimiyyətinə müraciət edən vətəndaşların növbəti onlayn qəbulunu keçirmişdir.
O, qəbulda səslənən müraciətləri diqqətlə dinlədikdən sonra sakinlərə müvafiq izahatlar vermiş, bir sıra məsələlərin həllini müvafiq müəssisə və təşkilat rəhbərlərinə tapşırmış, bu işlərin gedişini nəzarətə götürmüşdür.
Qəbula gələnlər onların şikayət və təkliflərini diqqətlə dinlədiyi, lazımi göstərişlər verdiyi üçün şəhər rəhbərinə razılıq etmiş, ölkədə həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Göygöl
Görüşdən əvvəl könüllülər şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anmış, məzarları üzərinə tər çiçəklər düzmüşlər.
Sonra rayon icra hakimiyyətində görüş olmuşdur. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova çıxış edərək ölkə Prezidentinin göstəriş və tapşırıqlarına uyğun olaraq yeni nəsil üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısı ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirmişdir. K. İbrahimova demişdir: “Bütün dövlət strukturlarında könüllü gənclər fəaliyyət göstərir. Dövlət proqramında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialın üzə çıxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək nəzərdə tutulmuşdur. Bu istiqamətdə işlər Göygöl rayonunda da uğurla davam edir”.
Görüşdə ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Hüseynov çıxış edərək demişdir ki, könüllülük fəaliyyəti ilə məşğul olan gənclər bir neçə istiqamət üzrə çalışıblar. İki ay müddətində onların təcrübi bilikləri artırılmış, qabiliyyətlərinin üzə çıxarılması istiqamətində işlər görülmüşdür. Bütövlükdə, bu işlər həm gənclər, həm də Göygöl Rayon İcra Hakimiyyəti üçün faydalı olmuşdur.
Tədbirdə çıxış edən könüllülər iki ay ərzində icra hakimiyyətində böyük təcrübə və səriştə qazandıqlarını, bu təcrübənin onların gələcək əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandıqlarını qeyd etmiş, onlar üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda Göygöl Rayon İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə xüsusi sertifikatlar təqdim olunmuş və xatirə şəkli çəkdirilmişdir.
Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri
Köhnə versiyamızdan xəbərləri izlə