Ən son xəbərlər
Yanvarın 20-də Cozef Bayden ölkə Konstitusiyasına and içərək, ABŞ Prezidenti vəzifəsində fəaliyyətə başlayıb. Kamala Harris isə rəsmi şəkildə ölkənin 49-cu vitse-prezidenti olub. Tədbirlə əlaqədar Kapitoli ərazisində güclü təhlükəsizlik tədbirləri görülüb.
Mərasimə qatılan qonaqlar arasında səlahiyyət müddəti bitmiş vitse-prezident Maykl Pens, ABŞ-ın sabiq prezidentləri, yeni Prezidentin ailə üzvləri, ABŞ Ali Məhkəməsinin hakimləri, amerikalı qanunvericilər yer alıblar. Koronavirus pandemiyası səbəbindən qonaqlar sosial məsafə qaydalarına uyğun olaraq əyləşdirilib. Andiçmə mərasimində ABŞ-ın dövlət himnini bu dəfə Ledi Qaqa ifa edib.
ABŞ-ın 46-cı Prezidenti Cozef Bayden mərasimdə çıxışı zamanı demokratiyanın qalib gəldiyini bəyan edib: “Bu gün Amerikanın, demokratiyanın günüdür. Bu gün namizədin deyil, hədəflərin zəfərini qeyd edirik. Məqsəd demokratiyadır. Xalqın iradəsi dinlənildi. Yenidən demokratiyanın qiymətli, kövrək olduğunu anladıq. Və bu saat, dostlar, demokratiya qalib gəldi”.
Bayden bildirib ki, əgər cəmiyyətdəki parçalanma aradan qaldırılmasa, ABŞ xaosa yuvarlana bilər: “Amerika cəmiyyətində parçalanmanın güclü səbəbləri var və bu, yeni məsələ deyil. Ona görə də cəmiyyətdə birlik və bərabərlik yaratmağa çalışmalıyıq”.
Yeni dövlət başçısı seçkilərdə dəstəyini ala bilmədiyi vətəndaşlara çağırış edib ki, ona şans versinlər və əmin olsunlar ki, bütün amerikalıların rifahı üçün işləyəcək. Onun sözlərinə görə, ABŞ son illərin sınağından şərəflə çıxaraq daha da güclənib, xarici əlaqələrini bərpa edib. Bundan sonra da ölkə mövcud çağırışları dəf etmək üçün dünyanın qalan hissəsi ilə fəal şəkildə əməkdaşlıq edəcək.
Bayden vəzifəsinin icrasına başladığı ilk gün sələfi Donald Trampın bir neçə fərmanını ləğv edib. Onun ilk fərmanı ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qayıtması ilə bağlı olub. Prezident ölkəsinin Paris İqlim Razılaşmasına qayıtdığını da təsdiqləyib.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə