Ən son xəbərlər
“Rəsmi Madrid Türkiyənin təkcə İspaniya ilə deyil, bütövlükdə, Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin möhkəmlənməsində maraqlıdır”. Belə bir bəyanatla İspaniyanın Baş naziri Pedro Sançes çıxış edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
İspaniya hökumətinin rəhbəri ölkəsini xaricdə təmsil edən səfirlər qarşısında çıxış edərkən deyib ki, Aİ rəhbərliyi NATO-nun aparıcı ölkələrindən biri olan Ankara ilə pozitiv gündəm qurmağa borcludur.
P.Sançes sonra vurğulayıb ki, İspaniya Avropa ölkələri arasında Türkiyə ilə konstruktiv dialoqun qurulmasının lehinə olan dövlətlərin ilk sıralarındadır. Madrid hesab edir ki, Ankara Avropanın təhlükəsizliyində mühüm rol oynayır və bu amil lazımınca dəyərləndirilməlidir.
Yeri gəlmişkən, 2021-ci ilin ikinci yarısında Türkiyə- İspaniya Hökumətlərarası Komissiyanın sammiti keçiriləcək. Bu barədə razılıq yanvarın 8-də Madriddə səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun İspaniya rəsmiləri ilə apardığı danışıqlar zamanı əldə olunub. P.Sançes sözügedən tədbirin Ankara ilə Madrid arasında hərtərəfli əlaqələrin inkişafına impuls verəcəyini bildirib.
Qeyd etmək lazımdır ki, Türkiyə ilə İspaniya arasında təkcə iqtisadi sahədə deyil, digər istiqamətlərdə, xüsusilə yeni koronavirus pandemiyası ilə mübarizə sahəsində də əlaqələr genişlənir. İspaniya hazırda Avropada pandemiyadan ən çox əziyyət çəkən dövlətlərdən biridir. Ölkədə son bir gün ərzində 40 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb.
İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusa yoluxanların sayı 2 milyon 252 min 164 nəfərə, bu xəstəlikdən ölənlərin sayı isə 53 min 314 nəfərə bərabərdir.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə