Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiyaya yalnız birlikdə qalib gələ bilərik

Azərbaycan koronavirusla ən effektiv mübarizə aparan 10 ölkə arasında 3-cü yeri tutub. Reytinqi müəyyənləşdirən Oksford Universitetinin tədqiqatçıları dünyanın 183 ölkəsində 19 göstərici üzrə qiymətləndirmə apardıqdan sonra bu qərara gəliblər. Virusla mübarizədə hökumətin fəaliyyəti, əhaliyə yardım, səhiyyə sahəsində görülən işlər əsas götürülb.

Xatırladaq ki, bundan əvvəl də Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri ölkəmizdə olarkən, koronavirusa qarşı aparılan mübarizəni yüksək dəyərləndirmişdilər. Təşkilatın mis­siyasının üzvləri dövlət qurumlarının nüməyandələri ilə yanaşı, həm Bakı şəhərinin, həm də bəzi rayonların xəstəxana və poliklinikalarının tibbi heyəti ilə çoxsaylı görüşlər keçir­miş, təqdim olunan tövsiyələrin əksəriyyətinin nəzərə alındığını və həyata keçirildiyini bildirmişlər. Qeyd etmişlər ki, ümumiyyətlə, bu istiqamətdə atılan addımlar sayəsində Azərbaycan səhiyyəsində çox ciddi irəliləyişlər müşahidə olunub.

Faktlar da təsdiqləyir ki, dünya­nın başı üzərini almış koronavirus pandemiyasına qarşı ölkəmizin atdığı düşünülmüş addımlar öz səmərəsini göstərmiş və Azərbaycan dünyada ən az zərər çəkən ölkələr sırasında olmuşdur. Oksford Universitetinin tədqiqatçılarının qərarı da təsdiqlədi ki, ölkəmizin pandemiyaya qar­şı mübarizədə operativ tədbirləri beynəlxalq aləmin diqqətindən yayın­mayıb.

Ötən il dekabrın sonları və bu ilin əvvəlində ölkəmizdə pandemiyaya yoluxanların sayının artması, hətta 4 min nəfəri ötməsi, o cümlədən dün­yasını dəyişənlərin sayının çoxalması ciddi narahatlıq yaratmışdı. Yoluxma­nın sürətlə yayılmasının qarşısının alınması məqsədilə karantin rejimi bir qədər də sərtləşdirildi, həmçinin qaydalara əməl etməyənlərə qarşı ciddi tədbirlər görüldü. Tibbi maska taxmayanların cərimə məbləği artırıl­dı. Tətbiq edilmiş məhdudiyyətlərdən, təxminən 2 həftə sonra artıq müsbət tendensiyanın şahidi olduq. Virusa yoluxanların sayının tədricən azalma­sı da bunun nəticəsi idi.

Görülən tədbirlər sırasında paytaxtda COVID - la bağlı möv­cud vəziyyət nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən gücləndirilmiş dezinfeksiya işlərinin həyata keçirilməsi də mühüm əhəmiyyət kəsb etdi. Bu il artıq ikinci dəfə küçə və parklarda dezin­feksiya işləri aparılıb. Ümumilikdə, ölkədə pandemiyaya qarşı tədbirlər başlanandan sonra Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən iyirminci dəfə əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texni­kası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Paytaxtın həm mərkəzində, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrində dezinfeksiya işlərinin aparılması pandemiyanın yayılması­nın qarşısının alınmasında xüsusi rol oynayıb.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departa­mentinin əməkdaşları tərəfindən xüsusi qrafikə uyğun olaraq, quru­mun balansındakı yaşayış binala­rında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, ərazidəki idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Bütün bu işlərdə əsas məqsəd vətəndaşlarımızı pandemiyadan qoru­maqdır. Xatırladım ki, sonuncu geniş dezinfeksiya tədbirləri zamanı pay­taxtın 554 küçəsi kimyəvi maddələrlə yuyulub. Bütün bunların nəticəsidir ki, sərtləşdirilmiş karantin rejimi bir neçə gündür ki, yumşaldılıb. Bu, bizi arxayınlaşdırmamalıdır.

Dövlət başçımızın həyata keçirdiyi siyasi kursun prioritetlərindən biri də insan amilidir. Əhalinin sağlamlığı­nın qorunması istiqamətində həyata keçirilən tədbirlər rəğbətlə qarşılanır. Bütün bunları nəzərə alaraq, koro­navirusun daha geniş yayılmasının qarşısını almaq məqsədilə hər bir kəs karantin qaydalarına ciddi riayət etməlidir. Keçən dəfə də belə oldu. Məhdudiyyətlərin yumşaldılması zamanı yoluxma halları azaldı, bu da insanlarda müəyyən arxayınlıq yaratdı və pandemiyaya yoluxanların sayı yenidən sürətlə artmağa başladı.

Dövlətimiz pandemiyanın qarşısı­nın alınması məqsədilə bütün imkan­lardan istifadə edir. Artıq ölkəmizdə koronavirusa qarşı vaksinasiyanın bi­rinci mərhələsi başlayıb. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, müəyyən edilmiş müddətlərdə zəruri tədbirlərin yerinə yetirilməsinin təmin edilməsi nəticəsində pandemiyanın sürətlə yayılmasının qarşısı alınacaq.

Pandemiyaya qalib gəlmək üçün bütün mümkün addımlar atılır. Əlbəttə, bunun fonunda hər bir kəs məhdudiyyətlərdən irəli gələn tələblərə riayət etməli, sosial məsafəni qorumalı, tibbi maskadan istifadə etməlidir. Biz pandemiyanı yalnız birlikdə məğlub edə bilərik.

Səhər İSMAYILOVA,
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri, politoloq

20 Yanvar 2021 00:07 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə