Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlanacaq

Yanvarın 21-də Milli Məclisin Səhiyyə komitəsinin cari ilin yaz sessiyasında videokonfrans formatında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, komitə sədri Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2020-ci ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edilib.

2020-ci ilin payız sessiyası barədə hesabatı təqdim edən komitə sədri bildirib ki, bu müddətdə komitənin 10 iclası keçirilib, 14 məsələyə baxılıb.

Məlumat verilib ki, hesabat dövründə komitəyə 238 ərizə və şikayət daxil olub.  Daxil olan müraciətlərlə bağlı 211 məktub baxılması və lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Vətəndaşlardan gələn müraciətlərdə müalicə və əməliyyatlarla bağlı yaranan maddi çətinliklər, ev və işlə təminat, əfv məsələləri qeyd olunub.

Onlayn iclasda çıxış edən deputatlar Soltan Məmmədov, Kamaləddin Qafarov, Müşfiq Məmmədli, İlham Məmmədov təqdim olunan hesabata öz münasibətlərini bildiriblər, səhiyyə sistemindəki hazırki durum barədə fikirlərini açıqlayıblar. Çıxışlarda icbari tibbi sığortanın həyata keçirilməsi, koronovirusla mübarizə, səhiyyə sahəsində professional birliklərin yaradılması, uşaqların sağlamlığının qorunması və digər önəmli məsələlər qeyd olunub.

İclasda komitənin 2020-ci ilin payız sessiyasında fəaliyyəti məqbul hesab edilib.

Sonra Əhliman Əmiraslanov komitənin 2021-ci il yaz sessiyası üçün iş planını diqqətə çatdırıb.

Bildirilib ki, sessiya ərzində Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrin müzakirəsi, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin hazırlanması nəzərdə tutulub.

Yaz sessiyasında koronavirus (COVİD-19) infeksiyası ilə bağlı  ölkədəki vəziyyət və görülən tədbirlər barədə, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair, optika və optikaçılıq, ürək-damar sistemi xəstəlikləri ilə bağlı  dinləmələrin keçirilməsi planlaşdırılıb.

Onlayn tədbirdə komitənin sədr müavini Rəşad Mahmudov, üzvləri Kamaləddin Qafarov, Məlahət İbrahimqızı, Soltan Məmmədov, Sədaqət Vəliyeva yaz sessiyasının iş planı barədə öz fikirlərini açıqlayıblar, bəzi təkliflər səsləndiriblər.

Deputatlar komitənin 2021-ci il yaz sessiyasının iş planını təsdiqləyiblər.

21 Yanvar 2021 17:01 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə