Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azadlıq mübarizəmizin qanlı və şanlı səhifəsi

20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir.

Heydər ƏLİYEV
Ümummilli lider


Hər bir xalqın tarixindəki həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri heç vaxt unudulmur, daim hamılıqla xatırlanır. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını, ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşamış və qan yaddaşına həkk etmişdir. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkilmişdi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxmışdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli olmuşdu. 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçməsinə baxmayaraq, xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır, azadlığa gedən yolun başlanğıcına çevrilmiş bu yolda göstərilən ümummilli qeyrət, iradə və hünərlə öyünür.

20 Yanvara gedən faciəli yol bu yaxınlarda xalqımızın qələbəsi ilə başa çatmış Qarabağ münaqişəsindən başlanmışdı. Getdikcə şiddətlənib qanlı faciələrə və müharibəyə, nəticədə isə Ermənistanın Azərbaycana hərbi təzavüz edərək, ərazilərimizin 20 faizini işğal etməsinə gətirib çıxaran bu münaqişə isə erməni millətçi-separatizminin zaman-zaman xalqımıza qarşı körüklənmiş açıq-gizli fitnələrinin sovet imperiyasının çöküşü ərəfəsində yenidən baş qaldırması demək idi.

O zaman – 1987-ci ilin oktyabr ayın­da Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin vəzifədən uzaq­laşdırılmasından sonra qondarma Dağlıq Qarabağ problemi Moskvanın razılığı ilə yenidən ortaya atılmışdı. 1988-ci ilin fevralında isə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında Vilayət Xalq Deputatları So­vetinin qərar qəbul etməsi nəticə etibarı ilə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına və torpaqlarının bir qismi­nin işğalına yönəlmişdi.

Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə o vaxtkı Kreml rəhbərliyi tərəfindən “yaşıl işıq” yandı­rılması, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə ermənipərəst Arkadi Volskinin rəhbərliyi altında DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılma­sı, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından tamamilə deportasiya edilməsi, Moskvanın erməni separatçılarını cəzalandırmaq əvəzinə, Azərbaycan xalqının əl-qolunu bağla­ması millətin səbir kasasını daşırmışdı. Həmin il dekabrın 1-də Ermənistan SSR Ali Sovetinin “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqın­da” qərar qəbul etməsi, Xankəndində Ermənistan bayrağının dalğalandırması, muxtar vilayətin idarə və müəssisələrinin bütünlüklə Azərbaycanın tabeçiliyindən çıxarılması xalqımızın etiraz dalğasını daha da alovlandırmışdı.

Xalq Cəbhəsi 1989-cu ilin son­larında, 1990-cı ilin ilk günlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda etiraz aksiyaları kimi başlayıb, getdikcə azadlıq mübarizəsinə çevrilən ümum­xalq hərəkatının önünə keçmişdi. Bu qeyri-formal qurumun çağırışları və təşkilatçılığı ilə bəzi rayonlarda hakimiyyətin ələ keçirilməsi, İranla qonşu rayonlarda sərhəd dirəklərinin və məftillərinin sökülüb atılması, hərəkatın radikal qanadının “Milli Müdafiə Şurası” adlı qurum təşkil edərək nəzarəti öz əlinə alması isə 1990-cı il уаnvarın 13–15-də Dövlət Təhlükəsizliyi Komitəsinin “Sumqayıt ssenarisi” əsasında “ermənilərə hücum”u gerçəkləşdirməsinə gətirib çıxarmış, bunun ardınca Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq bəhanəsi vermişdi.

Nəhayət, respublikanın milli ma­raqlara zidd addımlar atan o zamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına cavab olaraq, Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətmişdi.

1989-cu ilin yayından etibarən Moskvanın Bakıya əlavə qoşun hissələri göndərməsi üçün Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun, Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniç­konun, Azərbaycan SSR daxili işlər nazi­rinin birinci müavini Viktor Ваrannikovun imzası ilə SSRİ hökumətinin rəhbərlərinə şifrəli telefonoqramlar göndərilmişdi. İstintaqla müəyyən edilmişdir ki, 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, respublika stadionun­da, Salyan qışlasında yerləşdirilmişdi.

Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursant­ları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara rəhbərlik etmək üçün Bakıya gələn 300-dən artıq yüksək rütbəli zabit və generalın ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən ödənilmişdi.

15 yanvar 1990-cı ildə Mərkəzi Komitənin birinci katibi Ə.Vəzirov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvlərinin xəbəri olmadan Azərbaycana əlavə qoşun hissələri göndərilməsi haqqında saxta qərarı Moskvaya göndərmiş, elə həmin gün SSRİ Ali Sovetinin sədri Mixail Qorba­çov DQMV-də və bəzi başqa rayon­larda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamış, həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görmək təklif edilmişdi.

Yanvarın 16-da Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Ali So­veti İttifaq Sovetinin sədri Y.M.Primakov, Sov.İKP MK katibi A.N.Girenko, SSRİ Nazirlər Soveti sədrinin müavini V.X.Doqujiyev Bakıya gəlmişlər. Həmin gündən etibarən faktiki olaraq Ə.Vəzirov vəzifəsindən kənarlaşdırılmışdı. Respub­likanı Moskvadan gələn emissarlar idarə etmişdilər. Yanvarın 18-də Ə.Vəzirov gizlicə Moskvaya qaçmışdı.

Yanvarın 17-də Azərbaycan KP MK-nın binası qarşısında izdi­hamlı mitinq başlanmış və ümumi tətil elan olunmuşdu. Tələb edilmişdi ki, Ermənistanın Azərbaycana ərazi iddialarına son qoyulsun, imperiyanın Bakı ətrafına yığdığı qoşunlar Dağ­lıq Qarabağa və Ermənistan tərəfdən hücuma məruz qalan sərhəd bölgələrinə göndərilsin.

SSRİ Ali Sovetinin Rəyasət Heyəti yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasə, yanvarın 20-də saat 00-dan etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haq­qında” fərman qəbul etmişdi. Müəyyən edilmişdir ki, bu fərmanı imzalamaq­la, SSRİ-nin rəhbəri M.Qorbaçov beynəlxalq hüquq normalarını, İttifaq Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdu.

Yanvarın 19-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsi “Alfa” qrupunun və respublika DTK-sı rəhbərliyinin təşkil ediyi əməliyyat nəticəsində Azərbaycan televiziyasının enerji bloku partladıl­mışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan qışlasının giriş-çıxış yolları kəsilmişdi. Xalq Cəbhəsinin liberal qanadının təmsilçiləri əhaliyə dağılmağı, radikal qanadının fəalları isə müqavimət göstərməyi məsləhət görmüşdü.

Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmaya­raq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən, birinci olaraq, Türkan--Qala tərəfdən şəhərə yeridilmişdi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dimitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirmişdilər.

Bakı qarnizonunun qoşunları, gətirilən bölmələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçmişdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtmışdı. Şəhərin küçələri güllələnmiş və yara­lanmış günahsız adamların– qocala­rın, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutmuş, yaralıları öldürmüş, meyitləri yandırmış, təhqir etmiş, eybəcər hala salmışdılar. Adam­ları ağır hərbi texnikanın tırtılları altına salmış, əzabla öldürmüşdülər.

Bakıya yeridilən qoşun kontingen­ti qapalı düşərgələrdə saxlanılmışdı. Onlarla əhali ilə ünsiyyətdə olmağa imkan verilməmişdi ki, xalqın əliyalın olmasından xəbərdar olsunlar. Bakıya yeridilən əsgər və zabitlərə demişdilər ki, “islam fundamentalistləri”, “pantürkistlər” Azərbaycanda sovet hakimiyyətini ələ keçiriblər, ona görə də onları məhv etmək və Sovet hakimiyyətini yenidən bərqərar etmək lazımdır. Məhz azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən, spirtli içkilər vasitəsilə qızış­dırılaraq şəhərə hücum edən əsgər və zabitlər qadınlara, qocalara, uşaq­lara, hətta təcili yardım maşınlarının sürücülərinə və həkimlərə fərq qoyma­dan atəş açmış, onları vəhşicəsinə qətlə yetirmişdilər. Tanklar və zirehli maşınlar içərisində insanlarlar olan minik maşın­larını əzib keçmişdilər. Xəstəxanaların işıqlarını kəsmişdilər ki, yaralılara tibbi yardım göstərmək mümkün olmasın.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə Bakı şəhərinin əhalisinə rəsmi xəbərdarlıq edilməli idi. Lakin buna qəsdən əməl olunmamışdı. Kütləvi insan qırğını törədildikdən sonra– yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdi. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Azərbaycan xalqına qarşı törədilmiş bu təcavüz aktı mərhələ-mərhələ həyata keçirilmiş, şəhərdə qarətlərlə nəticələnən təxribatlar törədilmişdi.

Fövqəladə vəziyyət elan edildikdən sonra da – yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 57 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda– yanvarın 25-də Neftçalada 2 nəfər və yanvarın 26-da Lənkəranda 6 nəfər qətlə yetirilmişdi.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 150 nəfər öldürülmüş, 744 nəfər yaralanmışdı. 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular 200 evi və mənzili da­ğıtmış, 80 avtomaşını, o cümlədən, təcili yardım maşınlarını əzmişdi. Yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5 milyon 637 min 286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Faciənin miqyası o dövrdə Rusi­yada fəaliyyət göstərən “Şit” ictimai təşkilatının ekspertlərinin hesabatında daha dəqiqliklə ifadə edilmişdi:

– adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, R.Rüstəmova 23, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox güllə vurulmuşdur;

– xəstəxanalar, “təcili yardım” ma­şınları atəşə tutulmuş, həkimlər öldürül­müşdür;

– içərisində sərnişinlər, o cümlədən, uşaqlar olan 39 nömrəli "İkarus" markalı marşrut avtobusu gülləyə tutulmuşdur;

– adamlar süngü-bıçaqla qətlə yetirilmişlər. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;

– “Kalaşnikov” avtomatı ilə ağır­lıq mərkəzi dəyişən 5,45 mm çaplı güllələrindən istifadə edilmişdir.

Xalqa qarşı sovet ordusunun qanlı cinayətləri isə hələ bitmək bilməmişdi. Qanlı qırğına etirazını bildirmək üçün Bakı buxtasına gəlmiş “Xəzərneftdonanması”nın gəmiləri hərbi gəmilər tərəfindən mühasirəyə alına­raq gülləbaran edilmiş, onlarla dənizçi həbs olunmuşdu. “Sabit Orucov” gəmisi “SOS!” siqnalı ilə bütün dünyaya faciə barədə məlumat vermişdi. Şəhərə dənizdən hücumun qarşısını almaq üçün Azərbaycan dənizçiləri həyatlarını riskə qoyaraq bütün gəmiləri Bakı buxtasına yığmışdılar. Yanvarın 21-də saat 20.30 dəqiqədə iki hərbi gəminin və iki katerin müşayiəti ilə naməlum yük aparılması haqqında məlumat alan dənizçilər silahlı quldurlarla əliyalın qeyri-bərabər mübarizəyə girişmişdilər. Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində “Neftqaz-18”, “Neftqaz-64”, “Aktau”, “Şirvan-2”, “Çeleken-1”, “At­let-21” , “Vodoley-4” gəmiləri ciddi surətdə zədələnmişdi. Qanlı Yanvardan sonra başlanmış kütləvi repressiyalara qəhrəman dənizçilər də məruz qalmış­dılar.

Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vur­maq məqsədi daşımışdı. Faktiki olaraq 1920-ci ilin aprelində bolşevik qoşun­larının Bakını işğal etməsindən 70 il sonra sovet qoşunu Bakını yenidən işğal etmişdi. Azərbaycana qoşun yeridilməsi sovet imperiyasının süqutunu sürətləndirmişdi. Ona görə də SSRİ-nin parçalanmasını istəyən xarici dövlətlərin əksəriyyəti M.Qorbaçovun bu addımını dəstəkləmişdilər. Bəzi xarici mətbuat orqanlarında 20 Yanvar qırğınları “Sovet hökumətinin üsyançı bölgədə qayda-qanun yaradılması üçün atdığı zəruri addım” kimi qiymətləndirilmişdi.

Lakin bütün bunlar nəinki Azərbaycan xalqının gözünü qorxutdu, əksinə onun sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı. Xalq avtomat süngülərinin, tank lülələrinin ona tuşlanmasından qorxma­yıb öz şəhidlərini küçə və meydanlardan topladı. Topun-tüfəngin hər küçədə, hər tində qoyulmasına, fövqəladə vəziyyət rejiminə baxmayaraq, yanvarın 22-də xalq öz şəhidlərini “Azadlıq” meydanın­dan son mənzilə – Şəhidlər xiyabanına misilsiz bir izdihamla yola saldı. Dünya­nın heç bir ölkəsində şəhidlərimizin dəfn mərasimindəki kimi ümumxalq hüznünə təsadüf edilməyib. Azərbaycan xalqı 40 gün matəm saxladı. Xalq aclığa döz­dü, lakin etiraz əlaməti olaraq 40 gün işləməyib tətil etdi.

20 Yanvar qırğınlarından sonra xalq vahimə və dirəniş içində idi. O, qanına bələnmiş, alçaldılmış, təhqir olunmuşdu. Yanvarın 21-də xalqımızın böyük oğlu, Moskvada ümumittifaq fərdi təqaüdündə olan Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etdi. Ümummilli lider bu ağır günlərdə xalq­la həmrəy olduğunu bildirdi. Ulu öndər Heydər Əliyev bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiya­ya, humanizmə zidd, Moskvanın və res­publika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Bütün dünya yanvarın 20-də Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Lakin SSRİ rəhbərliyi sovet qoşunları­nın Bakıya hərbi müdaxiləsinə bəraət qazandırmağa çalışır, guya, islam fundamentalistlərinin Azərbaycanda hakimiyyəti ələ keçirməyə çalışdıq­ları haqda xarici kütləvi informasiya vasitələrinə yalan informasiyalar göndərirdi. Bütün bunlara baxmaya­raq, bu qanlı təcavüz dünyanın bir sıra ölkələrində etirazla qarşılandı, qardaş Türkiyənin bir sıra şəhərlərində etiraz aksiyaları və mitinqlər keçirildi.

Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında respublikanın əksər siyasi və dövlət rəhbərləri işti­rak etmədilər. Sessiyaya respublika rəhbərlərinin gəlməmələri onların xalqın taleyinə biganə qaldıqlarını, yaxud törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini və qorxduq­larını göstərirdi. Fövqəladə sessiya Bakı şəhərində törədilmiş faciəli hadisələrin təhqiqi üçün deputat-istintaq komissiyası yaradılması barədə qərar qəbul etdi.

Lakin komissiya hadisəyə hüquqi-siyasi qiymət vermək əvəzinə, ölənlər və yaralananlar, dövlətə və ictimai təşkilatlara, vətəndaşlara vurulan ziyan haqqında informasiya xarakterli məlumatlar toplamaqla işini bitirmiş­di. Bu komissiya öz rəyini faciənin törədilməsində iki il sonra – 1992-ci ildə SSRİ dövləti süqut etdikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına təqdim etmişdi. Milli Şura isə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermək əvəzinə, deputat-istintaq komissiyasının rəyini qənaətbəxş hesab edib, onu təsdiq etməklə kifayətlənmişdi.

1990-cı il yanvarın 24-dən 25-nə keçən gecə Azərbaycan KP MK-nın təşkilati məsələyə həsr olunmuş plenu­mu keçirilmişdi. Plenumda gündəliyə respublikada siyasi vəziyyətlə əlaqədar məsələ salınmış, Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinin səbəblərini təhqiq etmək üçün komis­siya yaradılmışdı. Lakin respublika kommunistlərinin ali orqanı faciəyə siyasi qiymət verməmiş, ümumiyyətlə, heç bir bəyanatla çıxış etməmişdi.

SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin rəhbərliyi ilə təşkil etdiyi istintaq qrupu cinayət hadisələrinin araşdırılmasını çox səthi aparmış, istintaq hərbçilərin hərəkətlərində “cinayət tərkibi olmama­sı” nəticəsinə gəlmişdi. 20 iyul 1990-cı il tarixdə cinayət işinin xitam olunması barədə qərar qəbul olunmuş, materiallar Moskvaya aparılmışdı. Təəssüf ki, həmin vaxt Azərbaycan Respublikası Proku­rorluğu törədilmiş cinayət hadisələri ilə bağlı heç bir cinayət işi başlamamışdı.

Zaman keçdikcə bir sıra həqiqətlər meydana çıxır, 20 Yanvar faciəsinin qa­ranlıq məqamları aydın olur. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılmış və indiyədək qaytarılmamışdır. Bir sıra sənədlərin, o cümlədən, keç­miş SSRİ-nin yüksək instansiyalarında, xüsusən də hazırda Rusiya Federa­siyası Prokurorluğunda saxlanılan 68 cildlik cinayət işinin materiallarının əldə edilməsi 20 Yanvar faciəsinin miqyasını və baiskarlarının məsuliyyət dərəcəsini tam dəqiqliklə üzə çıxara bilər.

Qanlı Yanvar qırğını həm də rus şovinistlərinin ermənilərlə ilə birgə apar­dıqları antiazərbaycan siyasətinin, tərkib hissəsi idi. Lakin imperiya cəlladları qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.

20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirildi. Sessiya 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Bakı şəhərinə və respubli­kanın bir neçə rayonuna yeridilməsini, nəticədə, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adam­ların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kom­munist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirdi.

Qəbul edilmiş qərarda Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faciəsini təşkil etmiş sovet İttifaqı Kommunist Partiyası, sovet dövləti və hökuməti rəhbərliyinin, o cümlədən, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi bildi­rildi. Eyni zamanda, xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin (Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Viktor Polyaniçko, Vaqif Hüseynov) üzərinə düşdüyü və onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olundu.

Azərbaycan Respublikasının Prezi­denti “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adi haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respubli­kanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 150 nəfərə “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.

Azərbaycan Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamı ilə 20 Yanvar əlilləri və şəhidlərinin respublikanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladları təhsil haqqından azad olunmuşlar. 20 Yan­var hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə Prezident təqaüdü verilir, onların ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilir, əlillər isə avtomobillə təmin edilir. Hər il 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə birdəfəlik dövlət yardı­mı edilir.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapda­laya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. Tariximizin 20 Yanvar səhifəsi qanlı imperiyanın süngüsü ilə açılsa da, şəhidlərimizin qanı ilə yazıl­mışdır – hünərlə və əbədi!

20 Yanvar faciəsi Azərbaycanı müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bir il 9 aydan sonra xalqımız yenidən dövlət müstəqilliyinə qovuşdu. Bu qanlı faciədən ötən müddət ərzində hər il yan­varın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azad­lığımız uğrunda şəhid olmuş soydaşla­rımızın məzarı qarşısında baş əyərək, onların xatirəsini əziz tuturlar.

Hər il yanvarın 20-də Ümumxalq Hüzn Günündə Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siq­nalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Azərbaycan dövlətinin 2020-ci ilin payızında Prezident, Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi altında Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda apardığı Vətən müharibəsi – Azərbaycan Ordusunun Qarabağda 44 günlük zəfər yürüşü xalqımızın parlaq qələbəsi ilə nəticələndi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin qanı ilə qazanılmış bu zəfər ilə 20 Yanvar şəhidlərinin də ruhları şaddır.

Nazim MUSTAFA,
Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru

20 Yanvar 2021 00:54 - 20 YANVAR
20 YANVAR

Köhnə versiyamızdan xəbərləri izlə