Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ qazisinə süni ürək köçürülməsi əməliyyatı icra edilib

Xocalı hadisələrinin canlı şahidi, Birinci Qarabağ Müharibəsi qazisi Xəqani Səlimova Ege Hospitalda süni ürək köçürülüb. Əməliyyatı ürək-damar cərrahı, millət vəkili, T.e.d Rəşad Mahmudov icra edib. Əməliyyatda həmçinin Ege Universiteti Tibb Fakültəsi, Ürək və Damar Cərrahiyəsi Kafedrasının müəllimi, ürək və damar cərrahı Prof.Dr Tahir Yağdı və Ege Hospital komandası iştirak edib.
"Hər nə qədər süni ürək transplantasiyası kimi imkanlar olsa da, bu xəstəmizdə ciddi infeksiyanın və sepsisin olması bütün bu şansları əlimizdən alırdı” deyən Rəşad həkim reanimatoloq Uzman Dr.Murat Asıliskender, infeksionist Uzman Dr.Nuri Beslen, terapevt Uzman Dr.Xəyyam Eyvazovun səyləri nəticəsində infeksiyanın, ürək çatışmazlığının nəzarət altına alındığını və xəstəni əməliyyata hazırladıqlarını qeyd edib.
Uğurlu keçən əməliyyatda planlaşdırılan sol mədəcik köməkçi cihazı problemsiz bir şəkildə implantasiya olunub.  Sonrakı mərhələdə reanimasiya, əməliyyat sonrası periodu olub və bədənin bu cihaza adaptasiyası üçün vaxta ehtiyac olub. 2 həftəlik təqiblər sonrasında xəstə sağ salamat evinə göndərilib.
Dr.Rəşad Mahmudov bildirib ki, bu əməliyyat sadəcə bir insanın həyatının qurtarılması deyil, həm də Xocalıdan uzaq düşmüş Azərbaycan əsgərinin doğma yurduna qayıtma şansının, ümidlərinin doğrultma əməliyyatıdır.
Qazi əməliyyatın keçirildiyi ərəfədə həyatında əlamətdar hadisənin baş verdiyini, ilk nəvəsinin dünyaya gəldiyini və İkinci Qarabağ Müharibəsinin başladığını deyib. O baba olmasının və Qarabağ döyüşlərindən gələn zəfər xəbərlərinin, bir gün yenidən uşaqlığının keçdiyi, böyüdü o torpaqlara qayıtma ümidinin onda yaşamaq üçün böyük stimul olduğunu qeyd edib.
Dr. Rəşad Mahmudov Azərbaycan səhiyyəsinin, səhiyyəçisinin bu gün və gələcəkdə artan bütün imkanları ilə hər bir vətəndaşın, eləcə də əsgərin arxasında olacağını, onların sağlamlığının ən yüksək səviyyədə qorunmasına kömək edəcəyini bildirib.  
Artıq əməliyyatdan 3 ay keçib və qazimiz normal həyatını yaşadığını bildirib.
Qazi Xəqani Səlimov əməliyyatdan öncə Rəşad həkimin ona dəfələrlə təkrarladığı "Sən Qarabağ qazisisən. Sən yaşayıb Xocalıda məni çaya qonaq etməlisən” sözlərini xatırlayıb. O, başda Rəşad həkim olmaqla, yenidən həyata qayıtmasında rol oynayan hər kəsə öz minnətdarlığını bildirib.

"Xalq qəzeti"

 

21 Yanvar 2021 15:56 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə