Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Elmi Kitabxanada “Qarabağ qəhrəmanları” Fondu yaradılacaq

Mərkəzi Elmi Kitabxana Azərbaycan elminə innovativ xidmət istiqamətində görülən işlərlə yanaşı, xalqımızın mədəniyyətini, tarixini, qəhrəmanlıq ənənələrini hər zaman uca tutaraq bu istiqamətdə də mühüm addımlar atıb. Görülən işlərin davamı olaraq, Azərbaycan kitabxana sistemində ilk dəfə Mərkəzi Elmi Kitabxanada “Qarabağ qəhrəmanları” Fondu yaradılacaq.

Kitabxanadan "Xalq qəzeti"nə verilən məlumata görə, fondda bu günə kimi birinci və ikinci Qarabağ müharibəsinə həsr olunmuş kitablar, məqalələr, müsahibələr, fotolar, televiziya verilişləri, sənədli və bədii filmlər toplanılacaq. Həmçinin gələcəkdə də bu mövzuya həsr olunacaq nəşrlər fonda daxil edilərək oxucuların istifadəsinə veriləcək. Eyni zamanda, müharibədə iştirak edən Azərbaycanın şəhid olmuş mərd oğullarının şəxsi kitabxanalarındakı kitablar da fondda sərgilənəcək.

Bununla yanaşı, fond Mərkəzi Elmi Kitabxananın həm yerli, həm də əcnəbi istifadəçilərinə Azərbaycan tarixində əvəzolunmaz izlər qoyan qəhrəmanlarımızın yaxından tanıdılmasına şərait yaradacaq.

Fondun yaradılmasında əsas məqsəd Qarabağ müharibəsinə həsr olunan sənədləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir.

Qeyd edək ki, yeni yaradılacaq fonda ikinci Qarabağ döyüşlərində mərdliklə iştirak etmiş, 2020-ci il noyabrın 23-ü Suqovuşan istiqamətində minaya düşərək şəhid olmuş Azərbaycan Ordusunun polkovniki Babək Səmidlinin bacısı, kitabxananın əməkdaşı Röksanə Səfərzadə rəhbərlik edəcək.

21 Yanvar 2021 15:08 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə