Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğaldan azad edilmiş ərazilərdə dronlarla monitorinq aparılacaq

Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutması üçün AMEA Yüksək Texnologiyalar Parkı tərəfindən iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, biliklərin kommersiyalaşdırılması, istedadlı gənclərin biznes ideyalarının dəstəklənməsini istiqamətində mühüm işlər görülür.

AMEA prezidenti, akademik Ramiz Mehdiyev innovasiyayönümlü elmi tədqiqat işlərinin istehsalatda yüksək texnologiyalarla tətbiqinə xüsusi əhəmiyyət verir, bu istiqamətdə Yüksək Texnologiyalar Parkına dəstək göstərir.

Yüksək Texnologiyalar Parkının Mətbuat katibi Nərgiz Qəhrəmanovanın "Xalq qəzəti"nə verilən məlumata görə, AMEA rəhbərliyinin göstərişi ilə Texnoparkda innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması məqsədilə rezidentlərinə böyük güzəştlər və üstünlüklər təklif edilir. 

Bu güzəştlərdən yararlanan Yüksək Texnologiyalar Parkının rezidentlərindən olan “AZELTECH” şirkəti tərəfindən daha bir innovativ layihə – dronların istehsalı üçün hazırlıq işləri görülür. Bu dronlardan işğaldan azad olunmuş ərazilərimizdə meşə və su təsərrüfatının, flora və fauna tərkibinin tədqiqi, eləcə də Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının nüvə tullantılarının ərazilərimizdə basdırılma ehtimalı yüksək olduğundan bu bölgənin radioekoloji monitorinqinin aparılması məqsədilə istifadə olunacaq.

Hazırda dronlar üzərində sınaq işləri həyata keçirilir. Bu məqsədlə baza dronunun üzərinə ərazilərin radioekoloji monitorinqini həyata keçirmək üçün qamma və neytron detektorları inteqrasiya olunur. Real vaxt rejimində mövcud koordinatda işğaldan azad olunmuş ərazilərin radiasiya fonunun ölçülməsi nəzərdə tutulur.

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”

 

21 Yanvar 2021 16:53 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə