Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar faciəsinin tarixi dərsləri

XX yüzillik Azərbaycan xalqının taleyinə, tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil olub. 1918-ci ildə Azərbaycanın, ümumən, müsəlman Şərqinin tarixində ilk demokratik, parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmış və iyirmi üç ay fəaliyyət göstərmişdir.

Yetmiş dörd ildən sonra sükut buzu əridi. Azərbaycan Xalq Cümhuriyyətinin uzun illər xalqdan gizli saxlanılmış tarixi, fəaliyyəti, rolu haqqında söz açıldı. Azərbaycan milli azadlıq hərəkatı xalqımızın milli şüurunun inkişafında böyük rol oynadı. Lakin tarixi ədalətsizliyi aradan qaldırıb istiqlalına qovuşmaq istəyən xalqı sovet imperiyası müstəqil görmək istəmirdi. XX yüzilliyin sonlarında müstəqilliyimizin bərpasına aparan yol 1990-cı ilin 20 Yanvarından keçdi. Həmin gün öz konstitusion hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi. 

Sovet ordusunun Azərbaycana təcavüzü, mülki əhalinin kütləvi surətdə vəhşicəsinə gülləbaran edilməsi SSRİ rəhbərliyinin beynəlmiləlçilik adı ilə pərdələdiy siyasətin əsl mahiyyəti idi. Xalqımız Ermənistanda yaşayan soydaşlarımızın öz ata-baba yurdlarından zorakılıqla qovulmasının və Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmasının qarşısının alınmasını tələb edirdi. Moskva bu haqlı tələbə misli görünməmiş qəddarlıqla cavab verdi. “Şit” təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabat, ölənlər, yaralananlar və qanunsuz həbs olunanlarla bağlı statistika 20 Yanvar faciəsinin miqyasını, sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Azərbaycan paytaxtını xüsusi qəddarlıqla zəbt etməsini göstərir.

Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün kimi tarixin şanlı səhifəsinə çevrildi. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı oldu. 20 Yanvar qırğını həm də sovet rejiminin ermənilərlə birgə apardığı anti-Azərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Şəhidlərin son mənzilə yola salınması Azərbaycanda ümummilli həmrəyliyin ifadəsi oldu. Bu izdiham, hüzn birliyi sonrakı illərin anım günlərində də davam edərək, xalqımızın milli həmrəyliyinin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynadı.

Zaman keçdikcə Qanlı Yanvar hadisələrinə müxtəlif aspektlərdən yanaşılır: xalqımız 20 Yanvarı təkcə hüzn günü kimi deyil, eyni zamanda, milli qürur və qəhrəmanlıq günü kimi anır. Faciənin təhlili, hadisənin səbəblərinin araşdırılması onun tarixi, siyasi, hüquqi amillərini aşkara çıxarır. Hadisənin əsas səbəbləri tarixi amillərlə bağlıdır və daha dərin kökləri var. 20 Yanvar faciəsi XX əsr Azərbaycan tarixində baş vermiş qanlı hadisələrin, soyqırımı aktlarının məntiqi davamı, çar Rusiyasının “parçala-hökm sür” siyasətinin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımlar, torpaqlarımızın 114 min kvadratkilometrdən 86,4 min kvadratkilometrədək azalması, SSRİ dövründə soydaşlarımızın indi Ermənistan adlandırılan ərazidəki əzəli, ata-baba yurdlarından son nəfərinədək qovulması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, torpaqlarımızın iyirmi faizinin işğalı bu məkrli siyasətin mərhələləridir.

1980-ci illərin sonlarında cərəyan edən hadisələrin xarakteri, obyektiv və subyektiv səbəblərinin təhlili göstərir ki, xalqımızın o vaxt SSRİ-də gedən proseslərə real təsir etmək imkanı olan lideri Heydər Əliyevin siyasi səhnədən uzaqlaşdırılmasından sonra M. Qorbaçovun müşaviri A. Aqanbekyanın Parisdə “Humanite” qəzetinə müsahibəsində “Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi zəruriliyindən və bu məsələyə M.Qorbaçovun razılıq verməsindən” danışması etnik münaqişənin yaxınlaşdığına bir siqnal olmuşdu. 20 Yanvara gedən yol ermənilərin Dağlıq Qarabağa əsassız ərazi iddiaları ilə başlanmışdır. 1987- ci ildə Qarabağda yaradılmış “Krunk” radikal – separatçı erməni təşkilatının Xankəndidə keçirdiyi ilk anti-Azərbaycan mitinqləri də baş verəcək faciələrin ilk qığılcımları idi.

1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyinin rəvac verməsi, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMVdə yaradılmış Xüsusi İdarəçilik Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə və müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılması, vilayət ərazisində soydaşlarımıza divan tutulması, çeşidli təxribatların törədilməsi kimi hadisələrin xronologiyasından aydın olur ki, 20 Yanvar faciəsi Bakıda dinc əhalinin ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə qətliamı ssenarisinin qanlı sonluğudur.

Mixail Qorbaçov özünün ən yaxın ətrafı ilə birlikdə, bir tərəfdən, ermənilərin ərazi iddialarının təmin olunması üçün, digər tərəfdən, bu qanlı faciə ilə digər müttəfiq respublikalara da dərs vermək niyyətində idi. Təəssüf ki, 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında antikonstitusion akt qəbul etdikdə Moskva buna qarşı heç bir tədbir görmədi.

Mərkəzi Komitənin sovet imperiyasını, kommunist sistemini nəyin bahasına olursaolsun qoruyub saxlamaq, milli respublikalarda hakimiyyəti və oyuncaq rejimləri möhkəmlətmək Azərbaycan xalqı barəsində qərəzli siyasət, yenidənqurma adı altında sərhədləri dəyişdirmək və xüsusən Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdləri keçmiş mərkəzin mənəvi, siyasi, maliyyə və hərbi-iqtisadi yardımına əsaslanan erməni separatizminin fəaliyyəti üçün əlverişli şərait yaradırdı.

Faciənin hüquqi təhlili onun cinayət xarakterini aşkar edir. 1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət idi. Bu cinayətin tədqiqi və nəticələri göstərir ki, SSRİ rəhbərlərinin və sovet hərbi kontingentinin hərəkətlərində Nürnberq prosesində pislənmiş bütün əlamətlər vardır.

Nürnberq prosesi tarixdə təcavüzü ən ağır cinayət elan etmiş ilk beynəlxalq məhkəmədir. 1945-1946-cı illərdə tarixə Nürnberq prosesi kimi daxil olmuş beynəlxalq tribunalın qərarı ilə Almaniyanın ali dövlət və hərbi xadimləri mülki əhalinin qırılması, onunla qəddar davranış, ictimai və şəxsi əmlakın talanması kimi məsələləri hazırlamaqda və həyata keçirməkdə ittiham olunublar. Təəssüflər olsun ki, bugünədək 20 Yanvar qırğınının cinayətkarları cəzalandırılmayıblar. 1986-cı il Alma-Ata, 1989-cu ildə Tbilisi, 1991-ci ildə Vilnüs hadisələrinə nəzər yetirdikdə görürük ki, həmin qətliamlar Azərbaycandakı qədər qanlı və geniş miqyaslı olmayıb. Keçmiş SSRİ prezidenti Mixail Qorbaçov Tbilisi və Vilnüs hadisələri ilə əlaqədar peşman olduğunu bildirib, gürcü və litva xalqlarından üzr istədiyi halda, Azərbaycanda baş vermiş hadisələrlə əlaqədar eyni addımı atmadı. Məhz buna görə də 20 Yanvar faciəsinin cinayət işi tarixin arxivinə çevrilməməli, hadisənin təşkilatçıları, icraçıları, bütün müqəssirləri öz cinayətlərinə görə ədalət məhkəməsi qarşısında cavab verməlidirlər! Bakıda törədilmiş kütləvi qırğının əsas baiskarı Mixail Qorbaçovu Nobel Sülh mükafatına layiq görmüş dünyanın, Qarabağ həqiqətlərinə ikili standartla yanaşan beynəlxalq aləmin cinayətkarların hələ də cəzasız qalmasını unutmasına imkan verməməliyik.

20 Yanvar hadisələrini təhlil edərkən, həmin dövrdə Qərb dövlətlərinin Azərbaycandakı ictimai-siyasi hadisələrlə bağlı tutduqları mövqeyi də xüsusi araşdırma tələb edir. Sovet mətbuatı erməni kilsəsinin və “Daşnaksutyun” Partiyasının ideoloqlarının təhriki ilə ictimai şüura açıq-aşkar ideoloji təsir göstərir, ermənilərin separatçılığını sovet hakimiyyəti illərində guya Azərbaycan hökuməti tərəfindən törədilən sıxışdırmalara etiraz kimi qələmə verir, Qərbdə fəal anti-Azərbaycan təbliğatı aparırdılar.

Rəsmi məlumat kimi, SİTAnın yaydığı xəbərə görə, qoşunlar Bakıya, guya iki məqsədlə yeridilmişdir. Birincisi, erməniləri, rusdilli əhalini və hərbi qulluqçuların ailələrini “talanlardan qorumaq məqsədilə”. İkincisi, “millətçi ekstremistlər tərəfindən hakimiyyətin zorakılıqla qəsb edilməsinin qarşısını almaq məqsədilə”. Həmin məqsədlərin həqiqiliyi faktlarla və yanvarın ortalarına yaxın Bakıda yaranmış siyasi vəziyyətin təhlili ilə təkzib edilir, reallıqla heç bir əlaqəsi yoxdur. 1990-cı ilin yanvarında Azərbaycan paytaxtında ictimai- siyasi vəziyyətin kəskinləşməsinin başlıca səbəbi SSRİ ali hakimiyyət orqanlarının Dağlıq Qarabağda separatçılara müqavimət göstərməməsi idi. Mərkəzi Komitə Azərbaycan xalqının suveren hüquqlarının təmin olunması sahəsində öz konstitusiya öhdəliklərini yerinə yetirməkdə qətiyyət nümayiş etdirmirdi. 1990-cı ildə Azərbaycanın haqlı səsini, 20 Yanvar faciəsi haqqında həqiqətləri fakt və sübutlarla “İzvestiya” qəzetində dərc edən Kaspian İzvestiya İnformasiya Agentliyinin prezidenti, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, transmilli mətbuatın azərbaycanlı nümayəndəsi Vasif Səmədovun jurnalist fəaliyyətini xüsusi vurğulamaq istərdim. Onun vətəndaş qeyrəti, jurnalist peşəkarlığı ilə qələmə aldığı, maksimum fakt və sübutlara, sənədlərə, həmin gecənin şahidlərinin ifadələrinə əsaslanan “Müdaxilə” adlı silsilə məqalələri qlobal informasiya resurslarının, internet şəbəkəsinin olmadığı bir dövrdə ictimai rəyin düzgün formalaşmasında mühüm vasitə, 20 Yanvar faciəsinin təbliğində güclü silah olub.

Qərb M. Qorbaçovun bütün dağıdıcı əməllərini hər vəchlə dəstəkləyirdi. Qərbdə yaxşı bilirdilər ki, bu cür millətlərarası münaqişələr SSRİ-ni daxildən zəiflədir, dağıdır. Digər tərəfdən, bu gün Avropanın əsas strateji tərəfdaşı, Qafqazın lider dövləti olan, Azərbaycan müstəqilliyinin bərpasından öncəki illərdə Qərb dövlətlərinin coğrafi-siyasi maraqları dairəsinə daxil deyildi.

Azərbaycan üçün həmin o faciəli günlərdə ABŞ-ın coğrafi-siyasi doktrinası başqa cür idi. Dövlət Departamentinin nümayəndəsi Marqaret Tatuayler ABŞ hökuməti adından bəyanat vermişdi ki, ABŞ Azərbaycanı dəstəkləmir və Bakıdakı Yanvar hadisələrini şərh etməyi lazım bilmir. Dövlət Departamenti M. Qorbaçovu açıqca dəstəkləyərək hesab edirdi ki, onun səyləri azərbaycanlılarla ermənilər arasında silahlı toqquşmanın dayandırılmasına yönəldilmişdir. Böyük Britaniya və İtaliya xarici işlər nazirlikləri bəyanat verərək Azərbaycanda yaranmış vəziyyəti “SSRİ-nin daxili işi” kimi qiymətləndirmişdilər.

Məhz buna görə də, 20 Yanvar mövzusu barədə həqiqətlərin təbliği Azərbaycanın xarici siyasətində mühüm prioritetlərdən olmalıdır. Bu dövrün tarixi həqiqətləri – 20 Yanvarın nə vaxt və haradan başlanıldığını göstərən hadisələrin xronoloji ardıcıllığı, tarixi faktlara əsaslanan şərhlər, dərin təhlillər və Azərbaycan xalqının müsibətini, qırğının miqyasını əks etdirən, güllə ilə vurulmuş, tankın tırtılları altında tapdanaraq əzilmiş insan cəsədləri, şikəst edilmiş, ağır yaralanmış insanlar, qanlı cəza əməliyyatının ağır nəticələrini, müəyyən epizodlarını əks etdirən materiallar, fotosənədlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə edilən kütləvi terror, totalitar sovet rejiminin cinayətkar mahiyyəti bütün dünyaya nümayiş etdirilməlidir. 20 Yanvar faciəsi Qarabağ həqiqətləri kimi fakt və sübutlarla aidiyyəti qurumlara təqdim edilməlidir. Beynəlxalq təşkilatlar səviyyəsində 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində bundan sonra da fədakarlıqla çalışmalıyıq.

Faciə barədə xəbərlərin dünyaya yayılmasının qarşısını almaq, Azərbaycan ətrafında informasiya blokadası yaratmaq planı cəza ssenarisinin tərkib hissəsi olub. Bir maraqlı məqama xüsusi diqqət yetirmək istərdim: M.Qorbaçovun göstərişi, D.Yazovun komandanlığı altında həyata keçirilən Qanlı Yanvar faciəsi baş verdikdən bir gün sonra bu informasiya blokadasını geniş cəbhədə yaran ümummilli lider Heydər Əliyev həmin vaxt Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Bakı qırğınına ilk olaraq etirazını bildirmiş və siyasi-hüquqi qiymət vermişdir. Bu həmin dövrdə hadisəni sükutla qarşılayan SSRİ-də, demokratik dəyəri siyasi maraqlara qurban verən Qərbin kütləvi insan qırğınına etinasız, laqeyd münasibətinin olduğu bir vaxtda 20 Yanvar faciəsinə ilk real hüquqi-siyasi münasibət idi.

Azərbaycan xalqının azadlıq mübarizəsinə, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi də məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə mümkün olub. Ulu öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli fərmanla “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli sərəncama əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması gələcək nəsillərin yaddaşında yer alan mühüm tarixi sənədlərdir. Şəhidlərin əbədiyyətə qovuşduğu məkana ümummilli liderin verdiyi qiymət bu müqəddəs ziyarətgahın tarixi, siyasi, tərbiyəvi, həmçinin milli-mənəvi dəyərini ortaya qoyur: “Xalqımızın tarixində çox əzəmətli, qiymətli abidələr var. Ancaq Şəhidlər xiyabanı, XX əsrin sonunda Azərbaycan xalqının milli azadlığı uğrunda özünü qurban vermiş şəhidlərinin məzarları Azərbaycan Respublikasının torpağının ən müqəddəs yeridir və ən qiymətli abidəsidir”.

Sonrakı illərdə şəhid ailələrinə göstərilən diqqət və qayğı, bu ənənənin ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi, paytaxtın rəsmi qonaqlarının, dövlət və hökumət başçılarının, məşhur insanların əlamətdar günlərdə və ölkəmizə səfər proqramlarında mütləq şəkildə Şəhidlər xiyabanını ziyarət etməsi faktı şəhidlərin xatirəsinə rəsmi ehtiramın dövlət səviyyəsində təcəssümüdür. 20 Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə, Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına yol açdı. Uzun illər ərzində milli azadlığını bərpa etmək arzusu ilə yaşayan xalqımız nəyə qadir olduğunu sübut etdi. Milli azadlıq hərəkatı siyasi reallığa çevrildi. Azərbaycan xalqı yüz illiyin sonunda böyük qurbanlar verdi, tarixin taleyüklü günlərində milli ruhunun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqillik yolundan döndərmək, qorxutmaq, susdurmaq mümkün deyil. Mübarizə tariximizin təbliği yeni nəsildə milli vətənpərvərlik, dövlətçilik hisslərinin tərbiyə olunmasına, milli kimlik məfkurəsinin yüksəlişinə güclü təkan verəcək. Çünki tarix bizdən keçmişin ibrət dərslərini bilməyi, faciəmizin səbəb-nəticə əlaqəsini dərindən dərk etməyi, xalqımızın azadlıq uğrunda mübarizəsinin mərhələlərini yadda saxlamağı, dostumuzu – düşmənimizi tanımağı və unutmamağı tələb edir.

Vətənin suverenliyi uğrunda canlarından keçən şəhidlərin ruhuna ehtiramla,

Leyla RƏŞİD, “Xalq qəzeti”

 

20 Yanvar 2021 14:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə