Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zal nəzarətçisi qismində imtahanlarda iştirak edəcək şəxslər üçün onlayn təlimlər təşkil olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) imtahanlarda zal nəzarətçisi qismində iştirak edəcək şəxslər üçün onlayn formada təlimlər keçirəcək.

DİM-dən "Xalq qəzeti"nə bildirilib ki, yanvarın 21-də başlayacaq təlimlərə təcrübəsi az olan və zal nəzarətçisi qismində imtahanlarda ilk dəfə iştirak edəcək məktəb müəllimləri cəlb olunacaqlar. Respublikanın bütün şəhər və rayonlarını əhatə edən təlimlərdə 6500-ə yaxın nəzarətçi-müəllimin iştirak edəcəyi gözlənilir.

Təlimlərin keçirilməsi zamanı qarşıya aşağıdakı məqsədlər qoyulur:

– nəzarətçilərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq;

– şəxsi anket məlumatlarını dəqiqləşdirmək;

– onlara imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı prosedur qaydalarını mənimsətmək;

– abituriyent auditoriyasının – imtahan zalının idarə olunmasında professionallığın əldə olunması baxımından mühüm olan məqamları izah etmək;

– imtahanın gedişində rast gəlinəcək problemlərin həlli yollarını izah etmək;

– nəzarətçi–abituriyent, nəzarətçi–imtahan rəhbəri münasibətlərinin tənzimlənməsində əsas tutulmalı qaydaları onların diqqətinə çatdırmaq;

– xüsusi hallarda onların operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaq.

Təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15 nəfərlik qruplarla onlayn formatda həyata keçirilir. Qarşıya qoyulan məqsədə nail olunması üçün onlara imtahanın gedişi – abituriyentlərin imtahan zalına buraxılması zamanı sənədlərin yoxlanılması, öz sıra və yerlərində oturmaları, cavab kartlarının (vərəqlərinin), sual kitabçalarının paylanmasında diqqət etməli olduqları məqamlar, nəzarətçi protokolunun düzgün doldurulması, abituriyentlərin davranış qaydalarına uyğun davranması, imtahan rəhbərləri ilə koordinasiyalı fəaliyyətin qurulması və imtahan zalının idarə olunma qaydası izah olunur.

Bunların yaddaşda möhkəmləndirilməsi məqsədilə imtahanın bütün mərhələlərini özündə əks etdirən slaydlar nümayiş etdirilir. Təlimlərdə, həmçinin açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun işlədilmə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır.

Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində ümumilikdə 16 min 238 nəzarətçi müəllim haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl təlimlər keçiriləcək.

Təlimlərin qrafiki ilə DİM-in saytında tanış olmaq mümkündür.

19 Yanvar 2021 17:22 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə