Ən son xəbərlər
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer koronavirus pandemiyası ilə bağlı televiziya ilə xalqa çağırış edib. Bu barədə “Euronews” agentliyi məlumat yayıb. Dövlət başçısı son həftələr ərzində ölkədə koronavirusdan ölənlərin sayında artım müşahidə olunduğunu bildirib. O, vəziyyətin daha təhlükəli həddə çatmaması üçün önləyici tədbirlərə ehtiyac yarandığını vurğulayıb.
“Evdən işləyin. Mən şirkət rəhbərlərinə, müəssisələrin rəhbərliyində çalışan insanlara da işçilərin evdən işləməsinə şərait yaratmaq barədə çağırış edirəm. İnsanların ölməsi çox üzücüdür. Bunu anlamaq lazımdır”, - deyə Almaniya Prezidenti söyləyib.
F.V.Ştaynmayer həmçinin Almaniyanın bir sıra bölgələrində virusun yeni ştammının qeydə alındığını və bundan çox narahat olduğunu bildirib. Almaniyada ötən sutka 17 min 891 nəfər koronavirusa yoluxub və bununla da yoluxanların ümumi sayı 1 milyon 338 min 483 nəfərə çatıb. Həmçinin COVID-19 infeksiyası səbəbindən 22 min 400-dən çox almaniyalı vəfat edib.
Yeri gəlmişkən, təkcə Almaniyada deyil, Avropanın, demək olar ki, əksər ölkələrində koronavirusun yeni ştammı aşkar olunmuş və bu narahatlığı gücləndirmişdir.
Qeyd edək ki, COVID-19 virusunun yayılmasını ötən bir neçə ayda nəzarət altına almağı bacaran Çində son günlər yoluxma halları yenidən çoxalmağa başlayıb. Ötən sutka ölkədə infeksiyaya 144 yoluxma qeydə alınıb.
Çin KİV-i yazır ki, ölkədə yeni yoluxma hallarının əsas hissəsi Hebey və Heyloncian vilayətlərində aşkarlanıb. Buna görə də həmin bölgələrdə epidemiya əleyhinə qaydalar sərtləşdirilib.
Ekspertlər Çinin COVID-19 pandemiyasının ikinci dalğası ilə üz-üzə olduğunu bildirirlər. Ölkədə risk qrupundan olan əhalinin yeni növ koronavirusa qarşı vaksinasiyası davam etdirilir. İndiyədək 9 milyondan çox adam peyvənd olunub.
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə