Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rejissor ömrünün rakursları

Eldar Quliyev – 80

Onun ömür yolu milli kinomuzun inkişafı ilə bağlı olmuşdur. Bakıda doğulmuş, bu şəhərdə də orta təhsil almışdır. Atası, Xalq artisti, görkəmli bəstəkar Tofiq Quliyevin də onun bu sənəti seçməsində rolu olmuşdur. Çünki Tofiq müəllim də bir çox filmlərimizə musiqi bəstələmişdi və görünür, Eldar Quliyevdə də kinoya həvəs elə bununla bağlı olmuşdur. 

Eldar Quliyevi 1976-cı ildən tanıyıram. Onda cavan oğlan idi. Açığını deyim ki, ilk görüşümüzdə onu fransalı aktyor Alen Delona bənzətdim. Doğrudan da, qəribə bənzəyiş var idi. Amma məlum oldu ki, o, “Bir cənub şəhərində” filminin rejissoru Eldar Quliyevdir. Bu filmi görmüşdüm və cox bəyənmişdim. Gözəl film idi. Gənc rejissorun debüt işi uğurlu alınmışdı.
O vaxt Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu yenicə bitirmişdi və ilk sənət sınağından da uğurla çıxmışdı. Filmin ssenarisini Rüstəm İbrahimbəyov yazmışdı. Süjet çox sadədir. Hadisələr Bakının köhnə məhəllələrindən birində cərəyan edir. Bu məhəllənin öz qayda- qanunları var. Burada milli dəyərlər qorunur, buna zidd hərəkətlər qəbul edilmir.
Bu film mentalitetimizdə kök salmış, namus anlayışına tənqidi rakursdan yanaşan rejissor məhəllənin sakinlərinin düşüncəsini, həyat tərzini incələyir. Biz burda iki fərqli toplumu və iki fərqli Bakını (inkişaf etmiş şəhər mənzərələri və yöndəmsiz evlərin yerləşdiyi, müti qadınların yaşadığı məhəllə) görürük. Feodal təfəkkür və qanunları ilə yaşayan məhəllə sakinlərinin jurnalist Cahangirin (Hacımurad Yegizarov) həmkarı olan qızların həyat baxışları ilə toqquşur. Əslində, Cahangir də məhəllə qanunlarının mahiyyətinin fərqindədir, amma onun bu yazılmamış qaydaları qırmaq cəsarəti yoxdur. Və o, özlüyündə bunu hətta təbii qəbul edir. 
 Bəli, ilk dəfə idi ki, ekrandakı qəhrəmanlar “bizə oxşayır”, yaradıcılıq novatorluğu isə – düşüncə tərzində və bədii-estetik formasında qabarıq görünürdü. 
Yaradıcılığı müxtəlif mövzularla və janrlarla zəngin olan sənətkarın ekran hədəfi həmişə insandır. İnsanın yaşadığı cəmiyyətlə harmoniyaya can atması və bu yolda mövcud problemlərin həlli və mübarizəsi, insanlar arasında anlaşmalar və bu anlaşmaların sosial-psixoloji əsasları, ilk filmlərindən olan “Ən vacib müsahibə”dən tutmuş sonuncu filminə -- “İstanbul reysi”nə qədər yaradıcılıq tədqiqatlarının və axtarışların predmetləridir. 
Eldar Quliyev 1979-cu ildə öz miqyası ilə bizim istehsalat imkanlarımızdan xaric olan “Babək” filmini çəkir və bu film professionallıq səviyyəsinə görə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə “Babək” filmi 60-a yaxın ölkə tərəfindən satın alınmışdı.
Filmdə Azərbaycanın qəhrəman oğlu, görkəmli sərkərdə və xalq qəhrəmanı Babəkin azadlıq uğrunda apardığı mübarizə öz əksini tapmışdır. SSRİ Dövlət Kinematoqrafiya Komitəsi filmin yaradılması üçün 650 min, Azərbaycan isə 1 milyon rubl vəsait ayırmışdı. Filmə quruluş vermək öncə kinorejissor Həsən Seyidbəyliyə həvalə edilmışdi. Çünki bu rejissorun tarixi film çəkmək təcrübəsi var idi. Lakin filmin çəkiliş prosesi ondan alınaraq ­kinorejissor Eldar Quliyevə tapşırıldı. 
 Rejissor filmin çəkilişləri barədə deyir: “Babək” filminin çəkilişləri Naxçıvanda aparılırdı. Çəkilişlər üzüm yığımı vaxtına təsadüf etdiyindən kütləvi səhnələrə yerli əhali də cəlb olunurdu. Bunun üçün isə Naxçıvan rəhbərliyinin yardımı vacib idi. Ancaq rəhbərlik üzüm yığımı ilə əlaqədar camaatı tam səfərbər edə bilmirdi. Belə bir məqamda Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev işə qarışır. O, Naxçıvan rəhbərliyinə tapşırıq verir ki, "Babək" filmi üçün lazım olan şərait yaradılsın, hətta "eybi yox, Naxçıvan bu il üzümü az yığsa da olar" deyir. 
Filmin Bəzz qalası çəkilişləri Naxçıvanla Culfa arasında olan məkanda çəkildi. Filmdə görünən o möhtəşəm Bəzz qalası dekorasiya idi. Çəkiliş vaxtı yalnız Azərbaycanda deyil, Gürcüstanda, Daşkənddə, Moskvada 16 fabrik bu film üçün 1500 dəstdən artıq paltar tikmişdi. Zavodların əksəriyyəti yaradıcı qrupa təmənnasız olaraq qılınc, qalxan və digər silahları hazırlayaraq bağışlamışdı. Beş mindən artıq adam çəkilişlərdə iştirak edirdi. Moskvadan "Mosfilm"in "Kavaler polku"ndan 170 atlı gətirmişdilər. Film 1-ci kateqoriyaya daxil edildi. "Babək"in bir il ərzində 35 milyon tamaşaçısı oldu”. 
Babək rolunda Xalq artisti Rasim Balayev çəkilmişdir. 
“Babək” filmi haqqında yazılmış resenziyalardan birində deyildiyi kimi: “Filmin emosional təsir gücü tamaşaçını heyrətləndirməklə yanaşı, həm də təəccübləndirir. Bir çox kadrlar, demək olar ki, Babəkin azadlıq ideyasına, insan sevgisinə köklənib. Lakonik, məntiqli dialoq və monoloqların cəmində, dövr hadisələrinin mahiyyətini cilalayan kadrların sferasında Babəkin ideyası, həyat amalı hiss olunur, diktə edilir. Babək obrazı ssenariyə uyğun olaraq tematik şəkildə yalnız tarixi qəhrəman kimi bütləşdirilməyib. Eyni zamanda, o, kasıb, əliyalın, acınacaqlı durumda olan insanların yanında olan, onların halına yanan, dərdinə şərik çıxan, xilas yolu axtaran cəmiyyətin bir üzvü, xalqın qəhrəman oğlu kimi xarakterizə edilib.” 
Bunlarla yanaşı, Eldar Quliyev “Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Sevinc buxtası”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”, ”İstanbul reysi”, "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib.
Həmçinin, o, bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur.
Professional Kinorejissorlar Gildiyasının yaradıcılarından olan Eldar Quliyev indiyədək onun prezidentidir. O, həmişə audiovizual əsər müəlliflərinin – həmkarlarının hüquqlarının qorunması sahəsində prinsipiallıq göstərmiş və hüquqların bərpası sahəsində öz gücünü əsirgəməmişdir. 
Eldar Quliyev və onun yaradıcılığı Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib və o, Dövlət mükafatı laureatı, Xalq artisti fəxri adlarına layiq görülmüş, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuşdur. Onun filmləri neçə-neçə beynəlxalq festivallarda, kino günlərində Azərbaycan kinosunu layiqincə təmsil edərək, ölkəmizə uğurlar gətirmiş və mükafatlar qazandırmışdır. Öz həmkarları və dostları arasında böyük nüfuza və hörmətə malik olan, həmişə yaradıcılıq axtarışlarında olan, milli kinematoqrafın inkişafında fəal iştirak edən kinorejissoru 80 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona həyatda və sənətdə yeni-yeni uğurlar arzulayırıq. 

 

M.MÜKƏRRƏMOĞLU,  
“Xalq qəzeti”

19 Yanvar 2021 00:58 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə