Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ICESCO–Azərbaycan əlaqələri yeni mərhələdə

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədə olmuşdur. Nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə səfəri yüksək qiymətləndirilməlidir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, tarixi-mədəni abidələrimizin düşmən tərəfindən dağıdılması hər zaman ICESCO-nun diqqətində olub. Azərbaycan hökuməti və Azərbaycan xalqı bu dəstəyi unutmayacaq. Nümayəndə heyəti işğaldan azad olunmuş bölgələrə səfəri zamanı orada olan dağıntıları öz gözləri ilə gördü. Onlar bir daha şahid oldular ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri əməllər insanlığa qarşı cinayətdir. Yəqin ki, ICESCO və onun rəhbərliyi bu faktları görəndən sonra bununla bağlı hesabat hazırlayacaq və üzv dövlətlərə təqdim edəcək.

Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə elan olunmuş “Nizami Gəncəvi ili” ICESCO-da da qeyd olunacaq. Artıq qurumun baş direktoru ilə bununla bağlı razılıq əldə edilib. Əlamətdar il çərçivəsində ICESCO-da tədbirlər keçiriləcək və bu, dahi şairimizin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq.
Bu səfərin bir nəticəsi də ondan ibarətdir ki, il ərzində Azərbaycanda ICESCO-nun regional mərkəzi yaradılacaq. Bir çox ölkələri əhatə edəcək regional mərkəzin əsas məqsədi ICESCO-nun böyük bir regionda təbliğini həyata keçirməkdir. Əminik ki, bu regional mərkəz həm Azərbaycan ilə ICESCO arasında, həm də region ölkələri arasında əlaqələrin inkişafına töhfə verəcək. Baş direktor regional mərkəzin harada yerləşəcəyi barədə səfərin yekunları ilə bağlı ADA Universitetində keçirilən mətbuat konfransında məlumat verdi: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ICESCO-nun regional mərkəzinin açılması təşəbbüsünü irəli sürdü. Azərbaycanda açılacaq regional mərkəz yeni baxışları izhar edəcək. Şuşada normal infrastruktur olacağı zamanda, əlbəttə ki, mərkəz orada da yerləşdirilə bilər. Bilirsiniz ki, hər il ICESCO tərəfindən 3 şəhər mədəniyyət paytaxtı elan edilir. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə layihələr hazırlanacaq”.
Baş direktor ADA Universitetində keçirilən mətbuat konfransında onu da bildirdi ki, Azərbaycan dost və qonaqpərvər ölkədir. Azərbaycana yalnız dəstək və onun qələbəsini qeyd etmək üçün deyil, həm də ölkəmizin işğaldan azad olunmuş torpaqlarında olanları görmək üçün səfər etmişəm. Hər zaman deyilir ki, görmək inanmaqdır. Biz səfərimiz zamanı əsrlərlə mövcud olan Azərbaycan mədəni irsinin məhv edildiyini gördük. Törədilən əməllər insanlığa qarşı cinayətdir. Biz Füzuliyə səfər etdik, burada kitabxanalar, məktəblər, nəşriyyat evi, qəbiristanlıqlar, hətta yollar belə dağıdılıb. Ağdama səfərimizdə biz yalnız məhv edilmiş binaların divarlarının qalıqlarına şahid olduq. Məscid, muzey, teatr binasına getdik. Bu abidələrin yalnız divarları qalıb. Bütün bunları törədənlər əməllərinə görə cavab verməlidir. İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan mədəni irsini məhv edənlər məsuliyyətə cəlb olunmalıdır.
Baş direktor mühüm bir məqamı da diqqətə çatdırdı. Biz təklif etmişik ki, Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun. Yaxın günlərdə bu barədə yekun qərar elan ediləcək. Lakin regional mərkəzin də müəyyən vaxtdan sonra Şuşaya köçürülməsi baş tuta bilər.
Səfərin bir nəticəsi də ondan ibarət oldu ki, ICESCO-nun texniki missiyası tezliklə Azərbaycana səfər edəcək. Texniki missiyanın hesabatı işğaldan azad olunmuş ərazilərdəki dağıntılarla bağlı ən doğru qiymətləndirmə olacaq. ICESCO nümayəndə heyəti qayıtdıqdan sonra komanda təşkil ediləcək. Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. 
ICESCO-nun nümayədə heyətinin ölkəmizə səfəri mühüm hadisə idi. İnanırıq ki, bu səfərin nəticəsində dünya Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olacaq.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

19 Yanvar 2021 00:54 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə