Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya azərbaycanlılarının bir bayraq altında fəaliyyəti prioritet vəzifəmizdir

Yola saldığmız 2020- ci il bir sıra hadisələrlə – həm kədərli, həm də sevincli günlərlə yaddaşlarda qaldı. Ötən ilin sonlarnda Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun Ermənistan silahlı qüvvələrini darmadağın etməsi və düşmənin 30 illik hegemonluğuna son qoyaraq, diz çökdürməsi bütün qəmli-qüssəli, kədərli günlərimizi birdəfəlik yuyub apardı. Azərbaycan XXI əsrdə Zəfər paradı keçiriən ilk və yeganə dövlət kimi dünya tarixinə düşdü. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə imzaladıqları üçtərəfli bəyanat 44 günlük müharibənin ölkəmizin qələbəsi ilə başa çatdığını dünyaya bəyan etdi. Həmin bəyanatın imzalanmasından bir ay sonra – dekabrın 10-da Bakıda Azadlıq meydanında Zəfər paradının keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ən müasir silah-sursatla təmin olunduğunu, xalqımızın cəsarətini, qəhrəmanlığını, dövlət başçımızın polad iradəsini dünyaya nümayiş etdirdi. 

Ümumiyyətlə, 2020-ci il COVID-19, işğalçı Ermənistanın Tovuz təxribatı və Vətən müharibəsi kimi hadisələrlə bir sınaq ili oldu. Dövlət başçımızın qətiyyəti, Prezident-xalq birliyi sayəsində ölkəmiz, insanlarımız bu sınaqlardan alnıaçıq çıxdı. Bütün dünyada pandemiya ilə bağlı müəyyən məhdudiyyətlərin olmasına baxmayaraq, müxtəlif ölkələrdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi terror aktları, barbarlığını əks etdirən mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Diaspor təşkilatları tərəfindən 2020-ci il fevralın 22-də Almaniyanın paytaxtı Berlində Ümumavropa Qarabağ mitinqi keçirilib. 17 dildə səsləndirilən “Qarabağ Azərbaycandır!”, “Biz terrora yox deyirik!”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandırın!”, “Qarabağ haqqımızdır!”... kimi şüarlarla beynəlxalq ictimaiyyətə çağırışlar edilib. Berlin mitinqində 30 ölkədən 1300-dən çox soydaşımız, eləcə də dost xalqların diaspor nümayəndələri iştirak ediblər. Ümumilikdə, ötən il ərzində diaspor təşkilatları tərəfindən bu mövzuda 567 tədbir keçirilib.
Ötən il acı xatirələrlə də yadda qalacaq. 2020- ci ilin əvvəlindən dünyanın başı üzərini almış koronavirus kabusu Azərbaycandan da yan keçmədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparıldı və pandemiyadan ən az zərər çəkən ölkələr sırasına qoşuldu. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir və Azərbaycan dünyada nümunəvi dövlət kimi göstərilir. Ölkəmiz milli səviyyədə əldə etdiyi nailiyyətlərin davamı kimi, qlobal səviyyədə gedən prosesləri də yaxından dəstəkləyir . 
Prezident İlham Əliyevin təşəbbüsü ilə çox qısa bir vaxt kəsimində, yəni, ötən il aprelin 10-da və mayın 4-də iki mötəbər qurumun --Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkətının onlayn zirvə görüşləri keçirildi. Bütün bunlar ölkəmiz tərəfindən qlobal həmrəyliyə, əməkdaşlığa verilən töhfələrdir. Zirvə görüşləri koronavirusa qarşı mübarizədə beynəlxalq birliyə və həmrəyliyə mühüm töhfə oldu. Dövlət başçısının qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxışı da bundan xəbər verir. Bu da diplomatiyamızın növbəti uğuru idi. 
Qürurverici haldır ki, dövlətimizin başçısının bu təklifi yekdilliklə qəbul edildi və 130- dan çox ölkə tərəfindən dəstəkləndi. Bu təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edirdi. Xüsusi sessiya keçirildi və həmin tədbirdə dövlət başçımızın çıxışı böyük maraqla dinlənildi. Bu, ölkəmizin dünya birliyində artan nüfuzunun göstəricisidir. Bu fakt bir daha təsdiqlədi ki, artıq dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycana inam və etimadı artmaqdadır. Postsovet dövlətləri arasında Azərbaycanın dünya birliyində belə yüksəkliyə qalxması və beynəlxalq ictimaiyyətin inamını qazanması düzgün müəyyənləşdirilmiş siyasi kursun bariz nümunəsidir. Dövlət başçımızın təşəbbüsü ilə Azərbaycanın pandemiyadan daha çox zərər çəkən 30- dan artıq ölkəyə humanitar yardım göstərməsi və Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə etməsi də beynəlxalq aləmdə yüksək dəyərləndirilir.
 Diasporla İş üzrə Dövlət Komitəsi dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən tədbirləri rəhbər tutaraq ilk gündən koronavirusa qarşı mübarizədə fəallıq göstərib. 
COVID-19-un yayılması ilə bağlı dövlət komitəsi tərəfindən bir sıra silsilə tədbirlər həyata keçirilib. İlk növbədə, koronavirus ilə bağlı informasiyalar yayıldıqdan dərhal sonra komitə əməkdaşlarının maarifləndirilməsinə və virusa yoluxma hallarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərə başlanılıb. 
2020-ci il martın əvvəlindən etibarən azərbaycanlıların koordinasiya şuraları, Azərbaycan evləri, diaspor təşkilatları və fərdi şəxslər vasitəsilə xaricdə yaşayan soydaşlarımızla bağlı mütəmadi olaraq informasiyalar əldə edilib, onlara maarifləndirici tövsiyələr verilib və bütün mümkün vasitələrlə həmvətənlərimizə mənəvi dəstək olmağa çalışmışıq. Soydaşlarımızla bağlı mütəmadi informasiyalar əldə edilib. Daxil olan informasiyalar müvafiq təsnif və araşdırmalardan sonra problemlərin həlli istiqamətində müəyyən addımlar atılıb. 
Bizim müraciətimiz əsasında Macarıstan, Polşa, Türkiyə, Gürcüstan, Almaniyanın Berlin və Köln şəhərlərində, Ukrayna, İspaniya Krallığı, Estoniya və Avstriyada fəaliyyət göstərən 10 Azərbaycan evi, dünyanın 26 ölkəsini əhatə edən və 121 diaspor təşkilatını özündə birləşdirən 12 Koordinasiya Şurası və bu şuralarda təmsil olunan bir sıra diaspor təşkilatları, eləcə də diaspor fəalları qərargah və “Qaynar xətt” yaradaraq, soydaşlarımıza müraciət edib bütün mümkün köməyə hazır olduqlarını bildirdilər. Bəzi soydaşlarımız isə sosial şəbəkələr vasitəsilə müraciətlər edərək öz köməklərini təklif edir, hətta mənzillərində neçə nəfəri yerləşdirə biləcəklərini də bildirirdilər. Müxtəlif ölkələrdəki iş adamları da həmvətənlərimizə təmənnasız dəstək göstəriblər. 
Ötən ilin 5 ayı ərzində xaricdə yaşayan həmvətənlərimizdən müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, azərbaycanlıların koordinasiya şuralarının, diaspor üzvlərinin ünvanlarına fərdi olaraq, ümumilikdə, 6 minə yaxın müraciət daxil olub. Müraciətlər İtaliya, Türkiyə, Almaniya, Fransa, Niderland Krallığı, Polşa, İsveç, İsveçrə, Birləşmiş Krallıq, Avstriya, Avstraliya, Rusiya da daxil olmaqla, 51 ölkəni əhatə edib. Bunlardan 31 nəfəri konsulluq məsələləri , 2500-dən çox şəxs maddi yardımla , 3500- yaxın şəxs təxliyyə ilə bağlı müraciət edib. Eyni zamanda, bu müddət ərzində Diasporla İş üzrə Dövlət Komitəsinə 18 minə yaxın zəng daxil olub. Ümumilikdə dövlət komitəsinə 51 ölkədən daxil olmuş müraciətlərə, eləcə də XİN, səfirliklər tərəfindən edilmiş müraciətlərə əsasən, 33 ölkə üzrə 7 minə yaxın şəxsə maddi yardım edilib. Bundan əlavə, COVID-19 pandemiyası ilə bağlı Vətənə dönə bilməyən 22 nəfər azərbaycanlı 6 mart -12 may 2020-ci il tarixlərində Belarusda , 75 nəfər soydaşımız Birləşmiş Ərəb Əmirliklərində, 261 nəfər həmyerlimiz Rusiya–Azərbaycan sərhədində – Dərbənddə qidalanma da daxil olmaqla, otellə təmin olunublar. 
COVID-19 pandemiyası dövründə ötən ilin iyulunadək dünyanın 50- dək ölkəsindən 500-dən çox soydaşımızın qatıldığı 45 videokonfrans təşkil olunub. O cümlədən “Beyin qazanma”, “Liderliyin inkişafı”, “Azərbaycan qadın diaspor şəbəkəsi”, “E-akademiya” adlı proqramlar virtual şəkildə davam etdirilib. Türkiyə Respublikasında müvafiq sənədləri olmadan yaşayan soydaşlarımızın sayının dəqiqləşdirilməsi və şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi məqsədilə işçi qrupu yaradılıb və onların elektron qeydiyyatı üçün müvafiq qurumlarla birlikdə, xüsusi sistem hazırlanıb. Artıq, ilkin olaraq, xeyli soydaşımıza müvəqqəti yaşamaq izni verən müvafiq sənəd – “İnsanı vəsiqə” verilib. Bu istiqamətdə işlər davam etdirilir. 
İşğalçı Ermənistan ordusunun sərhədboyu ərazilərdə törətdiyi təxribatlar, dinc əhalini ağır artilleriya atəşinə tutması və insanları qətlə yetirməsi, o cümlədən yaşayış məntəqələrini yerlə-yeksan etməsi barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində də mühüm əhəmiyyətli işlər görülüb. Ötən ilin iyulunda Tovuz rayonu istiqamətində dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi ilk gündən başlayaraq, soydaşlarımızla əlaqələri intensivləşdirilib və diplomatik korpuslarımızın nümayəndələri ilə əlaqələri gücləndirib. Bu barədə dünya azərbaycanlılarına olunan müraciətdə aksiyalar təşkil olunması, ermənilərin törətdiyi vəhşiliklər haqqında bütün foto-video faktları www.diaspora.support ünvanına, ölkəmizin yaxınlıqdakı diplomatik nümayəndəliyinə, azərbaycanlıların koordinasiya şuralarına, həmçinin xaricdəki Azərbaycan evlərinə yönləndirilməsi bildirilib. 
İcazəli aksiyaların şüar, baner, Dövlət bayrağı, şəhidlərimizin şəkilləri və digər əyani vəsaitlərlə təminatına müvafiq dəstək göstərilib. Bununla yanaşı, Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə keçirilən icazəli aksiyaların sosial şəbəkə vasitəsilə canlı yayımı təmin edilib. Yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış aksiyaların keçirilmə yeri barədə əvvəlcədən yerli və xarici KİV-ə, həmçinin televiziyalara informasiyalar verilib. İşğalçı Ermənistan ordusunun təxribatı ilə əlaqədar dövlət komitəsi müvafiq bəyanatla çıxış edib. Bəyanatda ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında iştirak edən soydaşlarımıza təşəkkür edilib. Həmvətənlərimizi ehtiyatlı olmağa, ermənilərin təxribatçı hərəkətlərindən özlərini qorumağa, heç bir təxribata uymamağa çağırılıb. 
Tovuz təxribatları və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı həqiqətləri əks etdirən ingilis, rus və fransız dillərində minlərlə məktub hazırlanaraq Azərbaycan diaspor könüllüləri, xaricdə və Azərbaycanda yaşayan gənclər vasitəsilə dünyanın aparıcı siyasətçilərinə və ABŞ konqresmenlərinə göndərilib. Bütün bunların vasitəsilə erməni vəhşiliyi, işğalçı ölkənin “böyük Ermənistan” iddiasından əl çəkməməsi və bu məqsədlə daha geniş əraziləri işğal etmək xülyasında olmasından xəbər verilirdi. Lakin Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin fateh sərkərdəliyi və qəhrəman ordumuzun cəsarəti nəticəsində təcavüzkar ölkənin çirkin niyyəti ürəyində qaldı. 
Sentyabrın 27- də Ermənistan ordusunun başladığı müharibə düşmənə baha başa gəldi. Azərbaycan Silahlı Qüvvələrinin ək- hücumlarına təcavüzkarlar cəmi 44 gün davam gətirə bildilər. Ermənistanın 30 illik işğalına son qoyaraq ,ərazi bütövlüyünü təmin edən Azərbayan Ordusu son 200 illik tarixinin ən şərəfli səhifəsini yazdı. 44 gün davam edən Vətən müharibəsi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin polad iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində şanlı Qələbə ilə başa çatdı. 
Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya məcbur edildi, ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Məğlubiyyət bəyanatının Ermənistan tərəfindən imzalanması isə sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqi oldu. Dünyanın ən reytinqli təşkilatlarının, o cümlədən münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş  ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 il müddətində icra edə bilmədiklərini, Prezident İlham Əliyev 44 gün ərzində həll etdi. Dövlətimizin başçısı bir daha bəyan etdi ki, münaqişənin hərbi-siyasi yolla həlli var imiş: “Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut etdi. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın...” 
Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük Qələbənin sevincini hələ də yaşayır. Fateh sərkərdə İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəman ordumuzun 30 illik işğala son qoyaraq, torpaqlarımızı azad etməsi dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Eyni zamanda, haqq işi uğrunda apardığımız mübarizənin nəticəsi olan bu Qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi.
Azərbaycan Ordusu özünün möhtəşəm Qələbəsi ilə dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Bu, son 17 ildə Prezident İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin məntiqi nəticəsidir. Bütün dünya şahidi oldu ki, Ermənistanın “məğlubedilməz ordusu” barədə deyilənlər uydurma imiş. 
Vətən müharibəsi dövründə bizim komitə də mühüm əhəmiyyətli tədbirlər keçirərək dövlətimizin başçısına öz dəstəyini nümayiş etdirdi. Möhtərəm Prezidentimizin xalqımıza 2020-ci il 27 sentyabr tarixli müraciətindən dərhal sonra noyabrın 10-dək diaspor təşkilatlarımıza və xaricdə yaşayan həmvətənlərimizə komitə tərəfindən beş dəfə – 27 sentyabr, 4 oktyabr, 21 oktyabr, 7 noyabr və 10 noyabr tarixlərində müraciət ünvanlanmışdır. Mövcud vəziyyətlə əlaqədar olaraq çevik fəaliyyətin təşkil edilməsi məqsədilə həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən “Qaynar xətt” istifadəyə verilmiş, növbəlilik prinsipinə əsaslanan işçi qrup yaradılmış və tədbirlər planı hazırlanmışdır.
Komitənin müraciətindən sonra 2020-ci il noyabrın əvvəlinə kimi müxtəlif ölkələrin prezidentlərinə, rəsmi şəxslərinə (nazir, kansler, ombudsman), Xarici İşlər nazirliklərinə, yerli idarəetmə orqanlarına, BMT Təhlükəsizlik Şurasına, NATO, ATƏT, Qırmızı Xaç və digər beynəlxalq təşkilatlara bəyanat, məktub və müraciətlər ünvanlanmışdır. Ötən il noyabrın 10-dək 46 ölkədə fəaliyyət göstərən, o cümlədən 26 ölkəni əhatə edən 12 Koordinasiya Şurasında təmsil olunan 126 təşkilat da daxil olmaqla, 265 diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar tərəfindən 23 dildə 383 bəyanat (müraciət) qəbul edilərək müxtəlif ölkələrin prezidentləri, parlament üzvləri, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlara göndərilmişdir. O cümlədən, Avropa Parlamentinin üzvlərinə 775 bəyanat, müxtəlif ölkələrin 641 nəfər parlament üzvlərinə isə bəyanat və müraciətlər birbaşa göndərilmişdir. 
Müxtəlif ölkələrdə fəaliyyət göstərən koordinasiya şuraları tərəfindən dünyanın aparıcı şəxsləri, beynəlxalq media nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatları, ayrı-ayrı ölkələrin parlamentləri və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın təxribatları, işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında elektron poçt vasitəsi ilə müxtəlif dillərdə ətraflı məlumatları özündə əks etdirən 4 700 məktub göndərilmişdir.
Azərbaycan Diaspor Qadınları Şəbəkəsinin 30 nəfərə yaxın üzvü Ermənistanın ölkəmizə qarşı törətdiyi 27 sentyabr 2020-ci il tarixli genişmiqyaslı hərbi təxribatları ilə bağlı erməni əsgər analarına müraciət ünvanlamışdır. O cümlədən, şəbəkənin və proqramın bəyanatları elektron poçt vasitəsiə 58 dövlət başçısına, 44 beynəlxalq təşkilata və 5 minə yaxın vəzifəli şəxsə göndərilmişdir.
2020-ci il sentyabrın 30 – dək komitədə Azərbaycanda yaşayan icma rəhbərləri və nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə “İndian Assosieyşn Azərbaycan” İctimai Birliyi, Azərbaycanın Gürcü İcması, Azərbaycanın Ukrayna Konqresi, Azərbaycanın Rus İcması, “Poloniya – Azərbaycan Polşa İcması” İctimai Birliyi, Pakistan Diasporu, Azərbaycanda yaşayan Axıska Türkləri, Dünya Axıska Türkləri Birliyi, Alman-Azərbaycan Cəmiyyəti, “Vaa Lʼhatzolas Nichei Yisroel” Yəhudi Humanitar Təşkilatı, Azərbaycan -- Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin rəhbərləri iştirak etmişlər. Tədbirdə icma rəhbərləri və nümayəndələri BMT-yə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara, beynəlxalq hüquq normalarına hörmətlə yanaşan bütün dövlətlərə ünvanlanan birgə bəyanat imzalamışlar.
Komitə tərəfindən bu tədbirlər davam etdirilmiş və oktyabrın 2- də Azərbaycan elmini xarici ölkələrdə təmsil edən ictimai xadimlərlə görüş keçirilmişdir. Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatırılmasında alimlərin, ictimai xadimlərin rolundan söhbət açılmış, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmışdır. Ümumilikdə, bu məsələ ilə əlaqədar 36 xarici ölkədə 200- yaxın tədbir keçirilmiş, bunlardan 111-i yürüş-mitinq xarakterli tədbirlər olmuşdur.
Noyabrın 2- də komitəmizin sədri cənab Fuad Muradov “Ukraina-24” telekanalının xəbərlər proqramına – “Ermənistanın işğalçılıq siyasəti, bu ölkənin ordusunun Azərbaycanın mülki şəxslərini qətlə yetirməsi, Silahlı Qüvvələrimizin uğurlu əks-həmləsi”, həmin ayın 15-də “TV Berlin” telekanalına – “Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı son hərbi təxribatları”, 1 6- da “Sputnik Azərbaycan”a – “Diasporumuzun hazırkı mərhələdə gördüyü işlər” və 27- də yenidən “Ukraina-24” telekanalının xəbərlər proqramına “Ermənistanın işğalçılıq siyasəti, bu ölkənin ordusunun Azərbaycanın mülki şəxslərini qətlə yetirməsi, humanitar atəşkəs haqqında razılaşmalara riayət etməməsi” mövzularında müsahibələr vermişdir. 
Ümumilikdə, 27 sentyabr – 10 noyabr tarixlərində dünyanın 60 ölkəsindən minlərlə soydaşımızın qatıldığı 300-dən çox videokonfrans təşkil olunmuşdur. Komitə və diaspor nümayəndələri tərəfindən ölkəmizlə bağlı həqiqətləri əks etdirən 355 məqalə hazırlanaraq 43 ölkənin müxtəlif qəzet və saytlarında 26 dildə ictimaiyyətə təqdim edilmişdir. Bundan əlavə, həmin vaxt ərzində dövlət komitəsinin əməkdaşlıq etdiyi jurnalist və ziyalılardan ibarət qrup üzvləri tərəfindən ölkəmizlə yanaşı, həmçinin dünyanın sayılıb-seçilən 14 ölkəsinin müxtəlif KİV-də 40-dan çox məqalə dərc edilmişdir. 
Soydaşlarımız Paris, Nant, Lion, Hannover, Tuluz, Montoban, Rotterdam, Utrext, Varşava, Haaqa, Cenevrə, Toronto, Monreal-Kvebek, Viktoriya, Sidney, Okland, Nyu-York, Boston, Vaşinqton, Dallas, Çikaqo, Ohayo, Hyuston, Texas, Mayami, Yuta, Velinqton və digər şəhərlərdə küçələrdə, dayanacaqlarda və ümumilikdə insanların daha sıx olduğu yerlərdə müxtəlif dillərdə hazırlanmış, müxtəlif tərtibatlı 100-ə yaxın –“Dağlıq Qarabağda erməni təcavüzünə son!”, “Qarabağ Azərbaycandır!”, “İşğal olunmuş əraziləri azad edin!”, “Azərbaycan ədalət tələb edir!” və “Ermənistanın təcavüzünü dayandırın!” kimi şüar, afışa və posterlər yerləşdirmişdir.
Həmçinin avtomobillərin üzərində elektron lövhələrin yayımlanması məqsədi ilə, animasiya və videoroliklər hazırlanmışdır. Üzərində ölkəmizin ədalətli mövqeyini ifadə edən şüarlar olan avtomobillərin Boston, Vaşinqton, Nyu-York, Çikaqo, Stokholm, Berlin, Ontario, Ottava, Toronto, Monreal-Kvebek, London, Riqa, Sidney, Brisben kimi müxtəlif şəhərlərdə hərəkəti təmin edilmiş, ayrı-ayrı ölkələrdə reklam lövhələrində “Karabakh is Azerbaijan!” şüarları işıqlandırılmışdır.
Bu müddət ərzində Azərbaycan Diasporuna Dəstək Fondu da yorulmaz fəaliyyət göstərmişdir. Belə ki, 2 oktyabr 2020-ci il tarixdə Macar--Turan Fondunda Qarabağın Azərbaycana tarixi bağlılığını əks etdirən elmi məqalə çap edilmişdir. Macarıstandakı müxtəlif dövlət qurumlarına real vəziyyəti əks etdirən ümumi məktubların göndərilməsi təmin edilmişdir. Oktyabrın 6- da Litva Azərbaycanlı Gənclər Təşkilatı Litva Respublikasının Prezidentinə, Xarici işlər nazirinə, Litva Seyminin spikerinə bəyanat ünvanlamışdır. Litva Respublikası rəsmi olaraq Azərbaycan və Ermənistan arasında baş verən hərbi əməliyyatlarla bağlı mövqe bildirməməsinə baxmayaraq , tələbələrin müraciətləri Litva Parlamentinin üzvləri tərəfindən cavablandırılmışdır. Litva mediasının isə münaqişəyə qərəzli mövqe nümayiş etdirməsinə baxmayaraq, azərbaycanlı tələbə və gənclərin fikirlərinin Lietuvos Rytas, LRT kimi aparıcı mətbuat orqanlarında dərc edilməsi təmin olunmuşdur.
Noyabrın 9-da Estoniyada Azərbaycan evində Azərbaycan Dövlət Bayrağı Günü və Azərbaycan ərazilərinin işğaldan azad olunması münasibəti ilə keçirilən tədbirin , həmin gün Macarıstanın Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan evində Şuşa şəhərinin, eləcə də digər şəhər və kəndlərimizin işğaldan azad edilməsi ilə əlaqədar görüşün keçirilməsi maraqla qarşılanmışdır. 
Fondun dəstəyi ilə AFR Boxum Ruhr Universitetinin professoru, hüquq elmləri doktoru Hans-Yoaxim Hayntsenin müəllifi olduğu “BMT Təhlükəsizlik Şurasının Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı 1993-cü il qətnamələri və beynəlxalq qurumların digər hüquqi sənədlərinə dair “Hüquqi Rəy. Humanitar ölçü” adlı kitab nəşr olunmuşdur. Bu kitabda da Ermənistanın işğalçı siyasət ifşa olunmuşdur. 
Noyabrın 10- da hazırlanmış “Ali Baş Komandanım” adlı video- çarxı fateh sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun işğal altında olan tarixi torpaqlarımızı azad etməsinə və xalıqmıza Qələbə sevinci yaşatmasına həsr olunub. 
Göründüyü kimi, işğalçı Ermənistanın sentyabrın 27-də başladığı müharibənin səbəbləri, qəhrəman ordumuzun haqq işi uğrunda apardığı müharibədə qazandığı tarixi Qələbə ilə əlaqədar dünya ictimaiyyəti tərəfimizdən mütəmadi olaraq məlumatlandırılmışdır. Prezident İlham Əliyevin ötən ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrikində xaricdə yaşayan soydaşlarımızın Vətən müharibəsində cəsarətli fəaliyyətini yüksək qiymətləndirməsi, eyni zamanda, bizim fəaliyyətimizə verdiyi ən böyük qiymətdir: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”.

 

Valeh HACIYEV,
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini

19 Yanvar 2021 00:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə