Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentinin Şuşaya səfəri Qarabağın əsl sahibinin kimliyini bir daha dünyaya göstərdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş digər rayon və şəhərlərimizə olduğu kimi, yanvarın 14-də Şuşaya səfəri də Ali Baş Komandanın qəlbindəki sonsuz Vətən sevgisinin və xalqa olan dərin bağlılığının daha bir təcəssümüdür. Dövlət başçısının yanvarın 11-də keçirilmiş üçtərəfli Moskva görüşündən sonra birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Azərbaycanın mədəniyyət paytaxtı elan etdiyi Şuşaya səfər etməsi Qarabağın əsl sahibinin kimliyini bütün dünyaya anladan növbəti mesaj oldu.

30 il Azərbaycan ərazilərini işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul olmuşdular. Lakin möhtərəm Prezidentimizin işğaldan azad edilmiş torpaqlarla bağlı çıxışlarında qeyd etdiyi kimi, erməni vandalları ötən dövrdə bu torpaqlarda daş üstə bir daş da qoymamış, bütün tikililəri, əmlakı qarət edib hər yeri viranəyə çevirmişlər. Uzun illər boyunca xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılmış, talan edilmişdir. Çünki bu yerlərin onlara aid olmadığını və gec-tez torpaqlarımızdan qovulacaqlarını yaxşı bilirdilər. 
Əlbəttə, torpağın əsl sahibi belə etmir-- yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələcəyini təmin etmək üçün quruculuq işləri görür. Prezident İlham Əliyevin Şuşa şəhərinə səfərindən öncə Əhmədbəyli-- Füzuli--Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli--Şuşa yolunun, Füzuli rayonunda isə hava limanının təməllərini qoyması torpağa əsl sahibliyin parlaq nümunəsidir. Bu yolun çəkilişi nə qədər çətin olsa da, Qarabağın əsl sahibi olan xalqımız bu işi ən qısa müddətdə və ən yüksək səviyyədə həyata keçirəcək. 
Möhtərəm Prezidentimiz İlham Əliyev dedi ki, Füzuli--Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına da yeni yol çəkiləcək.
Budur torpağın əsl sahibinin yanaşma tərzi! Dövlətimizin başçısı, sadəcə, yol çəkilişi, infrastruktur layihələrinin icrası barədə göstərişlər verməklə kifayətlənmir. Ən xırda məqamlar, ən kiçik incəliklər belə Prezident İlham Əliyevin diqqətindən yayınmır.
Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsilə başa çatmasından cəmi 2 aydan bir az vaxt keçməsinə baxmayaraq, artıq torpaqlarımıza Böyük qayıdış başlayıb və möhtəşəm quruculuq işlərinə, o cümlədən ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. 
Böyük qürur doğuran önəmli məqamlardan biri də budur ki, Şuşanın işğalı zamanı, bu şəhərin məşhur yetirmələri, Azərbaycan tarixinin görkəmli simaları olan Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı erməni vandalları tərəfindən güllələnmiş və sonradan ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Bakıya gətirilmiş tunc büstləri də artıq Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri də artıq reallığa çevrilib.
Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə bütün Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmışdır. Bunlardan ən önəmlisi odur ki, Azərbaycan xalqı artıq öz torpaqlarına qayıdıb və bu qayıdış əbədidir. Bu reallıqla barışmaq istəməyən, hələ də tarixin təkərini geri döndərmək kimi boş ümidlərindən əl çəkməyən ünsürlərə isə ən gözəl cavabı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müqəddəs üçrəngli bayrağımızı qaldırdığı Şuşa şəhərində etdiyi çıxışlarında vermişdir.
Dövlətimizin başçısı Şuşada qarafikirli, bədniyyətli düşmənə bir daha xəbərdarlıq etdi: “Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar. Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik.” “Əgər kimsə revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Azərbaycanın dəmir yumruğu düşmənin belini qırıb, lazım olarsa, bir daha qırar.”
Möhtərəm Prezidentimizin dediyi kimi, Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

 

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı

 

19 Yanvar 2021 00:52 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə