Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mediamız çağdaş dövrün tələbləri ilə ayaqlaşmağa çalışmalıdır

Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdə media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) hüquqi varisi olan yeni qurum KİVDF-nin bütün hüquqlarına sahib olacaq.
Son vaxtlar Prezident İlham Əliyevin müdrik liderliyi ilə Azərbaycanda hərtərəfli islahatlar gedir. Hesab edirəm ki, media sahəsində aparılan islahatlar ölkəmizdəki ümumi islahatların tərkib hissəsidir. Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti medianın inkişafına hər cür dəstək verir və bundan sonra da bu istiqamətdə lazımi tədbirləri həyata keçirməyi planlaşdırır.  
Mən uzun illər mətbuatda çalışan bir təcrübəli jurnalist kimi dövlətimizin başçısının media sahəsində atdığı növbəti addımı tamamilə dəstəkləyirəm. Həqiqətən, ölkəmizdə KİV  sahəsində islahatların aparılmasına zərurət yaranmışdı. Bu zərurəti media işçiləri də, oxucular da hiss edirdilər. Buna görə də dövlətin media ilə bağlı təşəbbüsü hamının ürəyindən oldu.
Mətbuat cəmiyyətdə dördüncü hakimiyyət sayılır. Bu gün ölkəmiz təkcə regionun, bütün dünyanın sayılıb-seçilən qüdrətli dövlətlərindən birinə çevrilib. Azərbaycan mediası çağdaş dövrün tələbləri səviyyəsinə yüksəlməlidir. Biz öz səriştə və intellektimizlə dünyanın ən yaxşı media ölkələrindən biri olmağa çalışmalıyıq və buna borcluyuq. Nəzərə alaq ki, dövlətimizə və xalqımıza qarşı hər cür böhtanlar atan ermənilərin çox sayda lobbi təşkilatları qlobal mediaya güclü təsir imkanlarına malikdir. Biz, Azərbaycan jurnalistləri dünya mətbuatına çıxaraq erməni şovinizmini ifşa etməliyik. Bu, bizim həm peşə, həm də vətəndaşlıq borcumuzdur.    
Azərbaycanın tərəqqisi və intibahı üçün mətbuatımız çox iş görməlidir. Mediamız, təəssüf ki, onun qarşısında duran vəzifələrə adekvat cavab verə bilmir. Hər şey göz qabağındadır. Xüsusilə internet jurnalistikasında  aşkar bir nizamsızlıq yaranıb. Bu, ağır fəsadlara gətirib çıxarır. Nəticədə, cəmiyyət yalan informasiyalar  ilə yüklənir. Azərbaycan mediasının əsas vəzifəsi cəmiyyəti obyektiv və peşəkar şəkildə məlumatlandırmaqdır. Jurnalistin cəmiyyətin inkişafına mane olan nöqsanları tənqid etməsi vacibdir, lakin tənqid konstruktiv olmalıdır, təhqir və şantaj yolverilməzdir. 
Ümid edirəm ki, ölkə mediasının inkişafı naminə yaradılan yeni qurum jurnalistlərin peşəkarlığının artırılması istiqamətində də lazımi tədbirlər görəcək. Jurnalistlərin status məsələsinə aydınlıq gətirilməsi ilə bağlı təklifləri dəstəkləyirəm. O biri tərəfdən KİV mənsubları  öz peşəkar fəaliyyətləri və məsuliyyətli davranışları ilə cəmiyyətdə daha çox nüfuz qazanmağa çalışmalıdır. 
Mən bir əsrdən çox yaşı olan Quba rayonunda nəşr olunan “Şəfəq” qəzetinə rəhbərlik edirəm. Rayon rəhbərliyi, ziyalılar qəzetimizə əllərindən gələn dəstəyi göstərməyə çalışırlar. Son illər əksər  rayon qəzetlərinin maliyyə çətinlikləri var. Ümid edirəm ki, qarşıdakı illər ərzində bölgə mətbuatına da diqqət və qayğı artacaq.

 

Qəhrəman QASIMOV,
Qubada çıxan “Şəfəq” qəzetinin redaktoru, Əməkdar jurnalist

19 Yanvar 2021 00:52 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə