Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatlar Azərbaycan mediasının səviyyəsinin yüksəlməsinə xidmət edir

Azərbaycanda artıq bir neçə ildir ki, Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə islahatlar həyata keçirilir. Bu proses ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının, demək olar ki, bütün sahələrini əhatə edir. Kadr islahatları, hakimiyyət orqanlarında gəncləşmə siyasəti də artıq öz bəhrələrini verməkdədir. Korrupsiyaya qarşı genişmiqyaslı mübarizə yüz minlərlə insanımızın yaşayışına birbaşa müsbət təsir göstərməkdədir. Prezident İlham Əliyevin yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanla media sahəsində islahatlara start verildi. 

Mən keçmiş mətbuat və nəşriyyat işçisi kimi hesab edirəm ki, dövlət başçısının bu fərmanı Azərbaycanda medianın səviyyəsinin qaldırılmasını hədəfləyir. Fərman çox vaxtında imzalanıb və mətbuat sahəsində illərdən bəri həllini gözləyən problemlərin nizamlanmasına kömək edəcək. 
Əlbəttə, Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin “Əkinçi”sindən başlayaraq, 150 ilədək tarixi yol keçib. XIX əsrin sonları-XX əsrin əvvəllərində milli mediamız Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Üzeyir bəy Hacıbəyli və digərləri kimi böyük mütəfəkkirlər yetirib, tariximizə “Əkinçi”nin ardıcılları olan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus”, “Kaspi”, “Molla Nəsrəddin” və digər nəşrləri bəxş edib. Bütün sovet dövrü ərzində də Azərbaycan mətbuatı inkişafdan qalmamış, sovet xalqları ailəsində layiqli yerini tutmağı bacarmışdır. 
Elə respublikamızın müstəqillik qazandığı ilk illərdə də mətbuatımız ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi yolunda qətiyyətlə mübarizə aparmışdır. Bu illərdə həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Təbii ki, bu istiqamətdə xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi xidmətlərini unutmaq olmaz. Məhz ulu öndərin, sonrakı illərdə isə Prezident İlham Əliyevin diqqəti nəticəsində mətbuatımız kifayət qədər inkişaf etmiş, bu istiqamətdə lazımi dövlət qayğısı ilə əhatə olunmuşdur. 
Prezidentin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanında deyilir: “Ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır. Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır”.
Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılmasını qərara almışdır. Agentliyin Nizamnaməsi təsdiq olunmuş, icraçı direktoru təyin edilmişdir.
Fərmanda göstərilir ki, agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 (altı) üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək. Təşkilatın fəaliyyətinə cari rəhbərliyi isə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi icraçı direktor həyata keçirəcək. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.
Bütövlükdə, Prezidentin medianın inkişafına hesablanmış fərmanını uğurlu addım kimi qiymətləndiririk. İnanırıq ki, media sahəsindəki islahatlar da müsbət nəticə verəcək, mətbuatımızın keyfiyyətcə yeni mərhələyə qalxmasına, qarşıda duran problemlərin həllinə kömək edəcək. 

 

Hacı Mehman FƏRZULLAYEV

19 Yanvar 2021 00:51 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə