Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşa–mədəniyyətimizin paytaxtı

Prezident İlham Əliyev 17 ildir ki, Azərbaycanın Prezidentidir. Bu illər ərzində yetişən insanlar 30 ildən bəri işğal altında inləyən torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhmət payı var. Xüsusilə Şuşanın işğaldan azad edilməsi ordumuzun böyük peşəkarlığından və tükənməz milli ruhundan xəbər verir. Şuşa – mədəniyyətimizin paytaxtı elan edildi. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Şuşaya səfər etdilər. Bu parlaq qələbəmizin əsas nişanələrindən biri kimi dəyərləndirilməlidir. Bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirdi. 

Deputat qeyd etdi ki, Şuşa Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Heç də təsadüfi deyildir ki, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastr, 2 qəsr və 72 mühüm sənət və tarixi abidələrdən ibarət bütün məkan adları azərbaycanlıların adı ilə bağlı, əhalisi yarandığı dövrdən etibarən ancaq azərbaycanlılardan ibarət olan və dövlətimizin böyük səyi nəticəsində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin ilkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna sahib olan Şuşa şəhəri bu gün öz dirçəlişinə mədəniyyət paytaxtı kimi başlamışdır. 
Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi onun mədəni həyatını qısa müddətdə bərpa edəcəkdir. Həmçinin bu, beynəlxalq əhəmiyyətli tədbirlərin burada keçiriləcəyi anlamına gəlir. Öz növbəsində bu da Qarabağın bütün mədəniyyət nümunələrinin dirçəldilməsinə və dünyaya bir daha “Qarabağ Azərbaycandır!” şüarını çatdırmağa imkan verəcəkdir. Bunun üçün, ilk növbədə, erməni vandalizmi nəticəsində zərər dəymiş abidələr tezliklə öz tarixi simasına qovuşmalı, poeziya günləri və “Xarı bülbül” festivalı bərpa olunmalı, işğaldan azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılmalıdır. Bu cür tədbirlər Şuşanın timsalında Azərbaycanı bütün regionun mədəniyyət brendinə çevirməli və Azərbaycanın mədəniyyət siyasətinə öz töhvəsini verməlidir. Ali Baş Komandan Şuşada bildirdi ki, bu şəhəri Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq. Dövlətimizin başçısı qeyd etdi ki, indi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.
M. Əfəndiyev bildirdi ki, ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə dünya forumları, UNESCO ilə mədəni əməkdaşlıq, beynəlxalq konvensiyaların ölkəmizdə icrası, Azərbaycan muğamının, xalçaçılıq və zərgərlik sənətinin və mətbəxinin tanıdılmasında göstərilən səylər əsrlərdən bəri dünyanın mədəni irsinə töhfəsini vermiş xalqımızın bu gün də konsensusa, mədəni münasibətlərə göstərdiyi diqqətin nümunəsidir. Əminik ki, bundan sonra da mövcud ənənəmiz davam etdiriləcək və mötəbər tədbirlərin əsas ünvanlarından biri kimi, məhz Şuşamız olacaq!

 

Anar TURAN, “Xalq qəzeti”

19 Yanvar 2021 00:49 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə