Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Münxendən başlayan Zəfər”

Qarabağla, Qarabağ münaqişəsi ilə bağlı çox kitab yazılıb, həqiqətləri bilmək üçün çox əsərin oxucusu olmuşuq. Saxtalaşdırılmış erməni yazılarına elmi əsaslarla, faktlarla, haqlı mübarizəni əks etdirən real, canlı çağırışlarla cavab verən son ayların bir kitabı bu gün ictimaiyyətin diqqətini xüsusilə cəlb etdi. Bu, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Məlahət İbrahimqızının elmi araşdırmaları, stenoqramlar, aktlar, xəritələr, Qarabağ və Qarabağ münaqişəsinin gerçək tarixi, onun mahiyyəti haqqında obyektiv və tam doğru təsəvvürləri aşkara çıxaran “Münxendən başlayan Zəfər“ kitabıdır. Müəllif kitabı Azərbaycan Respublikasının ərazi bütövlüyünü və Vətən torpaqlarımızın müdafiəsi uğrunda canından və həyatından keçmiş əziz şəhidlərimizin xatirəsinə ithaf edib. 

Kitabın redaktoru və siyasi məsləhətçisi, siyasi elmlər doktoru, professor Əli Əhmədovdur. Nəşrin əsas mövzusu 15 fevral 2020-ci il tarixdə Almaniyada keçirilmiş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair paneldə “ Mən buraya həqiqətləri söyləməyə gəlmişəm “ -- fikrini bəyan edən Prezident İlham Əliyevin çıxışındaki hər bir məsələnin arxasında beynəlxalq təşkilatlar tərəfindən problem barədə qəbul olunmuş hüquqi sənədlərlə və dünya ictimaiyyətinə yönələn 10 milyonluq Azərbaycan xalqının haqq səsinin bütün mahiyyətini əks etdirir. Paneldəki diskusiyanın stenoqramı olduğu kimi kitabda öz əksini tapır. Moderatorun Prezident İlham Əliyevə “Hazırkı tarixi məqamda daha vacib olan nədir? Beynəlxalq ictimaiyyət prosesi irəliyə doğru aparmaq və münaqişənin sizin üçün ən məqbul və sülh yolu ilə həlli üçün nə edə bilər ? -- sualına möhtərəm Prezidentin birdəfəlik nöqtə qoyulan cavabı: “ Beynəlxalq ictimaiyyətin nə etməli olduğu məsələsinə gəlincə, düşünürəm ki, ən vacib olan odur ki, beynəlxalq ictimaiyyətdən danışan zaman, əsasən, ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini nəzərdə tuturuq. Onlar, nəhayət Ermənistan tərəfinə çox aydın şəkildə izah edilməlidir ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil ! Heç kim bu qeyri - qanuni qurumu tanımır. Bu birincisidir. İkincisi, düşünürəm ki, Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə bağlı beynəlxalq təzyiq daha çox Ermənistana göstərilməlidir. Çünki BMT Təhlükəsizlik Şurasından daha yuxarı olan beynəlxalq orqanlar yoxdur. Onlar 4 qətnamə qəbul ediblər. Onları yoxlamaq çox asandır. Mütəxəssislərə onların nömrələri məlumdur. Onlar nə deyir: “ Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyri-şərtsiz çıxarılmalıdır. Təkcə Dağlıq Qarabağ işğal edilməyib. Həmçinin onun ətrafındakı 7 rayon da işğal olunub. Bu, həmin 7 rayondur ki, ermənilər heç vaxt orada yaşamayıb. Dağlıq Qarabağ və qədim şəhərimiz olan Şuşadan bütün azərbaycanlılar etnik təmizlənməyə məruz qalıb. Ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər. Onlar hazırda bütün işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər. Sonra onlar deyirlər ki, biz bu reallıqlarla razılaşmalıyıq. Ona görə də beynəlxalq ictimaiyyət izah etməlidir ki, Dağlıq Qarabağ Azərbaycandır. İkincisi, təcavüzkara ciddi təyziq göstərilməlidir ki, dayansın”. 
Bu danışqlar münaqişənin yol xəritəsidir. Müəllif siyasi baxışlarında xəritənin vacib arqumentlərini, Prezident İlham Əliyevin Azərbaycanın danışıqlar prossesinə sadiq olduğunu, ərazi bütövlüyünün danışıqlar yolu ilə bərpa edilməsinə, nəticə olmasa, seçimin nəzərdən keçirilməyini qarşıda duran əsas məsələ olacağını diqqətə çatdırır. 
Müəllif “Erməni xisləti”, “Erməni yalanının Münxendə ifşası”, “Ermənistanda Azərbaycan türklərinin silinməz izləri”, “Tarixi ədalətsizlik: deportasiya, etnik təmizləmə və soyqırım” başlığı ilə böyük araşdırmalar apardığı, tarixi faktlarla erməniləşdirmə siyasətinin, erməni terrorozminin xronologiyasını yazmaqla, onları ifşa edir. Məsələyə faktlarla yanaşaraq, hər bir oxucusda tarixi yaddaşı yaşatmaq prinsipi böyük əhəmiyyətə malikdir. Müəllif Azərbaycana aid XVIII – XX əsr xəritələrini də kitabında əks etdirməklə, Azərbaycanın əraziləri haqqında əyani təsəvvür yaradır, tarixin zamanlarında sərhədlərin bölünməsi vəziyyətini göstərə bilir. Diqqət çəkən məqamlardan biri də Azərbaycan Kommunist Partiyası MK rəhbərləri haqqında verilən məlumatlar, erməni bolşevik kommunistlər olan Levon Mirzoyan, Ruben Rubenov və başqalarının Azərbaycana rəhbərlik etdiyi dövrlərlə oxucusunu tanış etməkdir. Belə məlumatlar gənc nəslin və siyasətlə çox maraqlanan insanlar üçün yeni faktlar kimi maraqla qarşılanır. 
Bu kitabı oxuyarkən hər birimizə tarixi həqiqətləri öyrənməklə bərabər, erməni millətçilərinin XIX – XX əsrlərdə uydurduqları saxta erməni tarixinin ifşa edildiyini sübut edən sənədlərlə də tanış oluruq. Bundan başqa ötən iki yüz ildə bölgədə baş verən tarixi proseslərdə erməni ideoloqlarının məqsədli və məkrli planlarının aşkar olunmasına, yalan və uydurmaların ifşasına, tarixi gerçəklərin bərqərar olunmasına aid məlumatlar da lakonik, aydın şəkildə bizi məlumatlandırır. 1978-ci ildə Ağdərədə ermənilərin 1828-ci ildə İrandan Azərbaycan torpaqlarına köçürülmələrinin 150 illiyi münasibəti ilə qoyduqları, üzərində ermənicə “Marağa – 150 il ” yazılmış abidənin fotosu kitabın sonluğu kimi dəyərli epiloq rolunu oynayır.
Münxendən başlanan zəfər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə 27 sentyabr tarixindən başlanan 44 günlük Vətən müharibəsi dövründə müzəffər ordumuzun rəşadəti nəticəsində 30 illik həsrətə son qoydu, erməni terrorçularının işğalı altında olan torpaqlarımız azad olundu, xalqımız 8 noyabr – Şuşanın azad olunması gününü -- Zəfər Günü kimi qeyd etdi.
Bu gün qədim, tarixi torpaqlarımıza -- doğma ocaqlarına qayıdacaq günü səbirsizliklə gözləyən insanlar haqq və ədalətin Qələbəsinin sevincini yaşayır, möhtərəm Prezidentin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsini fəxr və qürurla qarşılayırlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün tarixi abidələrimiz, evlərimiz bərpa ediləcək, şəhərlərimiz, qəsəbə və kəndlərimiz azad, xöşbəxt həyatına başlayacaq. 
Prezident İlham Əliyev şanlı Qələbə ilə Azərbaycanın ərazi bütovlüyünü bərpa etməklə “Qarabağ Azərbaycandır !” qətiyyətini və Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bir daha sübuta yetirdi və bütövləşmiş ölkəmizin dünyada tanınmasına nail oldu.
Müəllif mövzunun tarixi əhəmiyyətini və mahiyyətini oxucuya daha dəqiq çatdırmaq üçün dünyanın nüfuzlu universitetlərinin tədqiqatçı alimlərinin, Azərbaycan, erməni tarixi mənbələrinin, statistik, etnoqrafik, toponimlərə əsaslanan ensiklopediyaların, Qarabağla əlaqədar siyasi, iqtisadi, mədəni, sosioloji məlumatlarla zəngin ədəbiyyatlardan istifadə etmişdir.

 

Vüsalə FƏTƏLİYEVA, 
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şuşa Rayon Qadınlar Şurasının sədri 

 

19 Yanvar 2021 00:46 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə