Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzuli beynəlxalq hava limanı xarici investisiyanın cəlb edilməsinə mühüm təsir göstərəcək

İşğaldan azad edilmiş torpaqları dirçəltmək üçün, ilk növbədə, yollar çəkilməli və paralel olaraq digər zəruri infrastruktur yaradılmalıdır. Hazırda bu məqsədlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur. Yolun qrafikdə nəzərdə tutulan vaxtdan tez istifadəyə verilməsi planlaşdırılır. 
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu il yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun təməli qoyulub.

Digər önəmli layihə isə Toğanalı-Kəlbəcər yoludur. Qeyd edək ki, keçdiyi  ərazinin  relyefi  çətin  olduğundan  bu yolun tikintisi asan deyil, 3500 metr hündürlükdə yerləşən yolun qış aylarında çəkilməsi daha çətindir. Buna baxmayaraq, layihənin icrası ləngimir. Xatırladaq ki, magistral yolun çəkilişi, həmçinin dağların altından tunellərin tikintisini də zəruri edir.
Bununla bərabər, Horadizdən Zəngilana, oradan Qubadlıya və sonra Laçına qədər yolun çəkilişi işlərinə də hazırlıq görülür. Qeyd edək ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol da Laçın rayonuna qədər davam etdiriləcək. Beləliklə, hər iki tərəfdən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Şuşa, Füzuli, Cəbrayıl rayonlarına rahat şəkildə getmək mümkün olacaq.  
Dövlətimizin başçısı cari ilin yekunlarına həsr olunan müşavirədə, həmçinin dəmir yollarının tikintisi ilə bağlı da göstərişlər verib. Buna görə də Horadiz–Füzuli və bundan sonra Füzuli–Şuşa dəmir yolunun tikintisi  nəzərdə tutulub. Bununla yanaşı, Horadiz-Ağbənd dəmir yolu  da ermənilər tərəfindən dağıdıldığı üçün yenidən tikiləcəyi qərara alınıb.  
Naxçıvan yolunun açılması üçün də tədbirlər görülür. Bu dəhliz ölkəmizlə bərabər, bütün regiona geniş imkanlar açacaq və gələcəkdə  region ölkələri arasında iqtisadi  əməkdaşlığı  genişləndirəcək. Həmin yoldan Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, həmçinin İran istifadə edəcək. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də lazımi işlər görüləcək.
İşğaldan azad olunan ərazilərdə avtomobil yollarının çəkilişi ilə bərabər, hava nəqliyyatının da yaradılması nəzərdə tutulur. Bu məqsədlə Preziden İlham Əliyev tərəfindən yanvarın 14-də Füzuli rayonunda beynəlxalq hava limanının  təməli qoyulub. Bu ərazilərdə beynəlxalq hava limanlarının tikintisi, ilk növbədə, turizmin inkişafını sürətləndirəcək.  
Milli Məclisin deputatı Vüqar Bayramov Füzuli rayonunda beynəlxalq hava limanının  təməlinin qoyulması ilə bağlı deyib: 
– Füzulidə beynəlxalq hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi işğaldan azad edilən ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur. Hava limanı  bu torpaqlara xarici turistlərin gəlməsi üçün yeni imkanlar yaradacaq.
Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərini görmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur: “Füzulidə hava limanının tikilməsi turistlərin daha sərfəli və qısa yolla birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilmələrinə imkan verəcək. Bu, eyni zamanda,  o torpaqlarda salınan yaşayış məntəqələrimizə gələcək turistlərin sayına müsbət təsir göstərəcək. Həmçinin hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı, həm də həmin torpaqlarda istehsal olunacaq sənaye məhsullarının dünya bazarlarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından da vacibdir.
Füzulidə formalaşacaq infrastruktur, eyni zamanda, Azərbaycanın Qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizinin bir elementinə çevriləcək: “Bu dəhliz isə “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizinə inteqrasiya olunacaq. Bu isə Füzuli hava limanının əhəmiyyətini daha da artıracaq. 
Hava limanının inşası xarici investisiyanın cəlb edilməsi baxımdan da mühüm önəm daşıyır. Bu da son nəticədə Qarabağımıza daha çox sərmayənin yönəldilməsi deməkdir”.   

 

V.BAYRAMOV,  “Xalq qəzeti”

19 Yanvar 2021 00:43 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə