Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan əsgəri Şuşada əbədi tarix yazmışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltmışdır. 

Mən televiziyadan bu barədə geniş reportajı böyük maraqla izlədim, bu zaman qəlbim, ürəyim çox sevindi, özümü azad, şanlı bir ölkənin xoşbəxt vətəndaşı hiss etdim və bundan sonsuz qürur duydum. 
Biz hazırda, həqiqətən tariximizin çox şərəfli günlərini yaşayırıq.  Bu, sözlə ifadə olunması çətin olan böyük xoşbəxtliyi bizə Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, xalqımızın igid əsgər və zabitləri bəxş etmişdir.   
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında dedi: “Əziz hərbçilər, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir”.
Dövlətimizin başçısı sonra fəxrlə vurğuladı ki, o, Şuşaya Qələbə yolu ilə gəlmişdir. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad ediblər, Şuşa şəhərinə yaxınlaşıblar, Daşaltı kəndini azad ediblər və ondan sonra Şuşanı işğalçılardan azad ediblər. Bu, böyük və şanlı qəhrəmanlıq salnaməsidir! 
Şuşa Zəfəri Azərbaycan xalqının tarixində əbədi yaşayacaq. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, biz bu müharibəni şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Mən bir Azərbaycan vətəndaşı, ziyalı olaraq şəhidlərin hər birinin  müqəddəs ruhu qarşısında ehtiramla baş əyirəm, qazilərimizə uca Allahdan tezliklə sağalmalarını diləyirəm. 
Şuşanın Azərbaycan xalqının mədəniyyət tarixində və mənəviyyatında xüsusi yeri vardır. Erməni vandalları Şuşadakı tarixi, mədəni abidələrimizi dağıtmış, ev muzeylərini qarət etmişlər. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. 
Dövlətimizin başçısının bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Əminəm ki, ən yaxın aylar, illər ərzində Şuşa tamamilə yenidən qurulacaq, yenidən olduqca gözəl bir məkana çevriləcək.  

 

Anar AĞAYEV, 
Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru

19 Yanvar 2021 00:43 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə